Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Azərbaycan hərbçilərinin sirrini yayan agent tutuldu

Hasanzada Bahramın hansı ölkə vətəndaşı olması və  hansı ölkə ilə sərhəddə saxlanıldığı haqda rəsmi bilgi verilmir; bəs onu hansı cəza gözləyir?

Xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bahram Hasanzada dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılıb, DTX İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplayıb, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.

Hazırda araşdırmalar davam edir.

Qeyd edək ki, Hasanzada Bahram Nusrat oğlunun hansı ölkə vətəndaşı olması ilə bağlı məlumat verilmir. Eləcə də onun dövlət sərhədimizin hansı ölkə ilə sərhədində saxlanıldığı haqda bilgi yoxdur.    

“Yeni Müsavat” casusluqla bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan cəzanı təqdim edir. Cinayət Məcəlləsinin 276-cı maddəsində deyilir:

“Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

318-ci maddədə isə deyilir:

318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə-

– iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

318.2. Bu məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə-

– beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (musavat.com)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir