Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Klubunun növbəti yığıncağı olub.
Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin aparıcısı tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Klubun üzvləri olan müxtəlif universitetlərin tələbələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər.
Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev Azərbaycan tarixinin qaranlıq məqamlarının öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünyada yayılması, şərəfli səhifələrin təbliği məqsədilə Klub üzvlərinin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Klub üzvləri üçün mütəmadi olaraq maraqlı mühazirələrin, ekskursiyaların təşkil olunduğunu xatırladan İsaxan Vəliyev alim və mütəxəssislərin iştirakı ilə tarixi-sənədli filmlərin müzakirəsinin Klubun işinə təkan verəcəyini diqqətə çatdırıb.
Tələbələrə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin istehsal etdiyi “Danışan tarix: erməni xisləti – 24 aprel” sənədli televiziya filmi nümayiş olunub.
Nümayişdən sonra Mahir Qəribov və Atamoğlan Məmmədli iyirminci əsrin əvvəllərindəki tarixi-siyasi mənzərə və 1915-ci il hadisələri barədə tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, ermənilər 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi qələmə verir, bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə çalışırlar. Halbuki onların iddia etdikləri həmin hadisə soyqırımı olmayıb, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün hazırlamış olduğu müdafiə tədbiri idi.
Sonra mütəxəssilər “Tariximizi öyrənək və öyrədək” Klubunun üzvlərinin çoxsaylı suallarını cavablandırıblar.