Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində İçərişəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov qarşılayıb.
İdarədən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də karvansaraylar, hamamlar, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən muzey ekspozisiyaları ilə tanış olub.
Braziliya FR Milli Konqresinin Deputatlar Palatasının sədri Bakının tarixi hissəsi ilə tanışlıqdan məmnunluğunu və xoş arzularını ifadə edib. Sonda qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.