Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

AQC-nin sədri ixtisas imtahanına qatılacaq qiymətləndiricilərə müraciət ünvanladı

27 oktyabr 2024-cü il tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ilk ixtisas imtahanı keçiriləcək. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ixtisas imtahanında iştirak edəcək şəxslərə müraciət ünvanlayıb. 

Müraciətdə deyilir:

“Dəyərli həmkarlar,

Sizinlə birlikdə uzun illər çətin və məsuliyyətli bir yol keçdik. Fəaliyyətimiz dövründə hər zaman təmsil etdiyimiz sektorda prosesləri inzibati formada tənzimləyəcək bir qurumun yaradılmasını arzulayırdıq. Sizinlə birlikdə bu istiqamətdə göstərdiyimiz səylər öz bəhrəsini verdi, hökumətə ünvanladığımız müraciətlər ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandı. Ötən il Azərbaycan Respublikasının Milli Məclisi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul etdi və ölkə başçısı, cənab Prezident İlham Əliyev qanunun tətbiqi barədə fərman imzaladı. Fərmana uyğun olaraq, Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı proseslərə başlanıldı. Bu proseslərin tərkib hissəsi kimi sabah, yəni oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək. İxtisas imtahanından uğurla keçən şəxslər qiymətləndirmə fəaliyyəti göstərmək üçün şəhadətnamə əldə edəcək və növbəti mərhələdə yaradılacaq Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olacaqlar.

Bu vaxta qədər ölkə qiymətləndiricilərinin yeganə birliyi olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq ixtisas imtahanında iştirak edəcək hər kəsə uğurlar arzu edirəm. İnanıram ki, peşəkarlıq səviyyəsi baxımından layiqli şəxslər imtahandan uğurla keçəcək və bununla da Azərbaycanda qiymətləndirmə fəaliyyətinə yeni nəfəs gələcək, qiymətləndirmə sektoru yeni dizaynda təşkil ediləcək.

Bildirmək istəyirəm ki, qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması və vahid inzibati tənzimləmə metodunun yaradılması hər birimiz üçün böyük uğurdur. Bu uğurun əldə edilməsinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə, Mərkəzi Bankına, Dövlət İmtahan Mərkəzinə, Milli Məclisin deputatlarına, o cümlədən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinə və ümumilikdə prosesdə dəstəyi keçən bütün dövlət qurumlarına və ayrı-ayrı şəxslərə təşəkkür edirəm. Xüsusən də, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalayan və Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı göstərişlərini verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Qürur hissi ilə deyirəm ki, Azərbaycan qiymətləndiricilərinin əldə etdiyi bu böyük uğur məhz Prezident İlham Əliyevin ölkədə apardığı instusional və çoxvektorlu islahatların tərkib hissəsidir.

Bir daha sabahkı ixtisas imtahanında iştirak edəcək hər kəsə uğurlar arzulayıram!”

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …