Şimali İraq Kürd Muxtariyyətində və Kataloniyada “müstəqillik” referendumlarının planlaşdırılması hazırda bütün dünyanın narahatlıqla izlədiyi proseslərdir. Dünyanın inkişaf tendensiyasına, müasir zehniyyətə və beynəlxalq hüquq normalarına zidd olsa da, hər iki bölgənin separatçı idarəediciləri öz “müstəqilliklərini” elan etməkdə israrlı görünürlər.
Artıq hər iki bölgədə referendum keçirmək üçün konkret gün müəyyən olunub. Kürdüstan qurmaq üçün İraq kürdləri separatçı referendumlarını sentyabrın 25-nə təyin ediblər. Kataloniya hökuməti isə oktyabrın 1-də referendum keçirmək niyyətindədir.
Bu proseslərin bütövlükdə bəşəriyyət üçün təhlükə törədəcəyini təkcə politoloqlar, ekspertlər deyil, beynəlxalq qurumların rəsmi şəxsləri də SOS olaraq bəyan edirlər.
ATƏT-in vitse-prezidenti kimi mühüm siyasi postu tutan, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev də bu məsələ ilə bağlı həyəcan təbili çalıb. Təbii, nüfuzlu bir beynəlxalq qurumun rəsmisinin – siyasətdə kifayət qədər ölçü-biçili olan Azay Quliyevin bu məsələdə açıq bəyanatlarla çıxış etməsi həm də o deməkdir ki, məsələ kifayət qədər təhlükəlidir və beynəlxalq aləm bu məsələni asanlıqla sinirməyəcək.
Çünki söhbət separatçı meyllərin dünya boyunca bir tendensiya halına keçə biləcəyindən gedir və bu narahatlıq ifadə olunmaqdadır.
Heç şübhəsiz, böyük dövlətlərin rəsmi şəxslərinin açıqlamalarından da hiss olunur ki, onlar həm Kataloniyanın, həm də Kürdüstanın “müstəqilliklərini” qəbul etməyəcəklər. Bu isə o deməkdir ki, həmin bölgələr dünyanın yeni bir qanlı münaqişələr ocağına çevrilə və dünya üçün növbəti problemlərə çevrilə bilər. Faktiki olaraq “Kürdüstan dövləti” İraqın ərazi bütövlüyünü pozmaqla yanaşı, bu separatçı qüvvənin bir neçə ölkənin də ərazilərinə iddiası var. Bu, o deməkdir ki, bölgədə növbəti böyük münaqişə ocağı yetişir və qan su yerinə axa bilər.
Kataloniyanın müstəqillik referendumu qərarına İspaniya hökuməti şiddətlə qarşı çıxır. Bu, isə o deməkdir ki, Kataloniya “müstəqilliyini” elan edərsə, İspaniya buna heç də soyuqqanlı yanaşmayacaq və perspektivdə qanlı olaylar da qaçılmaz olacaq.
Odur ki, bu referendumların qarşısının indidən alınması çağırışları kifayət qədər məntiqlidir. Buna dair ATƏT vitse-prezidenti Azay Quliyev tvitter səhifəsində hər iki məsələ ilə bağlı konkret bir mövqe açıqlayıb. O, bu məsələlərə dair iki status həsr edib. Sitatlar: “Kataloniyanın 1 oktyabra birtərəfli qaydada təyin etdiyi müstəqillik referendumu legitim deyil. İspaniyanın ərazi bütövlüyü qorunmalıdır”.
“Kürdüstan Parlamenti 25 sentyabra planlaşdırılan müstəqilliklə bağlı referendum qərarını ləğv etməlidir. Bu, bölgənin təhlükəsizliyi və istiqlalı üçün vacibdir”…
Məsələnin ən vacib detalı odur ki, hər iki bölgədə referendumlar birtərəfli qaydada – yəni sırf separatçılıqla keçirilir. Hansı ki, Kataloniyanın müstəqilliyinə muxtariyyət özü deyil, İspaniya qərar verə bilər. İspaniya isə bunun əleyhinədir. İraqda isə kürd muxtariyyəti açıq-aşkar separatçılıqla və torpaq iddiaları ilə ortaya çıxıb. Bu səbəblərdən həmin muxtariyyətlərin keçirdikləri referendumlar beynəlxalq hüquq normalarına tam ziddir və ATƏT-in vitse-prezidentinin də bəyanatlarında bu öz əksini tapır.
Bir məqamı da qeyd edək ki, İspaniyada və İraqda separatçı qüvvələrin “müstəqillik” referendumundan ermənilərin bəhrələnə biləcəyi haqda da danışılır. Ancaq Dağlıq Qarabağ separatçılarının, Ermənistanın bu məsələdə hansısa paralellər, oxşarlıqlar aparması üçün bəhanələr belə yoxdur. Çünki Dağlıq Qarabağ Azərbaycanın muxtar bölgəsi olaraq heç zaman Azərbaycanın dövlət büdcəsinə pul ödəməyib. Kataloniya İspaniya büdcəsinə hər il 15 milyard avrodan çox ödəniş edir. Dağlıq Qarabağ isə həmişə Azərbaycanın büdcəsindən dotasiya alıb. Ermənilər isə orada “müstəqilliklərini” elan edəndən sonra ianələr yığmaqla dolanırlar. Üstəlik, Kataloniyadan fərqli olaraq Dağlıq Qarabağda etnik təmizlənmə aparılıb, azərbaycanlılara qarşı soyqırım törədilib, onlar dədə-baba yurdundan didərgin salınıblar…
Əlbəttə, qanunsuz referendumların keçirilməsi bəşəriyyətin sabitliyinə ciddi təhdiddir və bu məsələyə beynəlxalq təşkilatlar sərt təpki verməlidir.