Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan icması bəyanat yaydı

Ermənistan ordusu növbəti dəfə təxribata əl atdı və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cəzasını aldı. Əslində, erməni tərəfin bu hərəkəti gözlənilən idi

Son aylarda Ermənistan rəsmilərinin bir-birinin ardınca səsləndirdikləri sərsəm bəyanatlar, Paşinyanın Xankəndinə, Şuşaya gələrək nümayiş etdirdiyi məsuliyyətsiz hərəkətlər bu rejimin avantürist mahiyyətindən xəbər verir, hər an hər cür ağılsız addım ata biləcəkləri ehtimalını yaradırdı. Elə də oldu, 2016-cı ilin aprel döyüşlərindən sonra hələ də özünə gələ bilməyən Ermənistan siyasi rəhbərliyi və ordusu növbəti dəfə öz təxribatının qurbanı oldu. Ermənilər növbəti dəfə Azərbaycan rəhbərliyinin siyasi iradəsi və Azərbaycan ordusunun yüksək döyüş qabiliyyəti, döyüş ruhu ilə üz-üzə gəldilər. Dünya bir daha inandı ki, Azərbaycan öz ərazilərinin düşmən işğalı altında qalması ilə heç vaxt barışmayacaq və nəinki ermənini, onun havadarlarını, hətta dünyanı qarşısına alası olsa belə, hansı yolla olur-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir. Dünya bir də gördü ki, istənilən həlledici anda Azərbaycan xalqı öz dövlətinin, hakimiyyətinin və Prezidentinin yanındadır və həmrəydir.
Bununla belə, bizi ağrıdan odur ki, erməni tərəfi Azərbaycana qarşı bu təxribatı Azərbaycanın öz tarixi torpaqlarından – Şəmşəddil sultanlığı ərazisindən həyata keçirir. 1920-ci illərdə Azərbaycandan alınıb “Ermənistan SSR”-in tərkibinə qatılan bu mahal bir vaxtlar Azərbaycan tarixinə şərəfli səhifələr yazsa da, bu gün düşmən səngərinə çevrilib. Belə hadisələr bir daha sübut edir ki, düşmən o torpaqlarda yaşamağı haqq etmir və nəinki işğal altında olan ərazilərimizi, həm də tarixi torpaqlarımızı düşməndən azad etmək hər birimizin borcu və şərəf işidir.
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq bəyan edirik ki, hər bir Azərbaycan vətəndaşı ilə çiyin-çiyinə, biz qaçqınlar da dövlətimizin əsgəriyik, Ali Baş Komandanın qəbul etdiyi hər hansı bir qərarın yanındayıq və Cəmiyyətimizin, İcmamızın hər bir üzvü Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırdır.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və
Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …