Jurnalist-yazar Nigar İsmayılqızının ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axundovun əziz xatirəsinə həsr etdiyi “Savaşçı”(aprelin izi ilə…) kitabı oxuculara təqdim olunub.
Öncə məlumat verək ki, Nigar İsmayılqızı “Savaşçı”(aprelin izi ilə… ) kitabında şəhid Əbdülməcid Axundovun həyat hekayəsini qələmə alıb. Kitabda Ə.Axundovun Azərbaycan Milli Ordusunda xidmət etdiyi müddətdə göstərdiyi şücaətləri, mərdliyi, qorxmazlığı, vətənpərvərliyi yer alıb. Həmçinin, tanınmış yazarların, jurnalistlərin şəhid Ə.Axundov haqqında yazıları, anası Ceyran Axundova ilə müsahibələr də kitaba daxil edilib. “Savaşçı” kitabına şəhidimizin qısa, lakin şərəfli ömür yolu ilə bərabər həm də tariximizdə baş vermiş erməni fitnəkarlığı, Qarabağ savaşı haqqında tarixi materiallar da daxil edilib.
29 iyun tarixində Atatürk Mərkəzində baş tutan təqdimetmə mərasimində millət vəkilləri, şəhid Əbdülməcid Axundovun anası, orta məktəb və universitet müəllimləri, tanımış yazarlar, şairlər, rəssamlar, jurnalistlər iştirak edib. Aprel döyüşlərində canından keçmiş şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükut edilməsi ilə başlayan tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb.
R.Məcid aprel döyüşlərindən və həmin 4 günlük döyüşlərdə həlak olmuş şəhidlərimiz haqqında danışandan sonra tədbiri aparmaq üçün sözü yazıçı-dramaturq Elçin Hüseynbəyliyə verib.
Şəhid Əbdülməcid Axundova həsr edilmiş kitabın redaktoru olan Elçin Hüseynbəyli əvvəlcə kitabın ərsəyə gəlməsində xidməti keçən şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, Nigar İsmayılqızının həm bu kitabı, həm də bir müddət öncə təqdim etdiyi “Ölsəm yaşat…” sənədli filmi Əbdülməcid Axundovun timsalında Azərbaycanın bütün şəhidlərinə həsr edilib. Nasir onu da deyib ki, qarşıdakı aylarda həm Sumqayıt şəhərində, həm Ə.Axundovun təhsil aldığı məktəbdə və universitetdə kitabın geniş təqdimetmə mərasimləri keçiriləcək. Həmçinin, cəbhə bölgələrində təqdimatının keçirilməsi nəzərdə tutulan bir neçə kitab arasında “Savaşçı” da yer alacaq. E.Hüseynbəyli danışmaq üçün sözü Xalq rəssamı Arif Hüseynova verib.
Xalq rəssamı Arif Hüseynov “Ölsəm yaşat…” sənədli filmindən sonra belə bir kitabın ərsəyə gəlməsini çox yüksək qiymətləndirib. A.Hüseynov təklif edib ki, gələcəkdə şəhidlərə həsr edilmiş kitabxanalar fəaliyyət göstərsin. Şəhidlərlə bağlı xatirələr, həsr edilmiş kitablar həmin kitabxanalarda toplanaraq qorunsun, gələcək nəsillərə ötürülsün.
Sonra “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs çıxış edib. Q.Ağsəs Aprel döyüşlərindən, aprel ayını özəlləşdirən, müqəddəsləşdirən şəhidlərimizdən danışaraq onların müqəddəs ruhuna rəhmət oxuyub. O, qeyd edib ki, aprel döyüşlərində canından keçmiş şəhidlər bizləri Azərbaycan tarixini bir daha vərəqləməyə vadar etdi. Q.Ağsəs sonda inamla vurğulayıb ki, şəhidlərimizin qanının yerdə qoymayacaq şahidlərimiz var və bizi bu həsrətdən, dərddən həmin oğullarımız xilas edəcəklər.
Tədbirdə iştirak edən millət vəkili Aqil Abbas da həm şəhidlərimiz, həm də onlara həsr edilmiş kitablar barəsində də geniş danışıb: “Əvvəlcə jurnalist Nigar İsmayılqızına təşəkkür edirəm ki, belə bir işə imza atıb. Onu qeyd edim ki, Nigar təkcə bu işləri ilə sevilmir, o, həm də Azərbaycanı Türkiyədə ləyaqətli şəkildə təmsil etdyinə görə sevilir. Nigar bu kitab üçün Aprel döyüşləri ilə bağlı məndən də bir müsahibə alıb. Aprel döyüşləri bizim ölmüş ümidlərimizi dirçəltdi. Bəzi insanlar ruhdan düşmüşdülər, hərə bir cür söz danışırdı. Ancaq Aprel döyüşlərindən sonra məlum oldu ki, biz ölməyi bacardığımız kimi öldürməyi də bacarırıq. Aprel döyüşlərində mən də Ağdama getmişdim, çünki döyüşənin yanında adam olanda o daha da ürəklənir, arxalanır. Əsgərlərimiz görəndə ki, yazıçılar, ziyalılar onların yanına ön cəbhə xəttinə gəlir, o zaman daha ürəkli olurlar. Aprel döyüşləri hamını yenidən ümidləndirdi. Qaysaq bağlamış yaramızı qopartdı, başa saldı ki, bu yara qaysaq bağlamamalıdır, bu yaranı kökündən sağaltmaq lazımdır. Nigar xanım da həmin Aprel döyüşlərinə gözəl bir kitab həsr edib. Bu gün həm də İlham və Fərizənin toy günü idi və bu münasibətlə tədbir keçirildi. Həmin tədbirdə Aprel döyüşlərinin qəhrəmanları da iştirak edirdi. Aprel döyüşlərində qəhrmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rafuq Orucovun əsgərləri, döyüş yoldaşları da gəlmişdi tədbirə. Onlarla bir xeyli söhbət etdik, şəhidlərimizin xatirsəini ehtiramla yad elədik. İndi də bu kitaba görə Nigara sağ ol deyirəm ki, bizlərə belə bir kitab hədiyyə edib”.
Aqil Abbas təklif edib ki, belə kitabları daha çox tirajlayıb məktəblərə, kitabxanalara paylamaq lazımdır: “Bu məzmunlu kitabların çap olunmasında Müdafiə Nazirliyi də maraqlı olmaldır. Rusiyada Müdafiə Nazirliyi, eləcə də digər nazirliklər Sovet dövründən bəri külli miqdarda vəsait qoyub əsgər, müharibə həyatı ilə bağlı seriallar çəkdirirlər, kitablar nəşr etdirirlər. Bizim Müdafiə Nazirliyinin qarşısında da elə bu məsələni qaldırmaq lazımdır”.
Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru İbrahim İlyaslı millət vəkilinin sözlərini dəstəkləyərək bildirib ki, “Savaşçı”nın tirajlanması ilə bağlı bir neçə şəxsə müraciət olunub: “Bu barədə bir millət vəkilimizlə danışmışıq, ümid edirik ki, yaxın vaxtlarda kitabın tirajı çoxaldılacaq. İnanırıq ki, bu kitab rəflərdə qalmayacaq, öz oxucusuna çatacaq. Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur. Uğrunda baş qoyduqları bu torpaq şəhidlərimizin qanını yerdə qoymayacaq”.
Daha sonra tədbirdə iştirak edən Elçin Musayev danışıb. O, Nigar İsmayılqızıya yaradıcılığ uğurları arzu edib. Belə bir kitabın ərsəyə gəlməsini yüksək qiymətlədirib. Şəhidin anası Ceyran xanıma belə bir oğul yetişdirdiyi üçün təşəkkürünü bildirib.
Şair-publisist Fəxrəddin Meydanlı isə bu kitabı Azərbaycan tarixi üçün vacib sənəd kimi dəyərləndirib. Vurğulayıb ki, belə kitabların yazılması çox vacibdir və müəllifə bu yolda uğur arzu edib.
Təqdimetmə mərasiminə gəlmiş qonaqlar arasında olan Əbüdlməcid Axundovun müəllimləri, kitabda yazıları yer almış jurnalist və yazarlar da çıxış edərək bir daha Aprel döyüşlərini xatırlayıblar. Və belə bir kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkür ediblər.
Tədbirdə şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova da geniş çıxış edib. C.Axundova əvvəlcə kitabı ərsəyə gətirənlərə və tədbirdə iştirak edənlərə təşəkkür edib: “Əvvəlcə bu tədbirə gələnlərə, indiyə qədər bütün tədbirlərdə məni tək qoymayan, arxa-dayağım olan hər kəsə təşəkkür edirəm. Daima yanımda olan, hər sözümü, öğlumla bağlı hər fəryadımı geniş işıqlandıran jurnalistlərə minnətdarlıq edirəm. Biz şəhid valideynlərinin heç nəyə ehtiyacı yoxdur, bircə qayğıya, diqqətə böyük ehtiyac duyuruq, bu diqqəti bizdən əsirgəməyənlərə minnətdaram. Deyirəm ki, diqqətinizi bizdən əsirgəməyin. Mən bir oğul qurban verdim bu vətənə, əvəzində minlərlə oğul-qız qazandım. Oğlum öz şəhidliyi ilə həm də məni Azərbaycana tanıtdı. Yolda tanımadığım insanlarla belə qarşılaşanda əyilib əlimdən, üzümdən öpürlər, “Əbdülməcid kimi oğul böyütdüyünüzə görə sizə çox sağ olun” deyirlər. Mən oğlumla qürur duyuram! Bəziləri düşünür ki, bir ana oğlunun ölümüylə necə qürur duya bilər axı? Bəli, mən qürur duyuram bu ölümlə, çünki mənim oğlum təsadüfi ölüm yaşamayıb, o, vətən torpağı uğrunda canını qurban verib. Ölümə getdiyini bilə-bilə, ölümün gözünə dik baxaraq şəhid olub. Şəhid olmaq da hər kəsə nəsib olmur, mən qürur duyuram ki, mən şəhid anasıyam. Oğlum hər zaman arzusunda olduğu şəhidlik məqamına yüksəlib. Daima şəkillərini, videolarını izlədiyi Milli Qəhrəmanımız Mübariz İbrahimovun yolu ilə gedib, onun kimi şəhidlik məqamına yüksəlib. Nigar İsmayılqızı başda olmaqla bu kitabın ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə sonsuz təşəkkür edirəm. Bu, oğlumun ruhuna bir ərməğandır. Əminəm ki, bu gün onun müqəddəs ruhu şad olacaq”.
Tədbirin sonunda “Savaşçı” ”(aprelin izi ilə…) kitabının müəllifi Nigar İsmayılqızı çıxış edib. N.İsmayılqızı əvvəlcə kitabın ərsəyə gəlməsindən danışıb. Bildirib ki, o, “Ölsəm yaşat…” sənədli filmini hazırlayarkən artıq kitab barəsində düşünürmüş. Bəzi işləri qaydasına saldıqdan sonra kitabla bağlı fikrini dəqiqləşdirib və belə bir kitab yaranıb. N.İsmayılqızı kitabın hazırlanmasında Azərbaycanda, İranda, Türkiyənin (İstanbul, İzmir, Bursa) şəhərlərində ona dəstək və kömək edən hər bir kəsə sonsuz minnətdarlığını bildirib.