Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərrac nəticəsində dövlət büdcəsinə 0,8 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.
Hərracda özəlləşdirilmiş 2 kiçik dövlət obyekti Bakıda, 1-i Şəkidə, satılmış 4 istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı isə paytaxtda yerləşir. Qeyri-yaşayış sahələrindən birinin satışı üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin hamısı ticarət sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət Bakının Nizami rayonunda yerləşən 62,2 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, adı çəkilən əmlak 25 min manata özəlləşdirilib. 20 min manat isə paytaxtın eyni rayonunda yerləşən 55 kvadratmetr sahəsi olan digər istifadəsiz qeyri-yaşayış sahəsinə təklif olunub. Kiçik dövlət obyektlərindən isə paytaxtın Binəqədi rayonunda yerləşən 44 saylı mağazaya 21 min 250 manat, Suraxanıdakı 112 saylı mağazaya isə 20 min manat təklif edilib və özəlləşdirilib.
Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.
Hərracda özəlləşdirilmiş “Ağcabədi Pambıq” ASC və “Biləsuvar pambıq” ASC sənaye sahəsinə aid olan iri müəssisələrdir. Regionlarda yerləşən rəqabət qabiliyyəti potensialı olan belə müəssisələrin özəlləşdirilməsi investisiya qoyuluşundan sonra həmin müəssislərdə istehsalın bərpa olunması və yeni iş yerlərinin açılması məqsədi daşıyır. Özəlləşdirilmiş müəssisələr tamamilə yenilənmiş və müasir standartlara uyğun şəkildə tam fəaliyyət göstərməyə başlayacaq.
Xatırladaq ki, növbəti belə hərrac 15 noyabrda keçiriləcək və 73 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.