Cümə , 22 Noyabr 2024
Drone Cameras

Aşqabad görüşü – Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Azərbaycan Respublikasına bütün mənalarda ən yaxın dövlət İrandır. Odur ki, iki qonşu və müəyyən mənada qohum dövlətin əlaqələrinin inkişafı, əməkdaşlığı regionun da rifahına və təhlükəsizliyinə təkan verə bilər. İran əhalisinin böyük bir hissəsinin azərbaycanlı olması isə münasibətlərə xüsusi diqqət ayrılmasını tələb edir. Bu amil Azərbaycanla İranı bir-birinə daha yaxın edən amillərdəndir.

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə iki ölkə arasında yaranmış və ya yaradılmış xoşagəlməz münasibət gərginliyə səbəb olmuşdu. Qeyd edək ki, İran vətəndaşı olan iş adamları, sürücülər Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş və Qafan-Gorus avtomobil yolundan qeyri-qanuni istifadə etmişdilər. İran tərəfi bu qanunsuzluğu sonradan müxtəlif bəyanatlarla etiraf etmişdi. Noyabrın 10-da isə İslam Respublikasının rəsmiləri, deputatları Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etmişdilər. Əslində, bu təbriklər Azərbaycanın ərazi bütövlüyünün yenidən tanınması, münaqişənin bitdiyinin, statusun cəfəngiyyat olduğunun etirafı, regionda əməkdaşlığın və təhlükəsizliyinin vacibliyinin vurğulanması idi. İran Prezidenti İbrahim Rəisi noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə məsələylə bağlı bunları deyib: “İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır”. Prezident İlham Əliyev isə bildirib ki, xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir: “Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək”.

Ümumiyyətlə, pandemiya və Ermənistanın pozuculuq fəaliyyəti iki ölkə arasında əlaqələrə təsirsiz ötüşməyib. Bununla belə, iki ölkə arasında ticarət dövriyyəsində artım da müşahidə olunur. 2021-ci ilin ilk 8 ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 256,011 mln. ABŞ dolları təşkil edib. Bu da 2020-ci ilin uyğun dövrü ilə müqayisədə 25,4 faiz çoxdur. Hesabat dövründə ixracın həcmi 19,236 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 14,6 faiz azdır. İdxal isə 236,775 mln. dollara bərabər olub, bu isə illik müqayisədə 30,3 faiz çoxdur. Nəticədə 2021-ci ilin yanvar-avqust aylarında 217,539 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 36,7 faiz çoxdur.

Son 5 ildə Azərbaycan və İran prezidentləri arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş reallaşdırılıb. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar sərmayə qoyulub. Aşqabad görüşü də iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına yeni təkan verə bilər. Bu görüş həm də tərəflər arasında faydalı əməkdaşlıq mühitinin yarandığından xəbər verir.

İran-Azərbaycan münasibətlərində əsas pozuculuğu Ermənistan tərəfi edib. Düzdür, bir sıra hallarda onların belə fəaliyyəti üçün İran tərəfdən də dəstək verən şəxslər tapılıb. Rəsmi İrəvan və Ermənistandakı siyasi qüvvələr Azərbaycanla İranın yaxınlaşmasını əngəlləməyə çalışıblar. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehranda ermənilərin “Ararat” idman salonunda “Qarabağ Ermənistandır!” şüarı yazılmış plakatının qaldırılması kimi hadisələri yada salmaq xoş olmasa da, unudulmayıb. Yaxud İran sürücülərinin Qafan-Gorus avtomobil yolundan qanunsuz olaraq istifadə etməsinin əsl suçlusu da Ermənistandır. Çünki həmin sürücülərin ölkəyə daxil olacağı yolu Ermənistan tərəfi müəyyənışdirir. Deməli, iki ölkə arasında gərginliyin yaranmasında erməni ictimaiyyəti və rəsmi İrəvan da təqsirkardır.

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. İmzalanma mərasimində Prezident İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi iştirak edib. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Bu yolla İranın 5 əyalətinin təbii qaza olan ehtiyacı ödəniləcək. Görüşdə İranla Azərbaycan arasında təbii qazın tranzit nəqli ilə bağlı sənəd imzalanması mühüm əhəmiyyətə malikdir. Bu razılaşma iki dövlət arasında energetika sahəsində əməkdaşlığın inkişafına təkan verə bilər. Eyni zamanda görüşdə Azərbaycanla İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi, həmçinin Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

Beləliklə, Aşqabad görüşü bir daha sübut etdi ki, tərəflər arasında istənilən məsələnin müzakirələr yolu ilə həlli mümkündür. Bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə hörmət əsasında keçirilən görüşlər, müzakirələr isə perspektivdə əməkdaşlıq və əlaqələrin genişlənməsi, dərinləşməsi üçün yeni fürsətlər açır. Türkmənistanda keçirilən görüş bu istiqamətdə fəaliyyət üçün potensialın tükənmədiyini bir daha təsdiqləyib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …