Cümə , 29 Mart 2024
Drone Cameras

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqladı

“İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova bildirib.

O, buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına zəruri ehtiyac olduğunu vurğulayıb: “Hazırda dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən çox geniş istifadə edilir. “Vaksin” sözü fransızca “vacca – inək” deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirmişdir. 1798-ci ildə Cenner ilk dəfə olaraq insanları təbii çiçək xəstəliyindən qorumaq məqsədilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Vaksinlər – müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji bir hazırlıqdır. Vaksinlər, ümumiyyətlə, xəstəlik törədən patogenlərə bənzəyən agentdən – zəiflədilmiş və ya öldürülmüş patogenlərdən, onların toksinlərindən, yaxud səthi zülallarından hazırlanır. Belə agentlər infeksiya yolu ilə insan orqanizminə daxil edildikdə immun sistemi agenti təhlükə olaraq tanıyır və ona qarşı mübarizə aparır. Bunun nəticəsində anticismlər əmələ gəlir və adaptiv immunitet yaranır. Belə süni qazanılmış immunitet, hətta ömürlük ola bilər”.

İ.Hüseynova bildirib ki, hazırda vaksin antigenin təbiətindən asılı olaraq 3 növ vaksin hazırlamaq mümkündür: “Birincisi, bütöv hüceyrədən – zəiflədilmiş və ya öldürülmüş pathogendən ibarət olan vaksinlər (məsələn, virus xəstəlikləri olan sarı qızdırma, poliomielit, qızılca və s., bakterial xəstəliklər – tif, xolera və s.). İkincisi, toksoid vaksinlər. Məsələn, bəzi patogenlər (bakteriyalar) ekzotoksin ifraz edərək xəstəlik yaradır. Bunlara tetanoz, difteriya və s. daxildir. Belə xəstəliklərdən qorunmaq üçün toksoidlərdən istifadə edilir. Üçüncüsü, subvahid – patogenin xüsusi bir hissəsi antigen rolunu oynayan vaksinlər. Subvahid vaksinlər protein və polisaxarid əsaslı olur. Təhlükəsiz və effektiv vaksin dizayn etmək çox çətindir”.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, hər hansı dərman preparatı hazırlamaq 4 mərhələdən ibarət olmalıdır: “Birincisi, minimum 6 ay davam edən ilkin tədqiqat və skrininq mərhələsi; ikincisi, preklinik tədqiqatlar (1 aydan 1 ilə kimi davam edə bilir); üçüncüsü, klinik tədqiqatlar (bu mərhələ 4-7 il çəkir) və nəhayət, dərman preparatının təsdiq edilməsi və satışa buraxılması mərhələsidir (1-2 ilə qədər). Hazırda koronavirusa qarşı heç bir vaksin mövcud deyil, lakin dünyada bir neçə nüfuzlu təşkilat yeni koronavirusa qarşı vaksin hazırlamağa çalışır: Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CCDC), Şanxay Şərq Xəstəxanası, Honq Konq Universiteti və s. Hal-hazırda Epidemik Hazırlıq İnnovasiyası üzrə Norveç Koalisiyası (CEPI) koronavirusa qarşı üç vaksin layihəsini maliyyələşdirir və 2020-ci ilin iyun ayınadək vaksinin klinik tədqiqatlar mərhələsinə buraxılacağı gözlənilir. Eləcə də, ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) ümid edir ki, 2020-ci ilin aprel ayının sonuna qədər COVID-19-a qarşı vaksinin hazırlanmasının ilkin iki mərhələsi tamamlanacaq və klinik tədqiqatlara başlanılacaqdır”.

Check Also

“Bakı Kiyevə silah verir”yalanında Qərb izi

Müdafiə Sənayesi Nazirliyi erməni iftiralarını təkzib etdi, rəsmi Moskva isə “əsas odur ki, İrəvanın Ukraynaya …