Vüqar Oruc: “İnşaat materialları bazarında bahalaşma davam edəcək”
“VECON CONSULTING” Qiymətləndirmə şirkətinin direktoru və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı ekspert Vüqar Orucun müsahibəsi
– Vüqar bəy, bir müddət öncə proqnoz vermişdiniz ki, Azərbaycanda tikinti materialları bahalaşacaq. Bu ehtimalınız doğruldu. Əmlak bazarı ilə bağlı növbəti proqnozlarınız nədən ibarətdir?
– İlk növbədə onu qeyd edim ki, inşaat materiallarının bahalaşacağı ilə bağlı proqnozumuz həmin dövrdə baş verən hadisələrlə bağlı idi. 44 günlük müharibədə tarixi Zəfər əldə etdikdən sonra bütün dünyanın diqqəti Azərbaycana yönəldi. Qarabağın 30 illik həsrətinə son qoyuldu və qarşıda azad olunan ərazilərin bərpası kimi tarixi bir missiya dayanırdı. Necə ki, cənab Prezident İlham Əliyev müharibə dövründə və ondan sonra dəfələrlə bəyan edirdi ki, biz bu torpaqları bərpa edəcək, o ərazilərə yenidən həyat verəcəyik. Bu təsadüfi bir bəyanat deyildi. Çünki düşmən işğal dövründə həmin əraziləri xarabalığa çevirib və daşı daş üstündə qoymayıb. Qarabağın inşası istiqamətində gözlənilən investisiya yatırımları ölkədə iqtisadi artıma zəmin yaradırdı. Bu xüsusda heç şübhəsiz tikinti materiallarının bahalaşması da gözlənilən idi və bizim o zamankı ehtimallarımız əsasən bundan qaynaqlanırdı. Təbii ki, mövcud şəraitdə bahalaşmanı şərtləndirən digər amillər də mövcuddur. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, bu səbəbdən idxalın əvvəlki dövrlərlə müqayisədə azalması tikinti materialları bazarında tələbin təklifi üstələməsi ilə müşaiyət olunur.
Post-pandemiya dövründə baş verən iqtisadi aktivlik də bu məsələyə təsirsiz ötüşmür. Xüsusən şənlik mərasimlərinə icazə verilməsi, nikahların artması və bu xüsuda həyət evlərinə tələbatın çoxalması inşaat bazarında tələbi artıran faktor rolunda çıxış edir. Bu o cümlədən daşınmaz əmlak bazarında da aktivliyə səbəb olub. Hesab edirəm ki, bu proses davam edəcək. Enerji daşıyıcılarının qiymətlərində baş verən artımlar, bu səbəbdən milli valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsi, Ukrayna böhranı və Rusiyaya qarşı sanksiyalar fonunda həmvətənlərimizin bəzilərinin geri qayıtması və digər səbəblər inşaat bazarında növbəti bahalaşmanı qaçılmaz edəcək. Bu mənada qimyətlərin azalacağı ilə bağlı nikbin proqnozlar səsləndirə bilmərik. Əlavə edim ki, qeyd etdiyim bu amillər kirayə bazarında da qiymətləri əhəmiyyətli dərəcədə artırıb və bu proses davam edəcək. Bu təkcə Azərbaycanda yox, bütün dünyada baş verir. Məlumdur ki, kapitalist iqtisadi sistemi müəyyən dövrlərdə böhrana məruz qalır və hazırda bunun yeni əlamətləri tam çılpaqlığı ilə ortadadır.
– Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması qərarı əmlak bazarına necə təsir göstərəcək?
– Qarabağın işğaldan azad olması ilə keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması məsələsi də gündəmə gəldi. Hesab edirəm ki, bunun üçün mərhələli və uzunmüddətli bir proqram hazırlanıb işlənməlidir. Çünki azad olunan ərazilərin minalardan təmizlənməsi, həmin ərazilərdə yaşayış infrastrukturun yaradılması və ardınca yaşayış evlərinin inşası həyata keçirilməlidir. Bir daha qeyd etmək istəyirəm ki, düşmən oranı elə bir xarabalığa çevirib ki, həmin ərazilərə yenidən həyat qayıtması üçün uzun müddət lazımdır. Bu mənada dövlət proqramlarının işlək mexanizmə gətirilməsi, keçmiş məcburi köçkünlərin torpaqlarına geri dönməsi ilə paralel olaraq onlara məxsus olan daşınmaz əmlakların satışa çıxarılması məsələsi də öz həllini tapmalıdır. Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması qərarına gəldikdə isə, məlumdur ki, Azərbaycan hökuməti məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atıb və bu binaların inşasına müharibədən əvvəl başlanılıb. Burada söhbət məcburi köçkünlər üçün inşa edilmiş yeni binalardan gedir.
Bütün hallarda belə bir qərarın verilməsi daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Nəzərə alanda ki, Azərbaycan hökuməti aztəminatlı və xüsusən gənc ailələr üçün sosial mənzillərin inşasını davam etdirir, bu mənzillərin də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən sosial ehtiyacı olan vətəndaşlara təqdim olunması təqdirəlayiq bir adımdır. Sözsüz ki, bu qərar aztəminatlı ailələrin bu binalardan mənzil almasını əlçatan edəcək. Dövlət sifarişi ilə tikilən binalarda ümumi xərclərin az olması, torpaq sahələrinin dövlət tərəfindən ayrılması və nəticə etibarilə həmin binalarda mənzillərin maya və bazar dəyərinin digər mənzillərdən daha ucuz olması mühüm məqamdır. Buna görə də, həmin mənzillər daha aşağı qiymətə təklif olunacaq. Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq.
– Qərbin Rusiyaya qarşı sanksiyaları region üçün yeni mənzərə yaradır. Hətta rəsmi səviyyədə etiraf olunub ki, Azərbaycanda da qiymət artımları qaçılmazdır. Bu barədə nə deyə bilərsiniz?
– Bir məqamı unutmaq lazım deyil ki, dünya iqtisadiyyatı inteqrasiya olunmuş iqtisadiyyatdır. Yəni, elə bir dövlət yoxdur ki, öz iqtisadiyyatını dünya iqtisadiyyatından təcrid etsin. Bu münasibətlər hər hansı bir dövrdə, hər hansı bir şəraitdə müharibələr və sanksiyalarla zərbə görürsə, bu tək həmin dövlətlərin özlərinə yox, iqtisadi münasibətdə olduqları digər ölkələrin iqtisadi vəziyyətinə də təsirsiz ötüşmür. Rusiya və Ukraynanın Azərbaycanın əsas iqtisadi tərəfdaşlarıdır. Bu baxımdan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəmizin də mənafeyinə uyğun deyil. Təsadüfi deyil ki, bir sıra istehlak məhsullarının qıtlığı və qiymətlərdə baş verən bahalaşmalar qeyd etdiyim ki, həm də bu səbəbdən qaynaqlanır. Xüsusən inşaat materialları, dəftərxana ləvazimatları, taxıl məhsulları, un məmulatları, qida sektoru, əmlak bazarı və digər sahələr bundan daha çox təsirlənib.
Bütün bunlar deməyə əsas verir ki, xarici təlatümləri nəzərə alaraq, nəhayət daxili istehsalın gücləndirilməsi barədə ciddi düşünməliyik. İqtisadi baxımdan həm milli, həm də sərhəd baxımından yaxın dövlətlərlə inteqrasiyaya gedilməsi, xarici investorların ölkəmizə cəlbi istiqamətində səylər artırılmalıdır. İqtisadiyyatımızın mühüm bir hissəsinin Rusiya ilə bağlanması gələcəkdə bizim üçün risklər yaradır. Bu gün də gec deyil və Azərbaycan üzünü Avropaya çevirməlidir. Digər yandan Rusiya region dövlətlərinə təzyiq siyasətini davam etdirir və vaxtaşırı olaraq Azərbaycanı həm də ixrac məhsulları ilə təhdid edir. Bütün hallarda Azərbaycanın regionda və dünyada əsas tətəfdaşı Türkiyə ilə iqtisadi münasibətlərimizi dərinləşdirilməli, qardaş dövlətlə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda aqrar sektorun və sənaye müəssisələrinin inkişafına xüsusi önəm verməliyik. Hazırda bu istiqamətdə Azərbaycan hökuməti ciddi addımlar atır və bu daha da sürətləndirilməlidir.
– Ötən il rəhbəri olduğunuz partiya kollektiv şəkildə hakim partiyaya qoşulmaq qərarını verdi. YAP-ın post-qurultay dövründəki fəaliyyəti partiyanın yeni üzvü kimi sizi qane edirmi?
– Rəhbəri olduğum Milli Qurtuluş Partiyası hakim partiyaya kollektiv şəkildə qoşulmaqla bağlı qərar verərkən bəyan etmişdik ki, bizim bu addımımızın əsas səbəbi partiya sədrinin yürütdüyü siyasətlə bağlıdır. Məhz partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi, tarixi həsrətimizə son qoyulması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun artması, ölkəboyu həyata keçirilən kompleks və intusional islahatlar bizi belə bir qərar verməyə motivasiya etdi. Hesab etdik ki, cənab İlham Əliyevin Milli Qurtuluş Partiyasının apardığı siyasi kursa uyğun fəaliyyəti, strateji məqsədlərimizə çatması ayrı-ayrılıqda deyil, birgə fəaliyyəti zəruri edir. Cənab Prezident də o zaman bizim bu qərarımızı alşıqladı və ötən il keçirilən növbədənkənar qurultayda çıxışı zamanı YAP-ın həyatında bizi fəal iştiraka səslədi. Bu gün o fikirdəyik ki, Cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən məntiqli və praqmatik siyasət ölkəmizin qarşısında yeni imkanlar açır və ya qərarımızı bu gün də doğru sayırıq.
Hesab edirəm ki, YAP-ın ciddi təşkilatlanmağa və dərin islahatlara ehtiyac var. Yəqin ki, partiyamızın adminstrativ rəhbərliyi də bu barədə düşünür və bu məsələ onların da diqqət mərkəzindədir. Heç kəsə sirr deyil ki, uzun müddət YAP-ın rəhbər heyətində kommunist təfəkkürlü, müasir idarəçilikdən kənar şəxslər təmsil olunublar. Son qurultaydan sonra partiyada bu istiqamətdə köklü dəyişikliklər baş verdi. Yaxşı olardı ki, partiyada qurultay dövründə başladılan və cənab sədrimizin də söylədiyi kimi, əsası qurultayda qoyulan bu siyasət bundan sonra da davam etdirilsin. Partiyamızın yüzminlərlə üzvü var və bu ölkə vətəndaşlarının 10 faizi hakim partiyada təmsil olunur. Onların partiyamızın siyasi həyatında yaxından iştiraka cəlb edilməsi, YAP-ın islahatçı sistemin ruhuna uyğun olaraq siyasət yürütməsi dövrün tələbidir.
O ki qaldı qoşulmadan sonra partiyadakı fəaliyyətimizə, hazırda həm mən, həm keçmiş Milli Qurtuluş Partiyasının üzvləri YAP-da sıravi üzv kimi təmsil olunuruq. Bu qərarı verərkən siyasi fəaliyyətdən bir qədər kənardaydım və iqtisadi sahədə çalışırdım. Uzun müddət siyasi fəaliyyətlə məşğul olan, müxtəlif siyasi birliklərin formalaşmasında yaxından iştirak edən bir şəxs olaraq bu gün aktiv siyasi fəaliyyətdən kənardayam.