Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azər Xudiyev: “İran III Dünya müharibəsinin başlaması üçün risk mənbəyidir”

Hazırda Cənubi Qafqazda geosiyasi turbulentliyin mənbəyi İrandır. Rəsmi Tehran regionda müsbət geosiyasi tendensiyaları məhv etməyə yönəlmiş səyləri ideoloji, diplomatik və maliyyə cəhətdən dəstəkləyir. Bunu konkret faktlar da təsdiq edir. İran bu dövr üçün əsasən üç istiqamətdə fəaliyyət göstərir ki, bu da Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqaz məkanının geosiyasi arxitekturasına tektonik təsir göstərir. İlk baxışdan bu, bir az qəribə görünə bilər. Amma qloballaşan dünyada sözügedən məsələ çox real faktdır.


Fakt budur ki, rəsmi Tehran Rusiyaya pilotsuz təyyarələr və raketlər satmaqla real olaraq Ukraynaya qarşı işğalçı müharibədə iştirak edir. Dağlıq Qarabağ münaqişəsində Ermənistana hər cür dəstək verən rəsmi Tehran Cənubi Qafqazda geosiyasi və hərbi sabitliyi pozmaqla rolunu oynayır.

Rəsmi Tehran Yaxın Şərqin bəzi ölkələrində (Suriya, Livan, İraq) özünün hərbiləşdirilmiş və terrorçu qruplaşmalarını saxlamaqla yanaşı, bu regionda stabilləşmə prosesinə maneə törədir. İran bununla məhdudlaşmır, PKK-nın tərkibində olan bəzi qrupları da maliyyələşdirir. Tehran son zamanlar Səudiyyə Ərəbistanını açıq şəkildə təhdid edir. İran hazırda regionda çox güclü dağıdıcı elementdir, Rusiyanın köməyi ilə nüvə silahı əldə edə bilsə, yeni təhlükələr və fəlakətlər mənbəyinə çevrilə bilər. Bütün bu əsassız və geosiyasi baxımdan qeyri-konstruktiv davranışlar müasir İranın bir dövlət kimi əsl simasını göstərir. Reallıqda isə XX əsrdən etibarən İran belə bir xarici siyasət yürüdür. Obrazlı desək, “İran dövlətçiliyinin qanında” qeyri-konstruktivlik, antihumanizm, var. Bu, İslamın qanunlarına ziddir və bu dinin beynəlxalq səviyyədə imicinə çox zərərli təsir göstərir. Amma rəsmi Tehranı din maraqlandırmır və sərt desək, kvazi-dövlətin xarici siyasətində bir ümumi xətt var – hər cür inteqrasiya, təhlükəsizlik, əməkdaşlıq və sivilizasiyaya qarşı çıxmaq.

Bəs, İranın xarici siyasətində ümumi xətt nədir?

Yaxın Şərqdə İran şiəlikdən öz spekulyativ məqsədləri üçün istifadə edərək bəzi müsəlman ölkələrini regionun digər dövlətlərindən uzaqlaşdırır. Bu ölkələr: Suriya, İraq, Livan, qismən Bəhreyn ölkələri və Yəmən husiləridir. İran bu ölkələri dini ədalətsizlikdən, işğaldan və təbii ki, sionistlərdən qoruduğu tezisini irəli sürür.
Amma reallıqda İran Yaxın Şərqin regional təhlükəsizlik sisteminin bütövlüyünü parçalayır. Suriyada bunu Rusiya və Bəşər Əsəd rejimi ilə birlikdə edir. Beləliklə, İran yeni regional təhlükəsizlik sisteminin yaradılması perspektivini əsaslı şəkildə məhv edir. O, süni yaradılmış dini təbliğat əsasında region ölkələrini bir-birinə qarşı qoyur.

Oxşar destruktiv siyasət İran tərəfindən Cənubi Qafqazda da aparılır. Burada rəsmi Tehran birtərəfli qaydada təcavüzkar Ermənistanı dəstəkləyir və bununla da regional təhlükəsizliyin ayrılmaz sisteminin yaradılmasına təhlükə yaradır. İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir və Qərbin maraqlarına zidd geosiyasi mövqe tutur.

ABŞ və Avropa İttifaqı regionda kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda sabit mühitin yaradılmasının tərəfdarıdır. Bunu Azərbaycan, Ermənistan liderlərinin, ABŞ və Aİ-nin yüksək rütbəli rəsmilərinin görüşləri də təsdiqləyir.
Amma rəsmi Tehran təxribat xarakterli hərbi təlimləri və absurd bəyanatları ilə regionda sabitliyi pozmağa çalışır. 

Təsadüfi deyil ki, İsrail və ABŞ qırıcıları İran istiqamətində kurs keçib. Ekspertlər qeyri-konstruktiv İranın hərbi infrastrukturuna zərbələrin endirilməsini istisna etmirlər. Beynəlxalq ictimaiyyət də İran hakimiyyətinin öz vətəndaşlarına qarşı qeyri-insani münasibətindən narahatdır.İranın qonşu dövlətlərə qarşı, xüsusən də Azərbaycanın dövlət təhlükəsizliyi ilə bağlı düşmənçilik fəaliyyətini nəzərə alsaq, Azərbaycanın ali rəhbərliyinin İsraillə daha sıx əlaqələr qurmaq barədə düşünməsi çox rasional olardı. İlk növbədə, stereotipi qırmaq və İsraildə tam hüquqlu diplomatik nümayəndəlik açmaq lazımdır. İsrail rəhbərliyi də daim bu barədə çağırış edir. 

İran Yaxın Şərqdəki kimi Cənubi Qafqazda da yeni təhlükəsizlik sisteminin yaradılması perspektivlərini məhv etmək siyasəti yürüdür. Ermənistanın təhlükəsizliyini Azərbaycan və Gürcüstanın təhlükəsizliyindən ayrı bir proses kimi təqdim edən İran faktiki olaraq regionda təhlükəli geosiyasi vəziyyət yaradır. İndiki tarixi mərhələdə heç bir ölkə regional təhlükəsizlik sistemindən kənar real təhlükəsizlikdə ola bilməz. Qloballaşan dünyada ancaq bütövlükdə regionun təhlükəsizliyindən danışmaq olar.

Nəhayət, İran Avropanın şərq hissəsində, konkret olaraq Ukrayna ilə bağlı çox oxşar siyasət yürüdür. Ukrayna Putinin təcavüzündən cəsarətlə müdafiə olunur. Ukrayna özünü müdafiə edir, öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Sağlam düşüncə diktə edir ki, normal dövlətlər bu çətin mübarizədə Ukraynaya kömək etməlidir. Amma İran yenə də işğalçının – Rusiyanın yanındadır. O, ona pilotsuz təyyarələr satır və ruslara bu dronları idarə etməyi öyrətmək üçün mütəxəssislərini göndərir. Beləliklə, İran bir dövlət olaraq əsl simasını bir daha göstərir.


Bütün bu faktlar rəsmi Tehranın odla oynadığını sübut edir. Qərb onun bu dağıdıcı hərəkətlərini bağışlamayacaq. Çünki qlobal təhlükəsizlik sisteminin son destabilizasiyası riski var. İranın siyasəti asanlıqla və tez bir zamanda yaxın bölgələrə yayıla bilən regional müharibəyə səbəb ola bilər. Bu isə qlobal təhlükəsizliyə birbaşa təhdiddir. Dünyanın aparıcı geosiyasi qüvvələri – ABŞ və Aİ bu riski daşımalıdırmı?

Ukrayna Maliyyə Nazirinin müşaviri,Ukrayna Maliyyə Nazirliyi yanında Maliyyə İdarəetmə Akademiyasının vitse-prezidenti Azər Xudiyev

Check Also

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Qərbi Azərbaycan Televiziyasının işə başlaması İcmamızın fəaliyyətində yeni bir mərhələdir. Çünki İcma olaraq bizim əsas …