İranda məktəblərin açılması fonunda Cənubi Azərbaycanda türk dilində təhsil qadağasına etiraz səsləri şəhərləri və sosial şəbəkələri yenidən bürüməyə başlayıb. Mədəni fəallar və “Traktor” komandasının azarkeşləri tərəfindən Urmiyə, Ərdəbil və Muğan kimi şəhərlər və bölgələrdə ənənəvi Azərbaycan türkcəsində kitab paylama kampaniyaları təşkil olunub.
Ərdəbil və Urmiyə şəhərlərində məhəllələr və məktəblərin önündə məktəbli uşaqlara kitablar hədiyyə edilib. Görüntülərdə uşaqlara “Şirin dilim”, “Mən kiməm” və “Evlər” kimi kitablar paylandığı görünür. Bəzi şəhərlərdə isə divarlara Azərbaycan dilində təhsil qadağasına etiraz məzmunlu şüarlar yazılıb.
Təbriz şəhərindən yayılan görüntülərdə divarlarda “Hanı ana dilim?”, “İşıq hələ sönməyib, ana dilim ölməyib”, “Türk dilində mədrəsə”, “Dilim ölsə, mən də ölərəm” və “Türkcəmizi qoruyaq” kimi şüarların yazıldığı görünür. Bir çox sosial media istifadəçisi isə məktəblərin açılmasından bir neçə gün öncədən başlayaraq türk dilində təhsil qadağasına etiraz məzmunlu paylaşımlar dərc edib. Əvvəlki günlərdə də Ərdəbil vilayətində türk dil haqları fəalları və “Traktor” komandasının azarkeşləri keçən aylarda sel fəlakətindən xəsarət almış bölgələrdə uşaqlara türk dilində kitablar və məktəb ləvazimatı hədiyyə etmişdilər. Bundan əvvəl mədəni fəalların Germi şəhərinin kəndlərində uşaqlara ana dilində kitablar, həmçinin çanta, rəsm dəftərləri və digər ləvazimat hədiyyə etdikləri ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Fəallar kəndlərdə, o cümlədən “Ana dili mavi dünyada” adlı türkcə kitablar paylayıblar. Daha əvvəl də Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə Cənubi Azərbaycanın müxtəlif şəhərləri və Tehranda kitab paylama kampaniyaları təşkil olunub. Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri Güney Azərbaycanın məktəblərində ana dili tədris edilməyib. İslam Respublikası dövründə rəsmilər dəfələrlə Azərbaycan türkcəsinin məktəblərdə tədris ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin əməldə bu, heç zaman həyata keçirilməyib. 2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edən və bu tədbirlərə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb, eləcə də həbs və sürgün cəzaları ilə qarşılaşıb. Elə bu günlərdə mədəni fəal və türk dil haqları müdafiəçisi Fərhad Hüseyni Zəncanda nəzarət altına alınıb. Onun fəaliyyətinə görə İranın İslami İnqilab Qvardiyasının (SEPAH) kəşfiyyat şöbəsində sorğu-sual edildiyi bildirilir. İranın təhlükəsizlik məmurları mədəni fəalı Zəncan şəhərindəki evində həbs ediblər. Hüseyninin illərdir türk dili hüquqları və bəzi digər milli-mədəni məsələlər üzrə fəaliyyət yürütdüyü bildirilir. O, keçən illərdə, o cümlədən Zəncan mədəniyyət ocaqlarında türk dili müəllimi kimi fəaliyyət göstərib və Zəncanın yerli qəzetləri üçün məqalələr yazıb. Təbrizdəki evində nəzarət altına alınan sənətkar və mədəni fəal Peyman İbrami də türk dili ilə bağlı həbsə atılıb. Məhbusun Türkiyədə mühacirətdə yaşayan bacısı Hacər İbrahimi qeyd edir: “Zatən İranda və Güney Azərbaycanda türk oldunmu, suçlusan. Peymanın da uşaqlıqdan bəri ana dili və milli məfkürələr haqqında çalışmaları olub. Yəni elə deyil ki, sənin bir suçun var və tutub salırlar həbsxanaya. Türksənsə, türkəm dedinsə, suçlusan! Mənim atam, rəhmətlik aşıq Qafar İbrahimi saz ustadı idi. Aşıq idi. Peyman da göz açandan saz-sənət içində böyüyüb başa çatıb. 19 ildir Azərbaycan rəqsləri sahəsində öyrətmənlik edir. Azərbaycan və Türkiyədə bir çox festivallara qatılıb. Ana dilini, kültürünü yaymaq üçün əlindən gəldiyi qədər çalışıb. Son vaxtlarda da ki, Urmiyə gölü məsələsi var”. Bu siyahını xeyli uzatmaq olar.
Beləliklə, Azərbaycan türklərinin öz dilində bir siniflik məktəbi belə yoxdur. Azərbaycan türkləri ana dilini ancaq imkanları daxilində öyrənirlər. Yəni bu dili akademik səviyyədə öyrənmək imkanından məhrumdurlar. Azərbaycan türkcəsində təhsillə bağlı çoxsaylı müraciətlər Tehran hakimiyyəti tərəfindən etinasız qarşılanıb. Maraqlıdır ki, İranda 200 min erməninin 50-dən çox məktəbi olduğu halda, 45 milyon azərbaycanlı hələ də fars dilində təhsil alır. Erməni dilində mətbuat, universitet, məktəb və sairə fəailiyyət göstərir, ancaq azərbaycanlılara bunların hamısı qadağan olunur. Hələ ötən ilin noyabrında prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur: “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır- biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”. Dövlət başçısı həmçinin bildirib ki, İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırlar ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır. Azərbaycan türkləri təkcə dillə bağlı ayrıseçkiliyə məruz qalmırlar. Güney Azərbaycanda məktəb binaları problemləri də var. Güney Azərbaycanda dil, milli mədəniyyət, məktəb binaları xeyriyyəçilərin və fədakar insanların sayəsində qorunur, tikilir. Hakimiyyət isə bu istiqamətdə Güney Azərbaycan üçün maliyyə vəsaiti, demək olar ki, ayırmır. Bütün bunlar fonunda İran hakimiyyətlərinin Azərbaycan türkcəsində hələ də təhsili qadağan etməsi güneydə yaşayan soydaşlarımızın ciddi narazılığına gətirib çıxarır.
Samirə SƏFƏROVA