Azərbaycan Nazirlər Kabineti “Yaşıllıqların bərpası Qaydası”nı təsdiq edib.
“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydalarını müəyyən edir.
Yaşıllıqların salınmasını, bərpasını və genişləndirilməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə istiqamətlərindən hesab olunur.
Yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaitinin, qrantların və digər yardımların ayrılması dəstəklənir.
Yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək, daimi becərmə və əlavə əkinlər aparmaqla yaşıllıq sahələrinin azalmasına yol verməməkdir. Yaşıllıqların təbii istismar müddətinin bitməsi yerli iqlim və torpaq şəraitindən asılı olaraq onların yaş dövrünü başa vuraraq, hissə-hissə quruyub kök sisteminin zəifləməsi nəticəsində təbii qocalmasını nəzərdə tutur. Yaşıllıqların təbii istismar müddəti bitdikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin qərarı ilə yaşıllıqlar əsaslı rekonstruksiya olunur. Əsaslı rekonstruksiya iqtisadi cəhətdən səmərəsiz olduqda, təbii istismar müddəti bitmiş yaşıllıqlar torpaqdan çıxarılır və yaşıllığın bərpası məqsədi ilə həmin ərazilərdə bu qaydaya uyğun yeni yaşıllıqlar salınır.
Yaşıllıqlarda rekonstruksiya işlərinin həcmi hər ilin sentyabr ayında “Meşə əkinlərində, qoruyucu meşəliklərdə, tinglik sahələrində meşələrin təbii bərpasına köməklik və cavan ağaclıqlar yetişdirib qiymətli ağaclıqlar kateqoriyasına keçirilən sahələrdə inventarlaşma işlərinin aparılmasına dair texniki göstəriş”lər rəsmi statistik hesabat əsasında aparılan inventarlaşma zamanı müəyyən edilir. Yaşıllıqların bərpası yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədlərinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış ərazilərdə həyata keçirilir. Yaşıllıqların bərpası 1 il müddətində həyata keçirilir. Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir. Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Yaşıllıqların bərpa dəyəri ağaclar üzrə 1 ağac, kollar üzrə 1 kol, canlı çəpərlər üzrə 1 metr kol bitkisi, gül-çiçəklər üzrə 1 kvadratmetr gül-çiçək və ot bitkiləri üzrə 1 kvadratmetr ot örtüyü ilə hesablanır.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …