Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycanla Britaniya arasında münasibətlər yüksək səviyyəyə çatıb – TƏHLİL

1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etməklə 70 ildən sonra yenidən beynəlxalq hüququn subyekti kimi dünya dövlətlərinin sırasına qoşulub. Rəsmi Bakının qarşısında duran ən ümdə vəzifələrdən biri dünya dövlətləri tərəfindən tanınma, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin qurulması və gələcəkdə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığa çevriləcək münasibətlərin təməlinin qoyulması idi.

Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Avropa regionunda və bütövlükdə qlobal siyasi və iqtisadi-ticarət münasibətlərində xüsusi rola malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, “Böyük Yeddilik” və “Böyük İyirmilik” qruplarının və digər çoxtərəfli təsisatların aparıcı üzvü olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olub.

Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub.

Bu il Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ən yüksək səviyyədə qeyd olunur. Böyük Britaniyanın Baş naziri Boris Consonun Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına göndərdiyi təbrik məktubu Bakı ilə London arasında dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyəsini səciyyələndirməklə yanaşı, Birləşmiş Krallığın ali rəhbərliyinin dövlətimiz və onun başçısına ayırdığı yüksək hörmət və diqqətin göstəricisidir.

B.Conson məktubunda iki ölkə arasındakı əlaqələrə verdiyi əhəmiyyəti qeyd edib, onların mühüm strateji tərəfdaşlığın inkişafı naminə birgə çalışdığını, keçən 30 il ərzində müxtəlif sahələrdə münasibətlərin genişlənərək getdikcə daha böyük dəyər qazanan əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Böyük Britaniyanın Azərbaycanın sarsılmaz və dəstək verən tərəfdaşı olduğunu bildirib və bundan sonra da olacağını və bu tərəfdaşlığın davamlı şəkildə inkişaf edəcəyinə dair ümid ifadə edib.

Prezident İlham Əliyev Baş nazir B.Consona göndərdiyi təbrik məktubunda ölkəmizin Birləşmiş Krallıqla dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib, son otuz ildə iki ölkə arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Bu dövr ərzində iqtisadi sahədə əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu, Birləşmiş Krallığın bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırdığını, Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri kimi Birləşmiş Krallığı təmsil edən 600-ə yaxın şirkətin Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunduğu və uğurla fəaliyyət göstərdiyini qeyd edib.

İlham Əliyev

İlham Əliyev

Azərbaycan Prezidenti öz məktubunda iki ölkə arasında enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərimini xüsusilə qeyd edərək bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş bu sahədəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. O, Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirib və layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf edərək yeni müstəviyə çıxdığını, Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində Birləşmiş Krallıqla birgə fəaliyyətinin qeyri-neft sektorunda əlaqələrin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. O, həmçinin, Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayıb, bu ərazilərin yenidən qurulması və bərpası işlərində yaxından iştirakını təqdir edib.

Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin yüksək səviyyəsi, həmçinin ölkəmizin regional və beynəlxalq sülh və sabitliyin qorunması, qlobal xarakter daşıyan problemlərin həllinə verdiyi töhfələr Baş nazir B.Consonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-6-da “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu münasibətilə dövlət başçımızın ünvanına göndərdiyi məktubda da xüsusilə vurğulanıb. O bildirib ki, Birləşmiş Krallıq Azərbaycanın beynəlxalq məsələlərdə artan rolunu, həmçinin kimyəvi silahların istifadə olunmasına qarşı mübarizədə və narkotik vasitələr qaçaqmalçılığının qarşısının alınmasında dəstəyini, Qoşulmama Hərəkatında sədrliyini və Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılması zamanı Kabil hava limanının təhlükəsizliyinin təmin olunmasında öz qoşunlarının göstərdiyi köməyi alqışlayır.

B.Conson öz məktubunda Prezident İlham Əliyevin “yaşıl enerjiyə” verdiyi xüsusi dəyəri və Azərbaycanda bərpa olunun enerjinin rolunun artırılması ilə bağlı planlarını alqışlayıb, son 27 il ərzində ölkəmizin strateji tərəfdaşı olan BP şirkətinin Azərbaycanda bu keçidi daha çox dəstəkləmək istədiyini bəyan edib. Baş nazir həmçinin Birləşmiş Krallığın Qafqaz regionunda sülh və sabitliyi, eləcə də postmünaqişə problemlərinin həllini dəstəkləməkdə davam etdiyini vurğulayıb.

Göründüyü kimi Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişaf etdiyi, tərəfdaşlığımızın daha da genişlənməsinin əhəmiyyəti ən ali səviyyədə mütəmadi şəkildə vurğulanır. Təkcə onu qeyd etmək kifayətdir ki, ali səviyyədə məktub mübadilələri ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş Vətən müharibəsindən sonra 2021-ci il ərzində Birləşmiş Krallıqdan ölkəmizə xarici işlər nazirinin müavini, beynəlxalq ticarət nazirinin ixrac üzrə müavini və Birləşmiş Krallıq Parlamentinin Böyük Britaniya-Azərbaycan Dostluq qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin səfərləri baş tutub. Məktublaşmalar, təmaslar və səfərlərin intensivliyi Birləşmiş Krallığın ölkəmizə və onun əldə etdiyi nailiyyətlərə verdiyi böyük əhəmiyyətin göstəricisidir.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …