Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda bir nazir hansısa müstəqil qəzetə iri müsahibə versə… “parazit media orqanları” və ya “hamı buruğu dönsə”… – Aydın QULİYEV yazır

Təəssüf ki, çap medianın, yəni qəzet və jurnalların vəziyyətindən danışanda bir çoxları ifrata varır. Sanki ölkədə problem elə təkcə qəzetlərdə imiş. Ya da ki, çoxnövlü media seqmentlərinin arasında təpədən dırnağa qədər problem içində olan təkcə çap media imiş. Guya çap medianın problemləri həll olunan kimi qalan bütün sahələrdəki problemlər həll olunacaqmış…

Ondan başlasaq ki, bütün media seqmentlərinin problemləri var, fikrimcə, bu daha ədalətli olar. Radionun, televiziyanın, internet media seqmentlərinin hər birinin özünəməxsus problemləri var. Sadəcə, hər bir media növünün problemlərinin sayında, miqyasında fərqlər ola bilər və necə ki, var. Çap medianın “çox böyük problemləri var” deyən “qara rəng ustaları” unudurlar ki, cəmi 20 -30 il yaşı olan internet media resursları 145 və daha çox yaşı olan çap media qədər problem içində ola bilməz. Hələ qoyun televiziyaların, sosial şəbəkə və başqa internet media seqmentlərinin qəzet industriyası və qəzet texnologiyası qədər yaşı olsun, 150-yə, 250-yə çatsın, onda baxarıq ki, kimin öz inkişaf yollarında özünün yaratdığı problemlərə dözümü nə qədər imiş.

Əslində problemlərin çoxu çap mediada yox, çap medianı problem kimi görənlərdədir, çap medianın başına min cür problem açanlardadır. Bu gün informasiya məkanının mühüm hissəsi ildırım sürəti ilə işləyən keyfiyyətsiz və qeyri-peşəkar xəbərçilərin girovluğundadır. Sosial şəbəkələr və internet media deyilən seqmentlər bir çox hallarda “parazit media” orqanlarına çevrilir. Bəs necə? Çap medianın klassik peşəkar jurnalisti arayıb-axtarıb tapdığı bir və ya bir neçə xəbəri analız və sintez edərək sonda bitkin bir material ortaya çıxardığı halda, bir elektron cihazın sadəcə düymələrini basa bilənin birisi yolda təsadüfən rastlaşdığı iki “qara qulaqlı ağ Bimin boğuşmasını” tez foto, videoya almaqla yanına bir-iki də savadsız cümlə yazır, danışdığının tam mənasını belə anlamadığı halda “rekord İP qırmağı” ilə xoruzlanır. Belələrinin cəmiyyətə, dövlətə verdiyi nədir? Vulqar informativ zövq(süzlük), öz beynini yox, göz və qulağını əyləndirməyə daha çox meylli olan tənbəl və dayaz düşüncəli, düşünməyə də ərinən kütlə yetişdirmək, ictimai rəy və ictimai şüur deyilən böyük inkişaf detonatorlarını kütləvi əyləncə mənbəyi olan alabəzək xəbərlərin selində məhv etmək. Mən bu fikirləri heç də elektron media seqmentlərinin hamısına və hər növünə aid etmirəm. Ancaq gözləyək və yaşayaq ki, elektron media seqmentləri də çap media kimi 200-300 il yaşasın, görək bəşəriyyti hansı fəlakətlərə “qonaq edəcək” və ya hansı fəlakətlərdən qoruya biləcək. Hələ o başqa mövzudur ki, elektron media seqmentləri bəşəriyyətin ondan imtina etməsi ilə qarşılaşmadan 100-200 il yaşaya biləcək, ya yox.

Beləliklə, çap medianın iki əsas problem mənbəyi var. Birincisi odur ki, problemlər informasiya istehsalı texnologiyalarının inkişafından yaranır. Məsələn, televiziya çıxır, internet media resursları yaranır, xəbərin istehsalı və yayılmasının sürətinə görə qəzetləri qabaqlayır. İkinci problem mənbəyi isə çap medianı problem və ya problemlər burulğanı sayan insanlardır.

Nə qədər qəribə olsa da, çap media bu gün bazarda insanlar üçün nisbətən bahalı xəbər və təhlil resursudur. Çap medianı oxumaq üçün hər dəfə pul xərcləməlisən, ancaq bir-iki manatlıq “meqabayt” yükləyərək bütün ay boyu internet məkanda vurnuxursan. İnsanlar üçün bu daha asan və rahatdır. Ancaq bunların cəmiyyətə, dövlətə və insanlara xeyirdən çox fəlakət mənbəyinə çevrildiyini getdikcə hər kəs görür. İllər ötdükcə bu təhlükə daha da böyüyəcək. İnsanlar 200-300 il ərzində “çap media təhlükəlidir” kimi bir anlayışa heç zaman gəlmədi. Ancaq cəmi 20-30 il keçib, hamı internet medianın insanlar üçün, sağlamlıq üçün, uşaqlar, ailələr və insanlıq genofondu üçün gündən-günə böyüyən təhlükələrindən danışmağa başlayıb.

Çap medianın insan faktorundan törəyən böyük problemlərindən biri internet media resursları ilə müqayisədə ayrıseçkiliyə məruz qalmasıdır. Dövlət başçıları və dövlət məmurlarının bir müsahibə, ya xəbər verməyə ehtiyacı yarananda ancaq elektron media resurslarını axtarması, yumşaq desək, heç yaxşı nümunə deyil. Belə praktika, istər-istəməz, cəmiyyətin nəzərində çap medianın olan-qalan hörmətini də yerə vurur.

Uzağa getməyək, Lavrov bu yaxınlarda Rusiyanın “Trud” qəzetinə xüsusi müsahibə vermişdi. “Trud”un internet versiyasını bizlər də maraqlanıb oxuduq. Sabah Azərbaycanda bir nazir hansısa müstəqil qəzetə (dövlət qəzetlərində effekt çox da olmaz) böyük həcmdə xüsusi müsahibə versə, bunun hər iki tərəf üçün nəticələri böyük olacaq.

Adət halı alıb ki, çap medianın reklam bazarının olmadığını təkrar etsinlər. Problem deyil. Televiziyalar, bəzi sayt və agentliklər üçün reklam varsa, çap media üçün də ola bilər. Cəmiyyət arasında hörmətinə və cəlbediciliyinə görə qəzetlərdən o qədər də qabaqda olmayan televiziyalara reklam pulu hansı üsulla ayrılırsa, onu qəzetlərə də həmin üsulla ayırmaq olar. Nəzəri olaraq belə bir vəziyyəti təsəvvür edək: Ölkə prezidentinin hansısa rəsmi qəbulundan genış reportajın yayımını televiziya və dövlət agentliyindən əvvəl bir dövlət qəzetinin öhdəsinə buraxın. Nəticə yenə də müsbət təsir baxımından fərqli olacaq. Həmin qəzetin hörməti və nüfuzu, təbii ki, artacaq.

Çox yanlış düşüncələrdən biri qəzetlərə pul qazanan subyektlər kimi baxmaqdır. Məgər televiziyalar, digər elektron media resursları pul qazanır? Onlar da qazanmır, başqa müstəvilərdə yaradılan maliyyə vəsaitləri üzərində fəaliyyət göstərirlər. Həmin vəsaiti qəzetlərə də ayırmaq olar və olmalıdır. Media seqmentlərinin bir qrupuna maliyyəni reklam kanalları ilə, digər qrupuna, o cümlədən qəzetlərə birbaşa dövlət yardımı şəklində etmək olar, necə ki edilir…

Media institutunun heç bir seqmenti dövlətin maliyyə dəstəyindən kənarda mövcud ola bilməz. Televiziyalar da, saytlar da, agentliklər də, qəzetlər də… Yetər ki, televiziyalar, radiolar, agentliklər və qəzetlər arasında ayrıseçkilik qoyulmasın, hamının informasiya və maliyyə mənbələrinə potensiallarına uyğun bərabər çıxış haqqı tanınsın.

Bunlar çıxış yollarının, təbii ki, heç də hamısı deyil. Ancaq əminəm ki, heç olmasa bunlar edilsə, “problemlər tək çap mediada imiş” kimi əcaib bir mövzunun müzakirəsindən yan keçə bilərik, çap media da öz yaşamağında davam edər.

Eranın əvvəllərində Çində Xan sülaləsinin dövründən qəzet çıxır. İki min ildən çoxdur. MDB məkanında ilk çap mediasını XVIII əsrdə Rusiyada 1-ci Pyotr yaratdı – 300 ildən çox qabaq. Azərbaycanda 145 il öncə yarandı. İndi çap media quruluşlarının 90 faizinin bir-iki kamera, parlaq boyalardan qurulmuş bər-bəzəkli bir studiya, bir dənə internet məkana çıxışlı noutbuk, bir dənə də dilli-başlı xanım aparıcı tapmaq və bütün fəaliyyətini virtual məkana transfer etmək imkanı və gücü var. Ancaq hamı bu yola, bu buruğa dönsə nə baş verəcək?.. Çap media sivilizasiyasını yaratmış nəslin ruhu ilə ömründə bircə gün qəzet redaktoru olmadığı halda qəzetlərin faydasızlığını sübut etməyə çalışan bir-iki alim-professor-ekspert üz-üzə qalacaq…

Ancaq bu, deyilişi asan, gerçəkləşməsi mümkünsüz məsələdir. Çünki Azərbaycan Prezidentinin həm də bizim, çap medianın yanında olduğu düşüncəsindəyəm.

Bu təhlili tək bir motivə söykənərək yazdım. Çap medianın xilas yollarının müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Dünya iki min ildən çox yaşı olduğu deyilən qəzetçilik texnologiyasının xilas yollarını axtarır, bizdə isə onu dəfn etmək üçün ürəyi keçənlər var, nədi-nədi, özü çap media sahəsində uğursuz olub, ya yaratdığı qəzeti əlində sağ-salamat saxlaya bilməyib, ya da qəzetçilikdən kitablar yazsa da qəzetçiliyə dair dediklərinə məhəl qoyan yoxdur…

Çap medianın gələcəyi nə kor-koranə təəssübkeşliyə, nə də kor qisasçılığa bağlıdır…

Aydın QULİYEV

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …