Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

“Azərbaycanla Qazaxıstan pozuluşur, Mərkəzi Asiyada Ermənistan Azərbaycanı sıxışdırır, Çin faktoru” – Paşinyan öz “arşını” ilə yeni geosiyasi sistem “qurur”…

Ermənistan mediası daha bir uydurma tezisi gündəmə buraxıb. Onların verdiyi məlumata görə, 30 iyun iclasında Ermənistan hökuməti Qazaxıstandan benzin məhsullarının idxalına olan gömrük rüsumlarını ləğv edib. Bildirilir ki, bu,  Ermənistanın benzin bazarına təsir edəcək və  uzun illərdir “Rosneft”in  Ermənistana benzin idxalında inhisarçılığına son qoyacaq. Erməni KİV-nin qənaətincə, Qazaxıstandan idxal Ermənistanın bu istiqamətdə Rusiyadan asılılığını minimuma endirəcək, rəqabət olacaq və  hətta qiymətlər düşə bilər ki, bu da iqtisadi böhran şəraitində ermənilər üçün son dərəcə vacibdir.

Erməni mətbuatı bu qərarı tələsik “Azərbaycana sərt zərbə” kimi dəyərləndirib Qazaxıstanla guya münasibətlərimizə xələl gələcəyinə sevinsə də,  məsələnin başqa tərəfləri də var. Ermənistan hökümətinin bu qərarı Kremldə, çətin ki, sakit qarşılansın və bu qərarın rəqabətdən çox siyasi tərəfləri heç də ermənilər üçün xoş olmaya bilər. Onsuz da  Ermənistan-Rusiya münasibətlərindəki mövcud gərginliyin bu qərardan sonra azalma ehtimalı çətin görünür. Bunu, hətta Ermənistanın diplomatik uğuru kimi də qələmə verirlər. İddia olunur ki, güya Xəzər dənizində sərhəd pozuçularının Qazaxıstan sərhədçiləri tərəfindən güllələnməsindən sonra Azərbaycanla Qazaxıstanın arasında soyuqluq var. Hətta bunu Qazaxıstanın Çinə meyl göstərməsi, Pekinin də İrəvanla dost olması və uyğur probleminə görə Asiya nəhənginin Türkiyə ilə münasibətlərinin gərgin olması ilə də izah edib, özlərinə faydalı əmsal axatarmaqdan da utanmırlar. Bütün bunların fonunda daha bir gülünc iddia ortaya qoyaraq qeyd edirlər ki, güya Mərkəzi Asiya regionundakı güc balansı Ermənistanın xeyrinə dəyişir. Bu iddiaları nə dərəcədə məntiqə uyğun saymaq olar?

  • “Heç bir təsir imkanları olmayan ölkənin özü barədə belə iddia irəli sürməsi siyasi populizmdən başqa nəsə deyil”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bu iddialara yalnız gülmək olar:“Təbiidir ki, Ermənistanın məqsədi Azərbaycanın bütün ölkələrlə arasını vurmağa yönəlib. Hər bir detalda bu amilə toxunmağa cəhd edirlər. Onların Rusiyaya təbii qazın qiyməti ilə bağlı yalvarışları səmərə vermədi. İndi güya bu qərarla Rusiyaya acıq verirlər. Siz Qazaxıstanla Ermənistan arasındakı məsəfəyə baxın. Hətta gömrük rüsumu ləğv edilsə belə,  yanacağın daşınması xərcləri “astarı üzündən baha edəcək”.  Yəni Rusiyadan aldıqlarından da baha başa gələcək. Bununla Paşinyan şou göstərir. Ən maraqlısı isə budur ki, özünü dolandıra bilməyən bir ölkənin, güya yeni dünya düzənində rol oynadığı təəssüratını yaratmağa cəhd edir. Azərbaycanla Qazaxıstanın münasibətləri çox yaxşıdır. Bizi birləşdirən ortaq tarix var. Qazaxıstan uzun müddətdir ki, türk təəssübkeşi rolunda çıxış edir. Qazaxıstanın sərhəd mühafizə xidmətinin Xəzər dənizində Azərbaycan vətəndaşlarına qarşı silah işlətməsi sıradan bir insident olub. Burada hansısa siyasi çaları yalnız bizim düşmənlərimiz axtara bilər.

Nursultan Nazarbayevin prezidentliyi dönəmində bu ölkə KTMT və Avrasiya İttifaqı çərçivəsində Ermənistanın Azərbaycana qarşı bütün təxribatlarının qarşısını alıb və Bakı-Astana əlaqələri öz yüksəliş dönəminə daxil olub. Həmin xətt yenə də davam edir. Ermənilərin Mərkəzi Asiyadakı proseslərə heç bir təsiri ola bilməz. Heç bir təsir imkanları olmayan ölkənin özü barədə belə iddia irəli sürməsi siyasi populizmdən başqa nəsə deyil”.

Doğrudan da gülməli mənzərədir. Öz əhalisinə yanacaq, təbii qaz dilənən bir ölkə bunu da öz xeyrinə yozmağa çalışır. Dilənçiliyin fonunda özü üçün xam xülyalara uyğun geopolitik sistem “qurur”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …