Cümə , 19 Aprel 2024
Drone Cameras

Azay Quliyev QHT-ləri ECOSOC-a üzv olmağa çağırıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yardımı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “BMT yanında Məşvərətçi Status: QHT lər üçün imkan və faydalar ” mövzusunda videokonfrans keçirib.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev videokonfransda çıxış edib. Azay Quliyev bildirib ki, BMT ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Hələ 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan bu ay Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. BMT-nin 120-dən çox ölkəsinin dövlət və hökumət başçısını bir araya gətirən bu tədbirdə Baş katib Antonio Guterresin də video müraciəti dinlənilib. Bütün iştirakçılar COVID-19 pandemiyası ilə mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Şura sədri deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları da BMT orqanlarında səmərəli fəaliyyət göstərirlər. Azərbaycanın hazırda 16 QHT-sinin BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv olaraq xarici tərəfdaşlarla yaxından işləməsi çox təqdirəlayiqdir: “Məmnuniyyətlə qeyd edmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə BMT qurumları arasında da əməkdaşlıq səviyyəsi öz sıxlığı və məhsuldarlığı ilə fərqlənir. BMT-nin ölkəmizdəki nümayəndəliyi və ixtisaslaşmış qurumları ilə birlikdə bir sıra birgə layihələr uğurla həyata keçirilib. Şura hər zaman Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq səviyyədə daha geniş təmsil olunmasını təşviq edir. Şura hər il bir çox yerli QHT-lərin BMT, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların yüksək səviyyəli tədbir və görüşlərində iştirakı üçün onlara xarici səfər qrantları ayırır. BMT qurumları ilə QHT-lər arasında mümkün əməkdaşlıqdan danışarkən qeyd etmək lazımdır ki, Şura elektron və ya rəqəmsal hökumət sahəsində BMT ilə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə böyük diqqət yetirir”.

Azay Quliyev 2019-cu ildə “Hökümət – QHT – Vətəndaş” üçtərəfli əməkdaşlığının tamamilə yeni bir modeli olan və Şuranın 20 elektron xidmətini bir araya gətirən “SƏLİS” Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemini təqdim etdiklərini və bununla da Şuranın fəaliyyətinin e-hökumətə tam keçidinə nail olduqlarını vurğulayıb: “BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzaiyə SƏLİS-in təqdimat mərasimində bu Sistemin tezliklə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin mümkün olacağını bildirdiyinə görə təşəkkür edirəm. Onu da qeyd etmək istərdim ki, biz cənab İshaqzai və BMT-nin müvafiq qurumları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

Azay Quliyev Şuranın COVID-19 pandemiyasının beynəlxalq gündəmin əsas məsələsi olduğunu nəzərə alaraq ötən həftə 11 ölkənin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini bir araya gətirərək onların təmsil etdikləri dövlətlərin koronavirusla mübarizə istiqamətində milli təcrübələrinə dair beynəlxalq videokonfrans keçirdiyini bildirib. Konfransda Ümumdünya Səhiyyə Təşkilatına (BST) Bəyanat ünvanlanıb və pandemiya və post-pandemiya dövründə birgə fəaliyyət planı barədə ÜST-ə məlumat verilib.

Azay Quliyev Şuranın ECOSOC-un məqsədlərini və missiyasını dəstəklədiyini bu beynəlxalq quruma üzv olmaq istəyən hər bir yerli QHT-yə lazımi maliyyə, metodik, konsultativ və texniki yardım verməyə hazır olduğunu deyib: “BAMF-ın prezidenti Umud Rəhimoğlunun böyük təcrübəsini və onun rəhbərlik etdiyi təşkilatın müvafiq resurslarını nəzərə alaraq Azərbaycan QHT-lərinin ECOSOC-a üzvlüyünün təşviqi prosesinin koordinasiyasını ona həvalə etmək təklifini vermək istərdim. İnanıram ki, BAMF tərəfindən təşkil edilə biləcək seminar və məlumat sessiyaları Azərbaycanın vətəndaş cəmiyyətinin bu qurumda daha geniş təmsil olunmasına töhfə verə bilər. QHT-lərin ECOSOC çərçivəsində məşvərətçi statusu almaq üçün son müraciət tarixinin 1 iyun 2020-ci ilin olduğunu nəzərə alaraq hesab edirəm ki, bütün texniki detalları razılaşdırmalı və bu tədbirləri ən qısa müddətdə başlamalıyıq.

Yerli QHT-ləri istənilən qeyri-hökumət təşkilatı üçün böyük bir üstünlük olan ECOSOC üzvlüyünə müraciət etməyə çağırıram. Bunun sayəsində onlar müxtəlif vacib mövzularda beynəlxalq tədbirlərdə iştirak etmək və əlbəttə ölkəmizi beynəlxalq arenada təmsil etmək, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yürütdüyü işğalçılıq siyasəti barədə daha geniş auditoriyanı məlumatlandırmaq və bu məsələ ilə bağlı BMT-yə ətraflı alternativ hesabatlar təqdim etmək üçün daha böyük imkanlar qazanacaqlar. Yekunda Şura ilə BMT-nin müvafiq qurumları arasında daha sıx əməkdaşlığa ümidvar olduğumu bildirmək istərdim”.

Azay Quliyev Şura və BMT-nin Bakı Ofisi, Minilliyin İnkişaf Məqsədlərinin icrasında vətəndaş cəmiyyətinin iştirakını artırmaq məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalaya biləcəklərini və Şuranın bununla bağlı lazımi maddi və texniki yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …