Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə ifadə verən şahid Hacıbaba Əkbərov bildirib ki, 2012-2014-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətində böyük məsləhətçi və memar vəzifəsində çalışıb: “Mən vəzifəyə gələndə artıq üzlənmə işlərinə başlanılmışdı. İcra Hakimiyyətinin sərəncamında olan digər məsələlərə nəzarət edirdim. Mən tikinti işlərinin aparılması ilə bağlı yalnız təklif irəli sürmüşəm. Yanan binanın üzlənməsi Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında olmayıb”.
Sonra şahidlə təqsirləndirilən Qəzənfər Novruzovun vəkili arasında sənədin imzalanma məsələsi ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər vəkillər də müdaxilə ediblər.
Təqsirləndirilən Miryusif Mahmudov isə deyib ki, binanı İcra Hakimiyyətinin sifarişi ilə deyil, şəxsi vəsaiti hesabına üzləyib.
Sonra ifadə verən şahid Telman Adıgözəlov bildirib ki, yanan binanın üzlənməsində briqadir vəzifəsində çalışıb və binanı üzləmək üçün işçiləri dəvət edib.
Təqsirləndirilən Q.Novruzovun vəkili Xanlar Bayramzadə Binəqədi Rayon İcra Hakimiyyətində təhvil-təslim məsələləri ilə məşğul olan T.Tanrıverdiyevun məhkəmədə dindirilməsi barədə vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.