Cümə , 22 Noyabr 2024
Drone Cameras

Cəbi Quliyev: Prezident İlham Əliyevin liderliyi ilə qazandığımız siyasi müstəqillik sayəsində bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir

Prezident İlham Əliyevin keçirilən bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanması xalqın vahid amal uğrunda birliyinin göstəricisidir. Ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi dövründə aparılan işləri, millətin və dövlətin təhlükəsizliyi üçün görülən tədbirləri yüksək qiymətləndirirlər. İlham Əliyevin seçkilərdə səs çoxluğu ilə iqtidara gəlməsi də məhz xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı öz Prezidentini seçməklə bu gününə, həm də gələcəyinə – güclü və inkişaf etmiş Azərbaycana səs verdilər.

Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri barədə danışan Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib.

Cəbi Quliyev bildirib ki, 2018-ci il aprelin 11-də Azərbaycan Respublikası Prezidenti postuna 8-ci rəsmi seçki keçirildi. Seçki marafonunda iştirak edən 8 namizəddən biri Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev idi. Keçirilən növbədənkənar seçki kampaniyası şəffaf, azad və demokratik prinsiplərə uyğun baş tutdu. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74,3 faizi iştirak etdi. Xalqın böyük rəğbətini qazanan İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlətimizin başçısı 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, ciddi uğurlara imza atmaqla tarixinin ən qüdrətli dövrünə qədəm qoydu. Ölkə rəhbəri ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə, xalqımızın milli maraqlarına söykənən dövlətçilik kursuna sadiqliyi, çevik qərarları, xalqın ruhuna uyğun sosialyönümlü siyasəti ilə ümumxalq sevgisi qazanıb. 2018-ci il seçkiləri xalqın ümumi iradəsini əks etdirməklə yanaşı, həm də onu sübut etdi ki, Azərbaycanda radikal qrupların, xarici vəsaitlər hesabına maliyyələşən, dövlətçiliyimizə təhlükə yaradan ünsürlərin iqtidarda yeri yoxdur. Xalq liderini seçməyi bacarır, dövlətçiliyinə sahib çıxır. Dövlətimizin başçısı İlham Əliyevin liderliyi ilə qazandığımız siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.

“Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçdi, dövlət və dövlətçiliyin əsasları möhkəmləndi. Ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması, ölkənin siyasi müstəvidə uğurla təmsil olunması əsas prioritet olmuşdur. Prezidentin insan amilinə verdiyi dəyər xalqın rifah halının yaxşılaşdırılmasında, məşğulluğunun və təhlükəsizliyinin təmin olunmasında özünü aydın büruzə verir”, – deyən Cəbi Quliyev bildirib ki, dövlətimizin başçısı xalqı milli ideya ətrafında birləşdirib, azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Ordumuzun qüdrətinə, Ali Baş Komandanın siyasi gücünə isə bütün dünya İkinci Qarabağ müharibəsi zamanı bir daha şahid oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü təmin etdi. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır. Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanın iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin uğurunu ortaya qoydu. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə yüksəltdi və öz gücünü bütün dünyaya sübut etdi.

Prezident İlham Əliyevin “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini xatırladan Cəbi Quliyev qeyd edib ki, dövlətimizin başçısı bu sahədə də uğurlu siyasətini davam etdirərək iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. Ölkəmizdə iqtisadi yüksəliş dövrü kimi qiymətləndirilən 2003-2018-ci illər ərzində daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Bu illər ərzində əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə dəyər qazanıb. Açılan 1 958 400 yeni iş yeri işsizliyin səviyyəsinin 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsinin 44,7 faizdən 5,4 faizə enməsinə səbəb olub. Bundan əlavə sözügedən dövr ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb.

Aparılan dövlət siyasətinin əsas istiqamətlərindən birinin də genişmiqyaslı quruculuq işləri olduğunu vurğulayan Milli Məclisin deputatı diqqətə çatdırıb ki, sosial infrastrukturun inkişaf etdirilməsi məqsədilə bu illər ərzində 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. Əhalinin rifah halının yaxşılaşdırılması, sahibkarlar sinfinin formalaşdırılması, biznes mühitinin şaxələndirilməsi üçün 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılıb və qeyri-neft sektorunun inkişafı təmin edilib. 15 il ərzində neft-qaz sektoruna da xüsusi diqqət göstərilib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib və ölkə böyük gəlirlər əldə etməyə başlayıb. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.

Cəbi Quliyev deyib: “Bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Ötən 19 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirib, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilib”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …