Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) mina problemi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.
Boyukmillet.com-un məlumatına görə, müraciətdə deyilir:
“Hamıya məlumdur ki, minalar və partlamamış hərbi sursatlar dövrümüzün ən ciddi texnogen problemlərindəndir. 2005-ci ildən etibarən 4 aprel “Beynəlxalq Mina təhlükəsizliyinə dair maarifləndirmə və minalardan təmizlənmədə yardım günü” kimi qeyd edilir. Bu gün insanlar qlobal minalarla mübarizə cəmiyyətinin fədakarlığını, minalar və partlamamış hərbi sursatlar haqqında məlumatlılığın vacibliyini qeyd edirlər.
Azərbaycan minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir. Təəssüf ki, biz minalar və partlamamış hərbi sursatların yaratdığı təhlükə və qorxu ilə tanışıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı Ermənistanın minalardan istifadə etməsi bu gün də dinc əhali üçün böyük təhlükə yaradır. Son 30 ildə mina qurbanlarının ümumi sayı 3368 nəfərdir. Münaqişənin bitdiyi 10 noyabr 2020-ci il tarixindən bəri isə 501 nəfər həlak olub, 238 nəfər yaralanıb.
Humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan üçün əsas prioritetdir. QHT-lərlə tərəfdaşlıq, qabaqcıl texnologiya, maarifləndirmə, qadın minatəmizləmə qrupları və mina qurbanlarına yardım proqramları vasitəsilə minatəmizləmə potensialının gücləndirilməsi istiqamətində böyük səylər davam etdirilir. Ölkəmiz humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərən bir sıra əsas qurumlarla, o cümlədən sizin Rezident Əlaqələndirici Ofisiniz, UNICEF, BMTİP və digərləri ilə tərəfdaşlıq edir. Həmçinin Azərbaycan öz təcrübəsini bölüşür. 2023-cü il may ayının sonunda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə minatəmizləmə fəaliyyətinin bir hissəsi olaraq İkinci Beynəlxalq Minatəmizləmə Konfransı keçiriləcək. Biz humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki böyük potensialına inanırıq.
Biz həmçinin Aİ və digər donorlara maliyyə dəstəyinə görə minnətdarıq. Qeyd etmək lazımdır ki, QHT-lərlə tərəfdaşlıq beynəlxalq yardımın mühüm tərkib hissəsidir. Bununla belə, ölkəmizə verilən vəsait mina terrorunu dayandırmağa, kişi, qadın və uşaqlarının ölümünün və yaralanmasının qarşısını almağa demək olar ki, kifayət etmir.
Azərbaycanın işğaldan azad olunmuş əraziləri müharibə nəticəsində mülki şəxslərə mina və partlamamış hərbi sursatların törədə biləcəyi təhlükə barədə ciddi xatırlatma hesab edilə bilər. Minatəmizləmə fəaliyyəti ərazilərin bərpası və yenidən qurulması işləri üçün çox vacibdir.
Minalar və partlamamış hərbi sursatlar məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olur. Minatəmizləmə həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas ilkin şərtlərdən biridir. Məhz bu səbəbdən Azərbaycan minatəmizləmə üzrə milli DİM tətbiq etmək qərarına gəlib. Minalar və partlamamış hərbi sursatlar mülki əhali üçün təhlükə yaradır və bütün dünyada sosial-iqtisadi tərəqqiyə mane olur. Qlobal miqyasda DİM-lərə nail olmaq üçün minalardan təmizləməni təşviq etmək vacibdir. Azərbaycan humanitar minatəmizləmə üzrə yeni və xüsusi DİM təklif edir.
4 aprel minalar və partlamamış hərbi sursatlar məhv edilməsi istiqamətində inkişafı qeyd etmək günüdür. Həmçinin, bu, qarşımızda hələ çox uzun bir yol olduğunu xatırladır. Biz səylərimizin dəstəkləməsindəki dəyərli tərəfdaşlığınıza güvənirik. Bu dəstək ümumi məqsədimiz olan “minalardan təmizlənmiş dünya” üçün çox önəmlidir”.