Drone Cameras

Deputat: “İranın məscidləri dağıdan Ermənistana dəstəyi İslam dəyərləri ilə bir araya sığmır”

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpası Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda ölkəmiz region ölkələrinin yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsləri ilə çıxış edir. Bu baxımdan, Azərbaycan Ermənistanla beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh sazişi imzalamağa hazırdır. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında video formatda çıxışı zamanı bu məsələlər barədə mövqeyini bir daha ifadə edib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarında vandalizm törədib: “Biz bu gün regional əməkdaşlıqdan danışsaq da, ermənilərin törətdikləri cinayətləri unutmuruq. Beynəlxalq qanunlar çərçivəsində addımlar atılır və ermənilər bu cinayətlərə görə cavab verməli olacaqlar. Ermənistan işğal altında saxladığı torpaqlarımızda narkotik vasitələrin yetişdirilməsinə əsas yer verib. Eyni zamanda, həmin ərazilər narkotranzit rolunu oynayıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu məsələləri xüsusi vurğulayıb”.

Deputatın sözlərinə görə, bu narkotranzitin marşrutu İrandan işğal altında olan torpaqlarımıza, oradan da Ermənistana keçib: “Artıq Azərbaycan torpaqlarını işğaldan azad edərək İranla 130 kilometrlik dövlət sərhədini bərpa edib. Bununla da, belə bir narkocinayətlərin qarşısı alınıb”.

F.Yıldırım qeyd edib ki, müsəlman ölkəsi olan İranın İslam dəyərlərini daim təhqir edən Ermənistana isti münasibəti, Azərbaycana qarşı isə xoş olmayan indiki davranışları təəssüf doğurur: “Biz bilirik ki, işğal dövründə ərazilərimizdə infrastruktur, yaşayış evləri, digər obyektlər sökülərək Ermənistana və İrana daşınıb. Eləcə də, meşələrimizin məhv edilməsində də eyni proses baş verib. Azərbaycan hər zaman İranla dostluq və tərəfdaşlıq münasibətlərinə önəm verib. Amma biz son zamanlar bu ölkədən Azərbaycana qarşı xoş olmayan bəyanatlar eşidirik. Bütün bunlar təəssüf doğurur. Amma onu da qeyd etməliyik ki, hər hansı təhdidlər, hədələr Azərbaycanı haqq yolundan döndərə bilməz. İran müsəlman, qonşu ölkə olaraq Azərbaycanın xoş niyyətli təşəbbüslərinə qarşı çıxmamalıdır. Onun müsəlmanları təhqir edən, məscidləri dağıdan Ermənistana nəfəs vermək cəhdləri İslam dəyərləri ilə bir araya sığmır”.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …