Berlin isə Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadə etməsinə icazə verməyi nəzərdən keçirəcək
Amerika Ukraynaya Rusiyadakı bəzi hədəflərə zərbələr endirmək üçün Vaşinqton tərəfindən təmin edilən silahlardan istifadə etməyə icazə verib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynanın Rusiya ərazisinə Amerika silahlarından istifadə etməklə, ancaq Xarkov vilayəti yaxınlığında zərbələr endirməsinə özəl olaraq icazə verib.
Nəşrə açıqlama verən Bayden administrasiyasındakı mənbənin sözlərinə görə, belə bir addımın məqsədi Ukraynanın Rusiya qüvvələrinə cavab zərbəsi endirməkdir:
“Baydenin qərarına səbəb kimi “Politico”nun həmsöhbətləri Ukrayna üçün döyüş meydanında pisləşən şəraiti, yəni Rusiyanın Xarkov vilayətində irəliləyişini və mövqelərini yaxşılaşdırmasını göstəriblər”.
NATO-nun Baş katibi Yens Stoltenberq bu günlərdə bildirmişdi ki, Xarkov vilayətində sərhəd döyüşləri fonunda müttəfiqlər Ukraynanın Rusiyaya Qərb silahları ilə zərbə endirməsinə qoyulan qadağalara yenidən baxmalıdırlar.
Artıq bəzi Avropa dövlətləri bu mövqeyi dəstəklədiklərini açıq şəkildə bəyan ediblər.
Mayın 30-da Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umerovla görüşündə deyib ki, Berlin Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadə etməsinə icazə verməyi nəzərdən keçirəcək.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.