AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Türkiyənin İzmir şəhərində keçirilən “IV. Beynəlxalq tətbiqi sosial elmlər” konqresdə iştirak edib.
Dünyanın bir çox ölkələrinin alim və mütəxəssislərin qatıldığı onlayn tədbirdə Toğrul Xəlilov “Son Tunc dövründə Naxçıvanın dulusçuluq sənəti” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın bütün bölgələrində olduğu kimi Naxçıvanda da duluscuğun tarixinin qədim olduğunu bildirib. Qeyd edib ki, bu sənətkarlıq sahəsinin tarixi Neolit dövründən başlayır və bu gün də öz inkişafını daha təkmil formada davam etdirir.
Alim məruzəsində Naxçıvan Muxtar Respublikasının ərazisindəki Son Tunc dövrünə aid olan I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Plovdağ, Qazxan və digər arxeoloji abidələrdən aşkar olunmuş keramika məmulatlarının təyinatı, hazırlanma texnologiyası, forma və xüsusiyyətləri haqqında məlumat verib. Bildirib ki, Tunc dövründə Naxçıvanda dulusçuluq ən mühüm sənətkarlıq sahəsi olub. Keramika məmulatları ayrı-ayrı dulusçular tərəfindən, müxtəlif dulusçu emalatxanalarında düzəldilibdir. Bu dövrdə keramika məmulatlarının çeşidləri çox, keyfiyyəti yaxşı olub. Forma və xüsusiyyətlərinə görə bir-birindən fərqlənən keramika məmulatının hər biri müəyyən məqsədlərlə istifadə edilib. Məmulatların üzərindəki ornamentlər onlara müəyyən gözəllik verməklə yanaşı insanların dini-ideoloji görüşləri, düşüncə tərzi, bədii-estetik zövqü, həyat tərzi ilə bağlılıq təşkil edib.
Tarixçi alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında ciddi müzakirələr aparılıb. Sonra Toğrul Xəlilov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Naxçıvan Bölməsinin mətbuat xidməti
Boyukmillet.com