Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.
APA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövləti başçısına raport verib.
Prezident İlham Əliyevə məlumat verilib ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var. Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub. Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.
Qərargah binasının foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını əks etdirən fotostend yaradılıb. Binadakı brifinq və xidməti otaqlar zəruri inventarla təchiz olunub. Burada hərbçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı əsgər kazarmasında da olub. Müasir səviyyədə yaradılan kazarmada əsgərlərin qalmaları və istirahət etmələri üçün bütün şərait var.
Sonra dövlət başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası və hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.