Əməkdar artist Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı və dostlarının törətdiyi cinayət əməlinin təfərrüatları məlum olub. Dəstə üzvləri istintaqa ifadələrində qətli necə planlaşdırdıqlarını etiraf ediblər. 3 il sonra açılan cinayətin narkotik üstündə olduğu üzə çıxıb.
Musavat.com xəbər verir ki, Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilir. Artıq cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
Cinayət işi materiallarında hadisənin təfərrüatları barədə yeni məlumatlar üzə çıxıb. Dəstə üzvləri onlarla birlikdə narkotik əkən, ancaq sonradan aralarında yaranmış anlaşılmazlıq üzündən Elnur Hümmətovun qətlini necə planlaşdırdıqlarını danışıblar.
İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.
Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.
Dəstə üzvləri növbə ilə narkotik bitkiləri becəriblər. Təxminən iki ay sonra Elnur Hümmətovun onların narkotik vasitələri əkib-becərməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyindən şübhəb yaranıb. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.
2013-cü il mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətiriblər və orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər. Onlar Elnur Hümmətovu boğaraq öldürüblər və sonra quyu qazaraq meyitini orada basdırıblar. Daha sonra quyunun üstü açılmasın deyə üzərinə beton töküblər. Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kilo marixuananı qurudaraq 15 min manata satıblar.
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. Qətl hadisəinin üstü 2016-cı ilin avqustun 30-da açılıb. Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirib və Elnur Hümmətovun cəsədinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.
Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Musavat.com cinayət işi materiallarında dəstə üzvlərinin ifadəsini əldə edib.
Aygün Bəylərin qardaşı Abbas Hümmətov təqsirləndirilən şəxs qismində ibtidai istintaqa ifadə verərkən özünü təqsirli bilməyib. O bildirib ki, 2013-cü ildə taksi fəaliyyəti məşğul olub. Onun sözlərinə görə, tanışları Fuad Məmmədzadə, Cavid Alxazov, Elmir Alxazov, Ramil Əsirov və Elnur Əsirovla Qala qəsəbəsində yaşayıblar və dostluq münasibətləri olub. Və onların marixuana əkib-becərmələrindən xəbəri olub: “Onları evlərinə taksi ilə aparmışam. Buna görə də onlar pul əvəzinə mənə çəkməyə marixuana veriblər”.
Abbas Hümmətov ifadəsinin davamında deyib ki, 2013-cü ilin iyun ayının əvvələrində dostu Fuad Elnur Hümmətovun əkdikləri narkotik vasitəsini oğurlamaq istədiyini və yaxud onlar barədə polisə məlumat verəcəyini deyib: “Fuad Elnurun bu hərəkətinin qarşısını almaq lazım gəldiyini, buna görə də Elnuru öldürməyi təklif etdi. Mən və Elmir Fuadın bu təklifinə qarşı çıxdıq. Elnuru öldürmək deyil, sadəcə əl-qolunu bağlayaraq hədə-qorxu gəlməyi təklif etdik. Hadisə günü Fuadı saat 10-11 radələrində şəhərdən götürdüm və Qala qəsəbəsindəki Cavidin evinə gətirdim. Evə daxil olan kimi Fuad məni “skoç” almağa göndərdi. Qala qəsəbəsindəki mağazadan “skoç” alaraq geri qayıtdım. Evə gəldikdə Fuadla Elmirin Elnur Hümmətovu öldürdüklərini, meyitini zibil torbalarına bükdüklərini gördüm. Yapışqanlı lenti onlara verdikdən sonra orada dayana bilmədim, birbaşa evimizə gəldim. Axşam Fuad mənə zəng edərək bağa çağırdı. Gecə bağa gəldikdə artıq meyitin basdırılaraq üstünə beton töküldüyünü gördüm. Fuad yorulduqları üçün meyitin basdırıldığı yerdə qalaqlanmış torpağı bel ilə ətrafa səpələməyi mənə tapşırdı. Mən də qalaqlanmış torpağı həyətə yaydım. Fuad “hadisəni kiməsə danışsan, sonun belə olacaq” dedi. Mən də qorxumdan heç kimə bu barədə heç nə demədim”.
Bildirək ki, qətlə yetirilən şəxs Abbas Hümmətovun əmisi nəvəsidir.
Narkotiki xaricdən sifariş verən, əkən şəxs Fuad Məmmədzadə isə ibtidai istintaqa verdiyi ifadəsində deyib ki, Elmir Alxazovla sinif yoldaşı olublar. 2012-ci ilin sonlarında Elmir ona bir ev tapıb, marixuana yetişdirib, pul qazanmağı təklif edib.
“Sonra Elmir məni Abbasla, Abbas isə Ramil, Cavid, Ramilin qardaşı Elnur, mərhum Elnur Hümmətovla tanış etdi. Narkotik vasitə olan və kod adı “AK-48” adlanan marixuana toxumlarını internet vasitəsi ilə “Seedsman.com” saytına girməklə İngiltərə və Hollandiyadan öz adıma sifariş etdim.
Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Kapitalbank”a toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumlarını isə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı poçt şöbəsindən götürdüm. İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərdim. Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb bitkilərə nəzarət ediblər. Narkotik vasitəni əkib-becərməyimizdən bizdən başqa heç kəs bilməyib”- deyə Fuad Məmmədzadə ifadəsinə əlavə edib.
F.Məmmədzadənin sözlərinə görə, may ayının əvvəllərində bu işdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: “Bundan sonra bir müddət Elnur bizdən gizləndi. Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi sata biləcəyindən şübhələndik. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim.
Onu evə çağırdıq. Ramil və onun qardaşı Elnur dəsmalı Elnur Hümmətovun boğazına dolayaraq boğdular. Bu zaman Elnurun səsi kəsildi. Onun öldüyünə əmin olduqdan sonra meyiti torbalara yağdıq. Saat 16 radələrində Abbas avtomobillə Cavidi evə gətirdi. Cavid meyiti həyətdə basdırmağımızı təklif etdi. Təxminən gecə saat 12 radələrində quyu qazaraq, meyiti orada basdırdıq, üstünü də betonladıq”.
Fuad Məmmədzadənin sözlərinə görə, Abbas vəd etdiyi kimi becərdikləri maruxananı 150 kibrit qutusunda qablaşdırıb: “Hər bir qutunu 70 manata satdıq. Əldə edilmiş 15 min manat puldan mənə 2 min manat verildi. Qalan pul isə qrupun digər üzvləri arasında bölüşdürüldü. Həmin puldan Elnur Hümmətovun kreditini də ödəmişəm”.
Cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun 2-də baş tutacaq.
İlkin Muradov
Musavat.com