Dünyanın inkişaf etmiş ölkələrində konsaltinq şirkətlərinin xidmətindən istifadə geniş yayılıb. Azərbaycanda da müxtəlif sahələr üzrə ixtisaslaşmış belə şirkətlər mövcuddur. Bəs onların fəaliyyətinə maraq varmı?
Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə Heyətinin sədri, ölkədəki konsaltinq şirkətlərindən birinin rəhbəri Vüqar Oruc “Report”a açıqlamasında son illər ölkəmizdə konsaltinq sahəsinin inkişaf etdiyini deyib:
“Azərbaycanda hüquq, qiymətləndirmə, bazar araşdırmaları, marketinq və digər sahələr üzrə konsaltinq xidməti göstərən şirkətlər var. Sadəcə vətəndaşlarımızın məsələlərə yanaşma tərzində müəyyən fərqlər mövcuddur. Qərb ölkələrində insanlar hətta ipoteka krediti ilə mənzillərin alınması, yaxud hardasa nağd və ya icarə yolu ilə əmlaka sahib olmaq istəyirlərsə, konsaltinq şirkətinə müraciət edib yol xəritəsi və ya müxtəlif məsləhətlər alırlar. Azərbaycanda isə bu sahədə inkişaf etmiş bazar yoxdur, mövcud bazar isə yeni formalaşır. Biznes layihələrin hazırlanması, hansısa sahəyə yeni sahibkarların daxil olması hallarında konsaltinq xidmətinə böyük zərurət yaranır. Artıq Azərbaycanda da xarici investorlar və ya yerli sahibkarlar hansısa istiqamətdə addım atmaq istəyəndə mütləq konsaltinq xidmətinə müraciət edirlər. Yeni istehsal sahələrinin yaranması, şirkətlərin öz fəaliyyət istiqamətini dəyişərək yeni sahələrə baş vurması, biznes planların yazılması, xüsusən də əmlakların idarə olunması, qurumların öz əmlakını qiymətləndirib ondan daha səmərəli istifadə etmək imkanlarının müəyyən edilməsi üçün bu cür müraciətlər olur.
Məsələn, konsaltinq şirkəti öz məsləhətini verir ki, hansı əmlak hansı təyinat üzrə istifadə edilsə, daha səmərəli olar. Yaxud, tutalım, hansısa fiziki və ya hüquqi şəxs əmlak əldə etmək istəyir və təyinatını özü müəyyən edir ki, onu anbar kimi istifadə edəcək. Bu zaman konsaltinq şirkəti anbarların infrastruktur, yerləşmə baxımından harda daha səmərəli olması barədə öz məsləhətlərini verir. Konsaltinq fəaliyyətinin istiqamətləri çoxdur. Düşünürəm ki, Azərbaycan biznesi inkişaf etdikcə bu istiqamətlər daha da artacaq və yaxın 10 ildə Azərbaycanda istər fiziki, istərsə də hüquqi şəxslər tərəfindən bu tip xidmətlərdən istifadə halı adiləşəcək. Yəni artıq Azərbaycan cəmiyyəti biznes mühitinə və təfəkkürünə uyğun formada təmərküzləşəcək və formalaşacaq. Bunun üçün müəyyən bir müddət lazımdır və bu müddəti artıq başlamış hesab etmək olar”.V.Oruc Azərbaycanda konsaltinq fəaliyyətinin inkişaf etdirilməsi üçün atılmalı olan addımları sadalayıb:
“Konsaltinq xidməti olduqca dəyərli bir xidmətdir. O, istər vətəndaşlar, istər şirkətlər üçün münbit şərait yaradır ki, atdıqları addımlarda az səhv buraxsınlar, onların daha mükəmməl platformalarla işləmək imkanları olsun və nəticədə atılan addımlar gəlirlilik və mənfəətlilik baxımdan fərqlənsin. Bu sahənin inkişafı üçün kadr potensialını formalaşdıran tədris prosedurları olmalıdır. Hazırda müxtəlif ixtisaslı kadrlar hazırlanır. Amma onların sırf peşəkar səviyyədə məsləhət vermək, müəyyən proseslərdə yardımçı hüquqla iştirak etməsi üçün kursların təşkilinə böyük ehtiyac var. Azərbaycanda bu sahədə professional və beynəlxalq təcrübəyə malik təlimçilərlə bu kursların təşkili vacibdir”.
Onun sözlərinə görə, eyni zamanda verilən məsləhətlərin arxasında çox böyük məlumat bazası durmalıdır: “Konsaltinq şirkətinin öz müştərisi olan şirkətin məlumat bazasını əldə etmək, onu toplamaq və müxtəlif istiqamətlər üzrə formalaşdırmaq imkanları olmalıdır. Eyni zamanda həmin məlumatların verilməsi qaydaları müəyyən edilməlidir ki, hüquqi məsələlərə riayət edilsin. Konsaltinq şirkətlərinin öz təcrübələri ilə bağlı konkret portfeli olmalıdır. Yəni onlar hansı şirkətə xidmət göstərəndə hansı uğurların əldə edildiyini göstərməlidir. Bu uğurların məcmusu göstərilməlidir ki, qarşı tərəf onların fəaliyyətinə inansın”.
V.Oruc vurğulayıb ki, Azərbaycanda hazırkı biznes mühiti əsasən fərdi xarakter daşıyır. Çox vaxt biznes qurumları öz təcrübələri üzərindən layihələrini inkişaf etdirir. Konsaltinq şirkətinin nümunələr təqdim etmək imkanı, hərtərəfli istiqamətləri özündə ehtiva edən təkliflər vermə imkanı olmalıdır. Hesab edirəm ki, konsaltinq şirkətləri öz xidmətlərini daha geniş sferada və tam məzmunlu şəkildə qurmaq imkanlarını əldə etməlidir. Qanunvericilik buna imkan verir. Qərb ölkələrində elə konsaltinq şirkətləri var ki, insanlar mənzil alarkən o şirkətlər başlanğıcdan sona qədər məsləhətçi qismində çıxış edir və buna görə kifayət qədər xidmət haqqı alır. Azərbaycanda isə bu fəaliyyət primitiv formada hansısa rieltor və ya vasitəçi tərəfindən həyata keçirilir. Bu da çox zaman qanuni şəkildə yox, vergilər ödənmədən, rəsmi prosedurlar olmadan reallaşdırılır. Hesab edirəm ki, konsaltinq xidmətinin rəsmiyyətə keçirilməsi və daha çox yayılması vacibdir. Məhz belə olan təqdirdə cəmiyyətdəki iqtisadi qurumlar arasında münasibətlər daha yüksək səviyyədə tənzimlənə bilər”.