Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

“Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsinə start verilib

IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinə start verib.

IDEA-dan Trend-ə verilən məlumata görə, Salyan rayonunun Yenikənd, Şəkərli, Kürsəngi, Kürqarağaclı və Neftçala rayonunun Tatarməhəllə kəndindən 60-dan çox məktəblinin iştirak etdiyi düşərgə 21-23 iyun tarixlərində Salyan rayonunda təşkil ediləcək.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edəcəklər.

Uşaqlar, həmçinin müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edəcək, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası” adlı sənədli filmi izləyəcək və ceyranlarla əyani olaraq tanış olmaq üçün onların Şirvan Milli Parkına ekskursiyası təşkil ediləcək. Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunacaq.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanmış və hal-hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilmişdir və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir.

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir