Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Azay Quliyev Vyanada sülh prosesinin optimal modelini təklif etdi – detallar və tələblər

“Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debatda ATƏT PA-nın vitse-prezidenti məruzə etdi

Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev 22 fevralda Vyanada “Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debatda maraqlı çıxış edib.

Musavat.com onun çıxışını təqdim edir:

– Digər münaqişələr haqqında məlumatların həmkarlarım tərəfindən təqdim ediləcəyini nəzərə alaraq, mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti haqqında sizi qısaca məlumatlandırmaq istərdim.

Son 3 ay ərzində biz Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli dialoqun yaradılması prosesində bir sıra müsbət siqnalların şahidi olmuşuq. Bu da öz növbəsində müəyyən müsbət nəticələrə gətirə biləcək substantiv danışıqların intensivləşdirilməsi ilə bağlı ehtiyatlı optimizmin yaranması üçün imkan yaradır.
Bundan əlavə, mən hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xalqlarının sülhə hazırlanmasına ehtiyacın olması haqqında bu yaxınlıqda yaydıqları bəyanatı da müsbət qarşıladığımı bildirmək istərdim.
Düşünürəm ki, bu mümkündür. Lakin uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq, digər məsələlərlə yanaşı, münaqişə tərəfləri arasında nəticəli danışıqlar şəraitin və ya etimadın yaradılması üçün bir neçə vacib addım atılmalıdır.

Nə etmək mümkündür?

Biz ən sadə addımlardan başlaya bilərik. Məsələn, bir neçə ay əvvəl rəsmi Bakı “hamının-hamıya” prinsipi əsasında Ermənistan və Azərbaycanda olan və Qırmızı xaç komitəsində qeydiyyatdan keçən arasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış etmişdir. İnanıram ki, bu, daha mürəkkəb məsələlərin həlli yolunda başlanğıc nöqtəsi rolunu oynaya bilər. Ancaq təəssüf ki, Ermənistan bu təklifə və Azərbaycanın xoş məramına hələ də müsbət reaksiya verməyib.
Biz həm də dərhal Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu başlaya bilərik. Əminəm ki, bu cür əlaqələrin qurulması hər iki icmaya sülh şəraitində birgəyaşayışın zərurətini daha yaxşı anlamağa, eləcə də onların birgə yaşamalı olduğu ərazinin yekun hüquqi statusunun müəyyən edilməsi üçün ən optimal yolu tapmağa yardım edəcək.

Ümid edirəm ki, regionumuzda sülhün və təhlükəsizliyin bərqərar olunması naminə Ermənistanın yeni nümayəndə heyəti bu iki aktual və perspektivli təklifi dəstəkləyəcək.
Yuxarıda qeyd etdiyim tədbirlərin həyata keçiriləcəyi təqdirdə biz daha çətin və qaçılmaz mərhələyə keçid edə bilərik.
Bu addımlar həm də artıq neçə ildir ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dövlət başçılarının, yəni ABŞ, Rusiya Federasiyası və Fransa prezidentlərinin tələb etdiyi status-kvonun dəyişdirilməsini nəzərdə tutur.
Status-kvonun dəyişdirilməsi isə öz növbəsində Dağlıq Qarabağ regionuna aidiyyəti olmayan 7 rayonumuzun Ermənistan tərəfindən tədricən işğalının dayandırılmasını və azad edilməsini nəzərdə tutur.

Ümid edirəm ki, ölkələrimizin xarici işlər nazirləri mərhələli yanaşmanı tam olaraq dəstəkləyən Madrid prinsipləri formatında münaqişəni həll etməyə hazırdırlar.
Bir halda ki, biz bu gün hər iki ölkə xalqlarının sülh prosesinə hazırlanmasından danışırıq, o zaman mən Ermənistanın yeni rəhbərliyini Azərbaycanın işğal edilmiş ərazilərində bütün növ qanunsuz iqtisadi fəaliyyətləri və təbii resursların istifadəsini dayandırmağa çağırmaq istərdim.

Bundan əlavə, Ermənistanı qanunsuz hərbi təlimləri, suriyalı qaçqınların işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırılmasını, eləcə də Azərbaycan xalqının mədəni və tarixi abidələrinin dağıdılması və ermıniləşdirilməsini dayandırmağa çağırıram.
Bütün bunlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək və xalqlarımızı dayanıqlı və uzunmüddətli sülhə hazırlamaq üçün ən minimal tələblərdir.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir