Bazar , 12 May 2024
Drone Cameras

Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsi yüksək qiymətləndirilib

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) açıqladığı Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatda qeyd olunub.

Sənəddə son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr yer alıb.

Hesabatda qeyd edilib ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub. Hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər (müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Azərbaycan həmçinin beynəlxalq əməkdaşlıqda yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib.

“MONEYVAL terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işləri ilk dəfədir yüksək qiymətləndirir. Qeyd edib ki, son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır. Hətta MONEYVAL-ın son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan olub”, – sənəddə bildirilib.

Hesabatda həmçinin vurğulanıb ki, mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, dövlət başçısının dediyi kimi, “təhlükəsizlik adası” imicini qazandırıb.

Check Also

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, …