Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan ölkəmizə ekstradisiya olunması ilə bağlı məsələ hələ də yubanır. Hətta vəziyyət o yerə çatıb ki, Azərbaycanın Rusiyadakı səfirliyi bununla bağlı Moskvaya rəsmi nota verib.
Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar: “Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər. F.Abbasovun deportasiyasının bu şəkildə yubadılması kimə lazımdır və Moskva niyə bunu edir?
- Azər Həsrət: “… şübhəli məqamların olduğunu və bu işdə hansısa maraqlı qüvvələrin maneçilik törətdiyini söyləməyə əsas verir”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, F.Abbasovla bağlı məsələ qaranlıq məqamlarla zəngindir: “Onun deportasiya olunması bu qədər uzun çəkməməlidir. Çünki Rusiya qanunvericiliyinə görə, onu təcili şəkildə Azərbaycana göndərməli idilər. İkinci bir tərəfdən isə, mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, Fuad bir müddət əvvəl Rusiyadan deportasiya edilibmiş, sadəcə, sərhədi yenidən Belarus üzərindən qanunsuz keçdiyi üçün həbs edilib. Açığını deyim ki, bu məlumatın nə dərəcədə doğru olub-olmadığı barədə nəsə deyə bilmərəm. Amma aydın şəkildə görünür ki, məsələnin bu qədər şişirdilməsi hansısa qaranlıq məqamlardan xəbər verir. Bu səbəbdən də proses başlayandan çox təmkinli davranmağa üstünlük verirəm. Bununla bağlı böyük şərhlər də vermirəm. Çünki F.Abbasov barəsində müəyyən fikirlər dolaşır. Ola bilər ki, kimlərsə həmin fikirləri məqsədli şəkildə dövriyyəyə buraxır. Prosesin özünün də belə əcaib və süründürməçiliklə aparılması, mütləq mənada, şübhəli məqamların olduğunu və bu işdə hansısa maraqlı qüvvələrin maneçilik törətdiyini söyləməyə əsas verir. İstərdim ki, Fuadın ölkəyə dönüşünü gözləyək, onun özünün açıqlamaları ilə tanış olaq. Bundan sonra ətraflı məlumat verə bilərik. Həqiqətən də biz bu əcaib prosesin tezliklə yekunlaşmasını istəyirik”.
Məhəmmədəli QƏRİBLİ