“Fürsətdən yararlanıb təxribatın miqyasını daha da genişləndirməyə can atdılar”
Samir Adıgözəlli: “Rusiyada azərbaycanlı icması tədricən güclənir və bu, Azərbaycanın da mövqelərinin güclənməsi deməkdir”
Moskvada bir qrup çeçenin azərbaycanlılara hücumu nəticəsində baş verən kriminal insident rəsmilərin müdaxiləsi ilə böyümədən sakitləşdi. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəyə dərhal reaksiya verdi və bəyan etdi ki, “Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz”.
Çeçenistan tərəfi də mətbuat və informasiya naziri Cambulat Umarovun şəxsində Əli Həsənovun bəyanatına dəstək verdi və baş verənlərdən təəssüfləndiklərini qeyd etdi.
Hər iki tərəf məişət zəminində baş verən hadisədən kimlərinsə iki xalqın dostluğuna xələl gətirmək üçün istifadə edə biləcəyi təhlükəsini gözəl anlayır. Buna görə də hadisədən dərhal sonra Moskvadakı Azərbaycan və çeçen icmalarının nümayəndələri bir araya gəldilər və problem həll olundu.
Lakin baş verənlərdə əsas məqam kimlərin azərbaycanlılarla çeçenlər arasında toqquşmaların yaşanmasında maraqlı olması sualını önə çıxarır. Təbii ki, hadisə məişət zəminində baş verib və sonda anlaşılmazlıq həllini tapıb. Lakin Prezidentin köməkçisi Əli Həsənovun bəyanatında qeyd etdiyi “Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar” fikirləri belə cəhdlərin olduğunu təsdiqləyir. Biz bu istiqamətdə xüsusilə erməni KİV-lərinin və erməni əsilli sosial şəbəkə istifadəçilərinin fəallığını müşahidə etdik. Onların bu cür qızışdırıcı mövqe tutmasında məqsədləri nə ola bilər?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəllinin məsələyə münasibəti belə oldu: “Onlar bizimlə, faktiki olaraq, müharibə şəraitində yaşayırlar. Təbii ki, bizim bütün nailiyyətlərimiz onları kədərləndirir, məğlubiyyətlərimiz isə sevindirir. Bu səbəbdən də çeçenlərlə bağlı hadisəni əllərinə keçən mühüm fürsət kimi dəyərləndirməyə başladılar. Fikir verdinizsə, prosesin qızışdırılmasında erməni KİV-ləri və onların sosial şəbəkələrdəki seqmenti xüsusi aktivlik nümayiş etdirirdi. Burada onların bir sıra maraqları olub. Rusiyada azərbaycanlı icması tədricən güclənir və bu, Azərbaycanın da mövqelərinin güclənməsi deməkdir. Bu mənzərə Ermənistanın Rusiyadakı maraqlarına ziddir. Ona görə də fürsətdən yararlanıb təxribatın miqyasını daha da genişləndirməyə can atdılar. Azərbaycanlıların Moskvada digər millətlərlə, o cümlədən çeçenlərlə dostluq münasibətləri də ermənilərin arzulamadığı mənzərədir. Bununla onlar, eyni zamanda, azərbaycanlıları Rusiyanın daxili stabilliyi üçün problemli faktor olaraq qabardırdılar.
Azərbaycanlılarla çeçenlər arasındakı kriminal insidentin böyüməsi və ermənilərin sosial şəbəkələrdə uydurduğu kimi, “qanlı hesablaşmaların” başlanması erməni icmasının azərbaycanlı icmasının qarşısında mövqelərini gücləndirə bilərdi ki, buna da nail ola bilmədilər. Nəzərə alsaq ki, Moskvada çeçen icması erməniləri sevmir və zaman-zaman onlarla qarşıdurma yaşanır, o zaman, başlaya biləcək “qanlı hesablaşmada” çeçenlərin də “qan itirməsi” erməni icmasının işinə yarayardı.
Məhz bu səbəbdən də erməni KİV-ləri bu istiqamətdə xüsusi canfəşanlıq edirdi. Hesab edirəm ki, bu bizim üçün, eyni zamanda, bir test oldu. Bundan sonra bu qəbildən olan təxribatlara cəhddə ermənilərin hansı plan üzrə hərəkət edə biləcəyini də müəyyənləşdirmiş olduq. Bizim diasporumuz belə incə məsələlərdə xüsusilə diqqətli olmalıdır”.
Məhəmmədəli QƏRİBLİ