Vətəndaş Hüquqları İnstitutu bunun problem yaradacağını deyir
Avqustun 9-dan Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyasına start verilir.
Sual doğuran məqamlardan biri də işğaldan azad edilən rayonların bəzilərində seçki kampaniyasının aparılması ilə bağlıdır.
Şuşa, Laçın şəhərinin özü, Zabux kəndi, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli rayonunda məskunlaşma aparıldığından namizədlər və onlarla birgə həmin rayonlara getmək istəyənlər mütləq Daxili İşlər Nazirliyinin (DİN) portalında qeydiyyata düşməlidirlər.
O cümlədən, seçkini müşahidə edən müşahidəçilər də DİN-ə müraciət etməli olacaqlar.
Bu barədə Meydan TV-yə nazirliyin rəsmisi Elşad Hacıyev bildirib.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə bu məsələdə ciddi problem görmür:
“Namizədlər dairə komissiyalarına və bizə müraciət edəcəklər, bundan sonra onlar həmin rayonlara gedə biləcəklər”.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı istər-istəməz problem yaranacağını düşünür:
“Tutaq ki, müşahidəçilər getmək istəyir, onlar da az deyil, belə çıxır ki, hər dəfə qeydiyyata düşməlidir?! 23 gün seçki kampaniyası dövrünü əhatə edir, adamlar həmişə eyni maşınla getmir, dəyişirlər də. Bu mənada istər-istəməz problem yaşanacaq”.
Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının nümayəndəsi Zaur İbrahimli deyir ki, onların təşkilatı bu məsələni əvvəlcədən həll edib:
“Bilirdik ki, belə bir problem yarana bilər, ona görə əvvəlcədən də aradan qaldırdıq. Yəni ora köçüb yaşayan qeyri-hökumət təşkilatlarının nümayəndələri var, hətta rəhbərləri də, onları ictimaiyyət də tanıyır, sadəcə, şəxsi həyat toxunulmazlığı baxımından ad çəkməyəcəyəm. Bu adamlar müşahidəçi kimi seçkilərə cəlb olunub. Ümumiyyətlə, müşahidəçi korpusumuzu qeyri-hökumət təşkilatlarının sədrləri və fəalları təşkil edir. Zaman-zaman özlərinin razılığını alandan sonra məlumat verəcəyik”.
Parlament seçkiyə gedir
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
MSK sədri Məzahir Pənahov deyib ki, 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Sentyabrın 1-də keçiriləcək seçkiləri partiyalardan yalnız AXCP boykot edir.