Xəbər verdiyimiz bu gündən etibarən metronun fəaliyyəti başladı. Mayın 11-dən sonra növbəti yumşalmada restoranların və şadlıq sarayların fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı sonxebere danışan deputat Fazil Mustafa bildirib ki, növbəti yumşalmalarda restoranların fəaliyyətinə icazə veriləcək: “Metro məsələsini bir neçə gün öncə qaldırmışdıq. Çünki avtobuslara daha çox yük düşür. Əlbəttə, metrodan istifadə edənlərdən tibbi maska taxması tələb olunmalıdır. Elə də oldu. Qoruyucu tibbi maska taxmadan kiminsə metroya daxil olmasına icazə verilmir. Düşünürəm ki, metronun açılması ilə vətəndaşların iş yerlərinə çatması asanlaşdı. Düşünürəm ki, növbəti yumşalmada sərt tələblər qoymaqla restoranlar da açıla bilər. 3-4 nəfərdən artıq oturmasına icazə verməmək şərti ilə restoranların fəaliyyətinə icazə verilə bilər. Hesab edirəm ki, restoranlarda maska taxıb yemək yemək mümkün deyil. Amma bütün hallarda sanitar təhlükəsizlik qaydalara riyaət etmək olunmalıdır. Ən önəmlisi isə vaxt məhdudiyyəti də qoyula bilər. Hər halda bunu addım-addım etmək olar. Vətəndaşı da başa düşmək lazımdır. Yaz gəlib. İnsanlar psixoloji sarsıntılar içində qala bilməz. Amma əvvəlki kimi toyların keçirilməsinə icazə vermək dügün olmazdı. Çünki bizdə toylar koronavirusun yayılma mənbəyi ola bilərdi. Ona görə də bu məsələdə risk etmək olmaz. Amma vətəndaş razılaşsa, toy məsələsi yüngülləşdirilə bilər. Belə ki, kiçik banket zallarında və ya sosial məsafə qorunmaqla 20-30 nəfərdən çox olmamaq şərti ilə toylara icazə verilə bilər. Hətta təklif edirəm ki, gəlin və bəyin adına hesab açılsın. Qohumlar və yaxınlar hansı tərəfə dəstək vermək istəyirsə, o hesaba pul köçürə bilər. Məcbur deyil ki, o toyda iştirak etsin. Qohumlar virtual olaraq da toya qatıla bilərlər. Belə daha məqsədə uyğun olar. Koronavirus təhlükəsi aradan qaldırılandan sonra insanlar normal toylarını keçirə bilər”.