Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Bilməzdik ki, 15 il çəkəcək…” – Qələmli döyüşçülər haqda yubiley yazısı

“Zabit kimi orduda xidmət etdiyim dövrlərdə ordu ilə cəmiyyət, mətbuatla ordu arasında problemlər vardı. Mətbuat bəzən orduda olan hadisələr haqda doğru yazmırdı. Bəzən ordudakı zabitlərlə ünsiyyət qurmaq istəyirdilər, alınmırdı. Bu, dünyanın hər yerində belədir. Güc strukturları daim dövlət sirlərini mühafizə edir. Bu səbəbdən də mətbuat, cəmiyyət üçün də maraqlı olur. Biz də ordu-cəmiyyət əlaqələrinin yaranması, ehtiyatda olan zabitlərlə ünsiyyət, onların bilik və bacarıqlarını gənclər arasında təbliğ etmək, hərbi və dövlət sirlərinin qorunması, gənclərin hərbi-vətənpərvərlik mövzusunda tərbiyə edilməsi, dövlət rəmzlərinin təbliği, gənclərdə ordu haqda yetərli biliklərinin olması üçün 200-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyini təsis etdik. Sonra düşündük ki, özümüzün mətbu orqanı olsun və 2002-ci ilin noyabrın 15-də “Hərbi and” adlı qəzetimizi təsis etdik”.

Bunu “Hərbi and” qəzetinin təsisçisi və baş redaktoru, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, ehtiyatda olan hərbçi Emin Həsənli deyir.

15 ildir “Hərbi and” hərbi vətənpərvərlik və hüquq qəzeti həftədə bir dəfə 4500 tirajla çap edilir. Yarandığı ilk günlərdən səhifələrində vətənpərvərlik hissinin aşılanması istiqamətində yazılara üstünlük verib. Qəzet bu gün də o ənənəni davam etdirir.

– İlk sayımızdan qəhrəmanlıq tariximizi təbliğ etməyə başladıq. Eyni zamanda, qardaş Türkiyənin Bakıdakı səfirliyi ilə Bakının işğaldan azad olunmasının ildönümlərini qeyd etməyə başladıq. Gənclər və İdman Nazirliyi xüsusi diqqət göstərir bizə. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti ilə əməkdaşlıq etməyə başladıq. Hər biri qəzetimizə abunə olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan bəri rayon idarələrinə, şöbələrinə bizim qəzet gedir.

İki gün əvvəl, qəzetimizin 15 illiyi münasibətilə Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral bir neçə əməkdaşımızı qəbul etdi. Bir neçə nazirliklərdən, ayrı-ayrı QHT rəhbərlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən təbrik almışıq. Ölkə rəhbərliyi də qəzetimizin fəaliyyətini yüksək qiymətləndirib. 2 əməkdaşımız – baş redaktorun müavinləri Elnurə Qarayeva və Şöhrət Eyvazlı “Tərəqqi” medalı ilə təltif olunub. Bu il jurnalistlərin binasından mənə mənzil hədiyyə olunub. Qəzetimizin dövlət qurumlarının hamısı ilə sıx əməkdaşlığı var. Qarşılıqlı etimad mühiti var. Dünya ordularında olduğu kimi, Azərbaycan ordusunda da informasiya texnologiyaları məhdudlaşdırılır. Hərbi və dövlət sirlərinin mühafizəsi üçün belə də olmalıdır. Əsgərin qəzetə böyük ehtiyacı var. Əsgər əsas informasiyanı qəzetdən alır. Həmçinin, özləri də məqalə yazırlar. Ehtiyatda olan zabitlərimiz bizə yazırlar, müsahibələr verirlər. Şəhid ailələrinin əksəriyyətində olmuşuq, reportaj hazırlamışıq. Şəhidlərimizin ildönümlərini keçirdirik. Qarabağ əlilləri, müharibə veteranlarının hər biri haqda yazılar gedir. Eyni zamanda, gənc nəslin hərbi xidmətə hazırlanması üçün işlər görürük. Ümummilli lider deyirdi, hər bir peşə şərəflidir, ancaq vətəni qorumaq peşəsi ən şərəfli peşədir. Hərbi qulluqçular vətəni canları ilə müdafiə edirlər. Şəhidlərimiz canlarını vətən uğrunda fəda ediblər, əllərimizin sağlamlığını qurban veriblər. Onları təbliğ etmək, onlarla bərabər olmaq, fəaliyyətini işıqlandırmaq bizim ən ümdə borcumuzdur.

“Hərbi and” qəzetinin həm də internet versiyası da var. Daha çox gənclərin maraq dairəsində olan qəzet Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə sıx əməkdaşlıq edir.

– Cahangir müəllimin vaxtından fakültə ilə əməkdaşlığa başlamışıq. Vüqar müəllimin vaxtında da əməkdaşlığa davam edirik. Tələbələr bizə müsahibələr, yazılar verirlər. Onları ehtiyatda olan döyüşçülərlə görüşdürürük, hərbi hissələrə aparırıq, Müdafiə Nazirliyinin keçirtdiyi treninqlərə cəlb edirik. Bu əməkdaşlıq da xalqımızın milli maraqlarına xidmət edir. Ölkənin ən mühüm siyasi, hərbi hadisələri olanda “Hərbi and” qəzeti ona münasibətini bildirir, dövlətçilik, müstəqillik, ərazi bütövlüyü, ümummilli maraqlar naminə çıxış edir.

– 15 ili təhlil edəndə hansı xoş xatirələri xatırlayırsınız?

– “Hərbi and”la bağlı narazılıqla rastlaşmamışıq. İlkin dövrlərdə cəmiyyətlə hərbi qurumlar arasında ciddi problem vardı. Bizi o şəxslər istəməz ki, dövləti, ordunu, bayrağı istəmir. Mən bu cür qiymətləndirirəm. Ordunun mövqeyindən çıxış edirik, Silahlı Qüvvələrimizi müdafiə edirik. Bəzən onların üstünə çox gedirlər, dezinformasiyalar yayırlar. Biz ona çox sərt reaksiya veririk. Bəzən KİV-lərlə, bəzən ekspertlərlə bu mövzuda anlaşılmazlıq olur. Sonrada onlar da məsələni təhlil edəndə görürlər ki, biz haqlı və ədalətli mövqe tutmuşuq. Ordu mövzusu çox həssasdır. Ordunu tənqid etmək olar. Amma bunu ordunu sevərək etmək lazımdır. Siyasi mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq, ordu hamını müdafiə edir. Sevinməliyik ki, bizim belə peşəkar, nizamlı, müasir silahlı ordumuz var.

Qəzetin adının maraqlı hekayəsi var. Deyir, orduya gedəndə and içirlər. “Hərbi and” qəzeti də onların mətbuatdakı andıdır.

– Əsgərlər hərbi and içəndə vətənə, millətə, dövlətə sədaqət andı içirlər. Müstəqilliyi, dövləti qorumağa and içirlər. Bu, ən böyük andlardan biridir. Ona görə də biz qəzetimizin adını “Hərbi and” qoyduq. Bu həm də Vətən andı, dövlət andı, ana andı deməkdir.

Redaksiyada bizi Mikayıl Həsənli qarşılamışdı. Xanım əməkdaşlardan isə kimsə yoxdur. Axşam 15 illik münasibətlə balaca məclis olacaq. Baş redaktor xanım müxbirlər hazırlaşmaq üçün bu gün erkən gediblər. Hazırda qəzetdə bölgə müxbirləri də daxil olmaqla 12 nəfər çalışır.

– Qəzetimizin əsas heyəti də gənclərdən ibarətdir. Azərbaycan mətbuatında, qeyri-hökumət təşkilatlarında ağırlıq gənclərin üzərinə düşür. Ordunun da böyük hissəsi gənclərdən ibarətdir. Və bu gənclər sistemli olaraq qəzetimizin çıxması üçün çalışır, fədakarlıq edirlər. Ən çox da gənclər gəlir və burda bir növ məktəb keçir, hərbi ilə bağlı digər qurumlarda fəaliyyətlərini davam etdirirlər. İlk vaxtlardan bu günə qədər Şöhrət Eyvazlı, Elnurə Abdullayeva ilə bərabər bu yolu gəlmişik və davam edirik. Başqa sahələrdə işləyən keçmiş əməkdaşlarımız da var, yeni gəlmiş gənclərimiz də. Onların hər birinə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm ki, bizimlə bərabər bu yolu addımlayıblar. Könül Əhədovadır, Sahil Əliyev, Mikayıl Həsənli və başqalarıdır.

– Yaxın günlərdə qəzetinizdə hansısa yeniliklər olacaq? Oxucularınıza yeni nə təqdim edəcəksiniz?

– Gələn ildən Qarabağ uğrunda döyüşmüş insanların, qazilərimizin, əlil və veteranlarımızın 50, 55, 60, 70, 75, ehtiyatda olan zabitlərimizin 70, 75 illik yubileyləri, şəhidlərimizin 25 illik mərasimləri olacaq. Onları qeyd edəcəyik. Milli qəhrəmanlarımızın yubileylərini qeyd edəcəyik. Həm oxuduqları məktəblərdə, həm də rayonlarda böyük tədbirlər keçirək. Gələn il üçün proqram hazırlayırıq ki, onları bütün rayonlarda müəyyənləşdirək və aidiyyatı qurumlar və hərbi yönümlü QHT-lərlə qeyd edək. Əlimizdə baza var. Baza yekunlaşsın, yanvar ayından başlayaraq onların yubiley tədbirlərini keçirəcəyik. Məktəblərdə bu cür tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır. Ehtiyatda olan generallar, polkovniklər hərbi formada gedir, danışır, çıxışlar edir. Sabah hərbi xidmətə gedəcək gənc orduda nə lazım olduğunu birbaşa o zabitlərdən öyrənir. Bu yaxınlarda Ağdamda Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi Bayraq günüylə bağlı tədbir keçirdi. Heydər Əliyev Fondu mütəmadi olaraq bizim qəzeti daim dəstəkləyir. Həm texniki, həm maddi. Hərbçinin qeyd və yaddaş kitabçasının nəşr edilməsi fondun dəstəyi ilə həyata keçirilib. O dəstəyi bu gün də hiss edirik.

Emin Həsənli ehtiyatda olan baş leytenantdır. Mətbuata hərbidən gəlib. Hərb üçün darıxıb-darıxmadığını soruşuram. Kabinetindəki şkafa yaxınlaşır və oradan hərbi formasını çıxarır.

– Tez-tez cəbhə bölgələrində, hərbi hissələrdə oluram, müharibə əlilləri və şəhidlərə həsr olunmuş tədbirlərdə iştirak edirəm. Mən həm də QHT rəhbəriyəm, Şuranın üzvüyəm. Hərbi ilə bağlı harada tədbir varsa, çalışıram orada iştirak edim. Onda hərbi formamı geyinirəm.

Asılqandakı hərbi geyimi əlində tutur. “Ən gözəl geyim elə budur”, deyərkən gözlərində qürur hissi duyulur: “Həm maşında, həm evdə, həm də iş yerimdə bu forma mənimlədir”.

Ayağa qalxmışkən redaksiyanı gəzirik. Arxivdə qəzetlər arasında 15 il əvvəl bu gün çap edilmiş “Hərbi and” qəzetini tapırıq. E. Həsənli qəzeti vərəqləyir. “Qədim türklərdə hərb sənədi”, “Şah İsmayıl Xətai ilə bağlı” “Əsgər gündəliyi”,… məqalələrin başlıqlarını oxuyur.

– Görürsünüz, Milli Qəhrəmanlarla bağlı, Texniki Universitetdə keçirilmiş tədbirdən, bayraq günüylə bağlı yazılar var. Həmin ənənə bir az yeni formada davam edir. Biz də bilməzdik ki, qəzetə 15 il davam edə bilərik. Amma gətirib bu günə çıxartdıq.

Köhnə imzaları xatırlayır. Yeganə xanıma çatanda dodağı qaçır.

– Şöhrət Eyvazlı, Taleh Əliyev, Məhəmməd Əliyev və mən qəzeti hazırlayıb, axşam mətbəəyə aparırdıq. Naxçıvanski adına Hərbi liseyin 30 illik yubileyi ilə bağlı yazı hazırlayırdıq. Çapa çox az qalıb, bütün materiallar hazırdır. Bircə liseydən material qalıb. Əməkdaşımız Yeganə xanım yoxdur, tapa bilmirik. Axırda evlərinə zəng edirik, anası dedi ki, bəs qızı qaçırıblar. (Gülürük) Məlum oldu ki, yazılar olan qovluq da Yeganədə olub qaçırılan vaxt. Bir də oğlan evini tapmışıq, xahiş-minnət materialı gətizdirdik. Oğlan qovluqla birgə qaçırmışdı qızımızı.

Sonra qəzetin sözügedən sayını tapıb çıxarır. Yeganə xanımın qalmaqallı yazısını göstərir.

– Xatirələr çoxdur. Təşkilat olaraq ilk dəfə hərbi hissəyə səfər edirdik. Müxtəlif redaksiyalardan qonaqlarımız da vardı. Yolda qatar xarab oldu. Gördüm qatarın təmiri ləngiyir, jurnalistləri yığdım, dedim, durun gedək maşinistin yanına. Görüşə gecikirdik. Orada bizi general gözləyirdi. İlk dəfə idi, Müdafiə Nazirliyinin rəhbərliyindən görüş üçün icazə almışdıq. Maşinistin yanına gedəndə plaskartdan keçərkən camaat bizi kamera-mikrofonla görüb dedi: “Görürsünüz, hadisə olan kimi jurnalistlər gəldi”. Elə bildilər ki, biz haradansa eşidib gəlmişdik (gülür). Amma mən çox məyus oldum. Həmin gün televiziyalar bizim tədbiri deyil, baş xəbər kimi qatarın ləngiməsini xəbər etmişdilər.

Telefona növbəti zəng gəlir. Yubileylə bağlı təbrik edirlər. Emin müəllim təbrikə cavab verir: “Ən böyük arzum Qarabağa, Şuşaya, Xankəndinə Azərbaycan bayrağını sancmaqdır, orada tədbirlər keçirtməkdir. Şəhidlərimizin 2 böyük arzusu vardı. Onlardan biri yerinə yetib; Azərbaycan müstəqil dövlətdir. İkincisi Qarabağla bağlıdır. Azərbaycan bayrağının bütün Qarabağda dalğalanmasıdır. Bu, bizim vəzifəmiz və bunu görmək bizim haqqımızdır”.

Amin, Emin müəllim! Bu, hamımızın arzusudur. 

“Hərbi and” qəzetindəki həmkarlarımızı qəzetin 15 illik yubileyi, həmçinin Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin üzvlərini təşkilatın yaranmasının 17 ili münasibətilə təbrik edirik! (lent.az)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir