Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyası ölkələri üçün nümunədir

İyunun 8-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərində tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan, səfirliyin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Alptekin Cihangir İşbilir iki qardaş ölkənin münasibətlərinin Türk dünyası dövlətləri üçün nümunə olduğunu bildirib. Müşavir ölkələrimiz arasında əməkdaşlığın elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb.

Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin son dövrlərdə bir-birinə daha da yaxınlaşdığını deyib, onlar arasında əlaqələrin intensivləşməsinin əhəmiyyətini qeyd edib, təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Təhsilin uşaq və gənclərin həyatında mühüm rol oynadığına diqqət çəkən S.Gündoğan elm, təhsil sahələrində ölkələrimiz arasında təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Türkiyənin Maarif Vəqfinin fəaliyyətindən danışan Sərdar Gündoğan bildirib ki, qurum nümunəvi təhsil modelini inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif məktəbləri yaradılıb və orada 50 mindən çox şagird təhsil alır. Həmin məktəblərdən biri də Azərbaycandadır. Məktəbin əsas fəaliyyət istiqamətlərindən biri şagirdlərin vətənpərvər, millətinə, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual şəxsiyyət kimi formalaşmasıdır. O, Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin 2022-ci il oktyabrın 3-dən fəaliyyət göstərdiyini və bu yaxınlarda yeni filialın açılacağını diqqətə çatdırıb.

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin direktoru Ertuğrul Toy təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Deyib ki, təhsil müəssisəsində STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informativ və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin inkişafına xüsusi diqqət yetirilir. Məktəbdə ana dilində tədris imkanları ilə yanaşı, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi həyata keçirilir.

Qeyd edilib ki, məktəb xüsusi lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriya, emalatxana, kompüter otağı, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Sonra jurnalistlər məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …