“Ən azından, dünya baxıb maraqlanır ki, görəsən Prezident də başda olmaqla on minlərlə insanın qatıldığı izdiham niyə yürüş edir?”
Sənan Nəcəfov: “Bakıda baş versə də, bu, beynəlxalq ictimaiyyətə yönəlik mesajdır, beynəlxalq xarakterli aksiyadır”
Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüar nümayiş etdirilib.
Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirib.
Bu izdihamlı yürüşlə Azərbaycan xalqı dünyaya başqa hansı mesajları vermiş oldu?
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında aktiv blogerlik fəaliyyəti göstərən, tanınmış ictimai fəal Sənan Nəcəfov bizimlə söhbətində bildirdi ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə həyata keçirilən, cənab Prezidentin rəhbərliyi ilə başlanan ümumxalq yürüşü sayca 3-cüdür: “Bu günə qədər faciənin 20 illiyi ilə əlaqədar olaraq 2012-ci ildə, 25 illiyi ilə əlaqədar olaraq 2017-ci ildə keçirilib. Hər üç yürüşdə on minlərlə iştirakçının, Prezident Adminstrasiyasından çalışan məmurdan tutmuş, adi vətəndaşa qədər heç bir fərq qoyulmadan hər bir kəsin əlində həmin dəhşətli hadisələrin günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırıma beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırım qurbanlarının adları, soyadlarının əks olunduğu, Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar olub: “Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilib”.
Sənan Nəcəfovun sözlərinə görə, insanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən illərdə Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətləri yaddaşlardan silinməyib: “Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Amma dünya buna hələ tam qiymət verməyib. Bu yürüşün əhəmiyyətlərindən biri də məhz budur. Məsələ bundadır ki, Xocalı soyqırımı ilə əlaqədar keçirilən ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Ən azından, dünya baxıb maraqlanır ki, görəsən Prezident də başda olmaqla on minlərlə insanın qatıldığı izdiham niyə yürüş edir? Təbii ki, bu aksiyanı beynəlxalq media yayımlayır. Əslində, Bakıda baş versə də, bu, beynəlxalq ictimaiyyətə yönəlik mesajdır, beynəlxalq xarakterli aksiyadır. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər”.
Məhəmmədəli QƏRİBLİ