Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Azərbaycan Bakı-Tiflis-Ceyhan kəmərini “Dəmir günbəz”lə qoruyur

Azərbaycan İsrail istehsalı olan “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinin mühafizəsinə cəlb etməyə hazırlaşır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanda nəşr olunan “Rezonansi” qəzeti yazıb. Qəzet yazır ki, Azərbaycanın “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alması ilə əlaqəlidir.

“Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan “Dəmir günbəz” yerləşdiriləcək”-qəzet Azərbaycanın İsraildən həmin sistemləri artıq əldə etdiyinə eyhamla yazır.

Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemləri almaq barədə danışıqlar apardığı haqda hələ ötən ilin sonlarında xəbər yayılmışdı. Daha sonra İsrail mənbələri tərəflərin bu sistemin təchizatına dair müqavilə bağladıqlarını açıqladılar. “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin ilkin versiyası 70 kilometrə qədər məsafədə əsasən taktiki raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdu. Lakin daha sonra bu sistemləri istehsal edən “Rafael Advansed Systems” şirkəti Pentaqonun sifarişi ilə “Dəmir günbəz”lərin modifikasiyasını təkmilləşdirib və nəticədə daha uzaq mənzilli istənilən tip hava hədəflərini vurmaq imkanlarına malik olub. Azərbaycan İsraildən “Dəmir günbəz”lərin məhz bu versiyasını sifariş edib.

“Beynəlxalq hərbi ekspertlər deyirlər ki, “Dəmir günbəz” sistemi “İsgəndər” raketlərinin hücumlarını dəf edə bilər və bu raketlərə qarşı yaxşı müdafiədir”-Gürcüstan qəzeti yazıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Vaxtanq Mayisaya qəzetə açıqlamasında Bakı-Tiflis-Ceyhn neft kəmərinə təhdidlərin Rusiyadan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Rusiya istəsə kəməri bombalaya bilər. “Rusiya bunu dəfələrlə edib, 2008-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına bomba atıb, kəmərin işi bir müddət dayanıb. Ona görə də bununla mütləq barışmaq lazımdır”-o deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın müdafiə sistemlərini səfərbər etməsi Rusiyanın “İsgəndər” raketlərinin daha uzaqmənzilli versiyasını sınaqdan keçirməsinə səbəb olub. “Rusiya bu yaxınlarda “İsgəndər” raketlərinin 700 km radiuslu versiyasını sınaqdan keçirib”-Maisaya deyib. Ekspert əlavə edib ki, üstəlik ruslar digər ixrac neft kəməri Bakı-Supsanın 2 kilometrlik hissəsinə nəzarəti ələ keçiriblər. Və istənilən vaxt kəmərin operator-şirkətinə, habelə Gürcüstana və Azərbaycana ultimatum verə bilər.

“Beləliklə, Azərbaycan hökuməti müasir raketdən müdafiə sistemləri olan “Dəmir günbəz”ləri alıb. Hansı ki, onlar güclü ballistik raketlərdən effektiv istifadə etməklə Bakı-Tiflis-Ceyhan kəmərini qoruya biləcək”-Maisaya bildirib. Onun sözlərinə görə, Azərbaycan kəməri öz ərazisində müdafiə edir, indi Gürcüstan hissəsinin müdafiəsi haqda da düşünmək lazımdır.

“Ruslar Qori-Tbilisi avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yol boyu keçir. Ona görə də ruslar üçün kəmərin Gürcüstan hissəsini sabotajla sıradan çıxarmaq çətin deyil”-ekspert deyib.

Qəzet yazır ki, Azərbaycan Mingəçevir SES, BTC və neft terminalları kimi bir sıra strateji obyektləri müdafiə etmək istəyir. “Azərbaycan müdafiə sahəsində Gürcüstanla müqayisədə çox irəliləyib. Bizim nəinki raketlərə qarşı, eləcə də hava hücumlarına qarşı müdafiə sistemlərimiz yoxdur, öz hava məkanımızı müdafiə edə bilmirik”-Vaxtanq Maisaya gileylənib.

Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amirlan Salukvadze isə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəlki müharibələrin təcrübəsindən çıxış edir. “Məlum olduğu kimi 2008-ci ilin avqust müharibəsi zamanı boru kəmərinə raket zərbəsi endirmək cəhdi olmuşdu. Əlbətdə, əgər Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa energetika obyektlərinə, o cümlədən boru kəmərlərinə raket zərbələri endirmək cəhdləri olacaq. Hələlik mən belə müharibə riskini görmürəm”-general deyib.

Salukvadze qeyd edib ki, əgər Ermənistan energetika infrastrukturlarını hədəf almağa cəhd eləsə daha irimiqyaslı hərbi əməliyyatlara və ya cavab raket zərbələrinə gətirib çıxaracaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir