Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Bakıda “Gulca qətliamı” – Çin dövlətinin Uyğur Türklərinə qarşı siyasəti: qətliamlar və işgəncələr” mövzusunda dəyirmi masa keçirilib

Boyukmillet.com xəbər verir ki, 5 fevral 2024-cü il tarixində İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi insan hüquqları təşkilatının ofisində “Gulca qətliamı” – Çin dövlətinin Uyğur Türklərinə qarşı siyasəti: qətliamlar və işgəncələr” mövzusunda dəyirmi masa keçirilib.

Mərkəzin rəhbəri hüquq müdafiəçisi Fikrət Cəfərli bildirdi ki, bu konfransın keçirilməsinin bir neçə məqsədi var. Bunlardan ən birincisi hələ 27 il əvvəl 5 fevral tarixində Şərqi Türküstanın – Sincan Uyğur Muxtar Rayonunun Gulca şəhərində xalq kütlələrinin haqq-ədalət, demokratiya, insan hüquq və azadlıqları, birgəyaşayış hüquqlarının tanınması uğrunda keçirdiyi dinc aksiyalarda həyatını itirmiş, zorakılıqlarla üzləşmiş, həbs düşərgələrində dəhşətli işgəncələrə məruz qalmış uyğurları yad etməkdirsə, digər bir məqsəd isə bütün bu soyqırımı, repressiyaları, siyasi təqibləri həyata keçirən Çin dövlətinə şiddətli etiraz etməkdir.

Dəyirmi masanı maraqlı edən cəhətlərdən biri Dünya Uyğur Türkləri Qurultayının Baş Katibi, Ankara Universitetinin professoru Erkin Emet bəyin onlayn formatda, eləcə də Cənubi Azərbaycandan aydınımız Babək Azəroğlunun, Gürcüstan Türklər Konfederasiyasının sədri hüquqşünas Elmar Həsənlinin tədbirə qatılması oldu. Bundan başqa, konfransda tanınmış siyasət adamı Anar Əsədli, ATTAÖM sədri Mirzə Rəşad Orbey, ziyalılar – Qaçqın və Deportasiya Olunmuşlara Dayaq İctimai Birliyinin həmtəsisçisi Əlövsət Xalıqverdiyev və eyni təşkilatın qadın qollarının rəhbəri Rəqibə xanım İsbiyeva və media təmsilçiləri iştiak edirdilər.

Dəyirmi masada iştirak edən ziyalılar çıxış edərək, Çin dövlətinin uyğur türklərinə qarşı apardığı repressiya siyasətini, bu gün də davam edən işgəncələri şiddətlə qınadılar, dünya ictimaiyyətini, eləcə də Türk dünyası və müsəlman xalqlarını Şərqi Türküstanda yaşanan faciəli insanlıq dramına biganə qalmamağa çağırış etdilər.

Vurğulandı ki, BMT-nin İnsan Haqları Şurası, ABŞ Konqresi, Britaniya parlamenti və bir sıra başqa ölkələrin parlamentlərinin Uyğur Türklərinin ən elementar hüquqlarının bərpa olunması ilə bağlı qəbul elədikləri qətnamələr, bəyanatlar və qanun layihələri bu gün Çin dövlətinə qarşı ciddi beynəlxalq təzyiq mexanizmlərinin əsasını təşkil edir.

Türk Dövlətləri Təşkilatında birləşən türk respublikalarının son vaxtlar bu məsələni beynəlxalq siyasi gündəmin əsas müzakirəsinə çevirməsinin zəruri olmasını xüsusi olaraq vurğulayan tədbir iştirakçıları, cəmiyyəti mövzuya həssas yanaşmağa dəvət etdi.

Tədbirin sonunda konfrans iştirakçıları qərəra gəldilər ki, “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı adından dünya ictimaiyyətinə, Çin dövləti tərəfindən Uyğur Türklərinə qarşı işgəncələrə, repressiyalara, siyasi təqiblərə son qoyulması, hüquqlarının bərpa olunması, təməl insan haqlarının tanınmasına çağıran bəyanat qəbul edilsin.

Check Also

Azərbaycanın daxili işlərinə müdaxilə… – Blinkenə cavab

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Entoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə …