Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Bakı Metropoliteni”nin işçiləri: “Rəhbərlik bizi ixtisara salmaq istəyir”

Aksiyaçılar deyirlər ki, ixtisarın hansı kriteriyalar əsasında aparıldığı onlar üçün qaranlıqdır

Dekabrın 9-da Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan işçilər deyirlər ki, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub.

Aksiyaçılardan biri Sarı Əsgərov BBC Azərbaycancaya deyib ki, o, uzun illərdir bu qurumda çalışıb və ixtisara düşməsini eşidəndə çox təəccüblənib:

“İxtisaslı fəhləyəm, bir müddətdir, arada öz hesabımıza məzuniyyətə buraxırdılar, maaş ala bilmirdik. Amma yenə də dözürdük ki, iş yeridi. İndi mən hara gedim, ailəmi nə ilə dolandırım?”

“Adımız siyahıya qərəzli salınıb”

Qurumun Tunel Tikinti dəstəsi 2 saylı idarəsinin işçisi Tural Hüseynoğlu da adının “ixtisar siyahısında” olduğunu deyir:
“Ümumilikdə, 230 nəfərin ixtisara düşməsi ilə bağlı məlumat var. Bizim idarədə 70 nəfər ixtisara düşüb”.

Tural Hüseynoğlunun sözlərinə görə, ixtisara düşənlərin əksəriyyəti gənc kadrlardır və o əlavə edir ki, ixtisarın hansı kriteriyalar əsasında aparıldığı onlar üçün qaranlıqdır:

“24 yaşım var, yeraltı qazmaçıyam, 5 ildir burda işləyirəm. Pis işçi sayılmıram, eləcə də adı siyahıda olanların çoxu yaxşı işçilər hesab olunub. Biz hesab edirik ki, adımız ixtisar siyahısına qərəzli salınıb”.

Aksiyaçılar deyirlər ki, əmək müqaviləsində müqavilənin “qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur, onlar deyirlər.

Tural Hüseynoğlu əlavə edir ki, aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və əmək müqaviləsinə xitam verilməsini istəmirlər:
“Biz haqlarımızı qoruyacağıq. Prezident Administrasiyasında olmuşuq. Bizə vəd veriblər ki, məsələni yoluna qoyacaqlar”.

“İş həcmi azadlığı üçün əmək müqaviləsinə xitam verilir”

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev BBC Azərbaycancaya bildirib ki, “iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilir.

Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə “orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş” də edilir: “Hətta razılaşmada qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək”.

Nəsimi Paşayev deyir ki, hazırda 50 işçi ilə “qarşılıqlı razılaşma əsasında” müqavilə dayandırılıb.

“İxtisar kriteriyası belədir ki, əgər hazırda, məsələn, qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq. Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışır. Ya da sosial kriteriyalara üstünlük verilir”.

Nəsimi Paşayev deyir ki, sosial kriteriyalar dedikdə şəxs əgər “şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir” (BBC).

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir