Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Azərbaycana gələnlərin və gedənlərin sayı azalıb

Azalma əsasən avropalı və ərəb turistlərin sayında özünü göstərir

Azərbaycana gələn turistlərin sayı azalıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 508,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 24,7 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4 dəfə, Tacikistandan – 2 dəfə, Çindən – 1,8 dəfə, İordaniyadan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, Hindistandan – 47,6 faiz, Qırğızıstandan – 32,6 faiz, Yaponiyadan – 26,5 faiz, Misirdən – 25,0 faiz, ABŞ-dan – 17,3 faiz, Kanadadan – 15,2 faiz, Niderlanddan – 12,2 faiz, Pakistandan – 11,5 faiz artıb.                                                        

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,8 faiz azalaraq 17,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 82,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 10,7 faiz azalaraq 170,6 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 11,8 faiz artaraq 237,5 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,9 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.                                                                                                                           

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da azalıb.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,7 faiz azalaraq 468,9 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 24,1 faiz, Gürcüstana gedənlərin sayı 16,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 5,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə  25,3 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib.

2025-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2020-ci il martın əvvəlindən Azərbaycanda xüsusi karantin rejimi elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. 

Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb və quru sərhədlər açılmayıb.

Check Also

Şəhid ailələri Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib

“Bir Qarabağ qazisinin həbsxanada aclıq aksiyası keçirərək ölməsi həm Azərbaycan hakimiyyətinin, həm də xalqımızın adına …