Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanın Əməkdar jurnalisti Ukraynada mükafatlandırılıb

Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist Qədir Aslan Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının ən yüksək mükafatına layiq görülüb.

boyukmillet.com xəbər verir ki, Sumı Vilayət Deputatlar Şurasının son illər bir neçə dəfə ölkəmizdə işgüzar səfərdə olmuş sədri Vladimir Tokar və Vilayət Administrasiyasının rəhbərliyi səfərin Azərbaycan mediasında yüksək səviyyədə işıqlandırılmasını, ümumiyyətlə, Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı jurnalistika fəaliyyətini nəzərə alaraq “Respublika” qəzetinin Diaspor şöbəsinin müdiri Qədir Aslanı 75 illik yubileyi münasibətilə Sumı Vilayət Administrasiyası və Deputatlar Şurasının ən yüksək mükafatı ilə təltif ediblər.

Bununla bağlı Sumı Vilayət Deputatlar Şurasının rəsmi saytında yubilyarı təbrik edən vilayət rəhbərliyi Qədir Aslanın Ukrayna ilə Azərbaycan arasındakı tarixi dostluq əlaqələrinin inkişafına verdiyi informasiya dəstəyini, dost ölkədə vətənimiz naminə həyata keçirilən çoxsaylı tədbirlərin işıqlandırılmasındakı səmərəli fəaliyyətini, xüsusən də Azərbaycan diaspor strategiyasının təbliğ olunmasındakı əsl ziyalı fədakarlığını dərin minnətdarlıq hissi ilə dəyərləndirib.

Qeyd edək ki, Qədir Aslan 1944-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. O, BDU-nun jurnalistika fakültəsini bitirib. İyirmi il Qərbi Azərbaycanın “Vardenis” rayon qəzetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildən Bakı şəhərində yaşayır. Ömrünün 55 ildən çoxunu jurnalist fəaliyyətinə həsr etmiş Qədir Aslan müxtəlif janrlarda yüzlərlə oçerk və məqalənin, Qarabağ müharibəsi və qəhrəmanlıq tariximizi özündə əks etdirən onlarla kitabın müəllifidir. Onun müəllifi olduğu “Goranboy qartalları”, “Göyçə şəhidləri”, “Qədim Oğuz Yurdunun Milli qəhrəmanları” və digər kitabların geniş oxucu auditoriyası var.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …