Cümə , 10 May 2024
Drone Cameras

Bu gün Heydər Əliyevin sərəncamı ilə yaradılan ilk milli parkın 20-ci ildönümüdür

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradılan, ölkəmizin ilk milli parkı olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva “Report”a bildirib ki, Ümümmilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi sahəsindəki xidmətlərinin davamı olaraq bu gün milli parkların inkişaf etdirilməsi, ekoloji mühitin mühafizəsi şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, həm də əhalinin ekoloji cəhətdən maariflənməsində mühüm əhəmiyyətə malikdir.

O qeyd edib ki, bu baxımdan Azərbaycanda ilk milli park kimi Zəngəzur Milli Parkının yaradılması ölkədə ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin mühafizəsi və cəmiyyətdə ekoloji şüurun inkişafında olduqca mühüm hadisə kimi qiymətləndirilir: “Zəngəzur Milli Parkı bioloji növ müxtəlifliyinə, landşaftına, tarixi və təbii abidlərinə görə olduqca zəngin və cəlbedicidir. Ərazinin bioloji müxtəlifliyinin qorunub saxlanılmasında Zəngəzur Milli Parkının rolu əvəzedilməzdir. Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlarla əhatə edilmiş milli parkda ”Qırmızı kitab”a daxil olan fauna növlərindən bəbir, Zolaqlı kaftar, Manul pişiyi, Dağ qoyunu (muflon), Bezoar keçisi, Toğlugötürən, Xəzər uları, Ağboğaz bülbül, Qırmızıqanad mərciməkquşuna, flora növlərindən Çılpaq dorema, Yabanı zınbırtikan, Araz palıdı, Zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyinə və s. rast gəlinir”.

Xidmət rəsmisinin sözlərinə görə, məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin təşkili nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün effektiv üsullardandır: “Milli parkların yaradılmasında əsas məqsədlərdən biri də ayrı-ayrı komponentlərin mühafizəsi, özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, ekoturizm üçün əlverişli şəraitin formalaşdırılmasından ibarətdir”.

Check Also

Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-nin adı “Tullantıları İdarəetmə Mərkəzi”nə dəyişdirilib. Boyukmillet.com …