Gürcüstanın Cavaxetiya bölgəsində yerləşən Budaşen kəndində erməni terrorçusu Mixail Avaqyana abidə qoyulmasına etiraz əlaməti olaraq Beynəlxalq Diaspor Mərkəzi etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir:
Gürcüstanın Axalkalaki rayonunun Budaşen kəndində Xocalıda Azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyulması xalqımızın qəzəbinə səbəb olmuşdur. Məhz 20 yanvar tarixində Gürcüstanda erməni terrorçusuna qoyulmuş abidənin açılış mərasiminin keçirilməsini Azərbaycan-Gürcüstan xalqları arasında dostluq və dövlətlər arasında mehribançılıq münasibətlərinə qarşı açıq şəkildə təxribat xarakteri daşıyır. Açılış mərasimində rəsmi şəxslərin iştirak etməsi və abidənin yanında Ermənistan bayrağı ilə yanaşı Gürcüstanın da bayrağının asılması qəzəb və hiddət doğurur. Separatizmdən əziyyət çəkən eyni zamanda ərazilərinin bir hissəsinə də ermənilərin iddia etdiyi Gürcüstan dövlətinin Ermənistanın bu addımına göz yumması qəbuledilməzdir.
Gürcüstanın ən ağır dövrlərində Azərbaycan dövləti hərtərəfli dəstəyini bu ölkəyə göstərərək birmənalı mövqe nümayiş etdirmişdir. İllər boyu böyük siyasi-iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Gürcüstan da pay qazanaraq, beynəlxalq lahiyələrin əsas iştirakçılarından olmuşdur. Ayrı-ayrı dövrlərdə Gürcüstanda, öz ata-baba yurdlarında yaşayan soydaşlarımıza qarşı edilən haqsızlıqlara baxmayaraq onlar daim Gürcüstanın bütövlüyünü dəstəkləmiş gürcü xalqı ilə həmrəylik nümayiş etdirmişlər.
Beynəlxalq Diaspor Mərkəzi olaraq bütün bunları qeyd etməklə Gürcüstanda terrorçu erməniyə abidə qoyulmasını kəskin şəkildə pisləyir və bunun Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirdiyini bəyan edirik. İnanırıq ki Gürcüstan rəsmi dairələri qısa zamanda məlum abidənin götürülməsi ilə bağlı qərar qəbul edərək həm Azərbaycan xalqı ilə xoş və səmimi münasibətlərini bir daha nümayiş etdirəcək, həm də terror və terrorçularla bir sırada durmayıb demokratiya və dünyəvi dəyərlərə sadiq qaldığını göstərəcəkdir.