Cümə , 29 Mart 2024
Drone Cameras

Deputat şərəfi və seçicilərin əlini öpmək kimi jestlərin uyğunsuzluğu…

Parlament seçkiləri ilə bağlı aparılan təbliğat çərçivəsində olduqca maraqlı səhnələrin şahidi oluruq. Səmimi etiraf edək ki, bəzi namizədlərin apardığı seçki kampaniyası bəzən gülüş, bəzən isə haqlı lağ obyektinə çevrilir. 

Bunun da bir sıra obyektiv səbəbləri var. Çünki işə peşəkarcasına yanaşmırlar. Seçki piarı ilə məşğul olan komandaları yoxdur. Əksər namizəd həm özü şüarlarını yazır, həm görüşə gedir, həm də telefonu ilə foto, videolarını çəkib sosial şəbəkədə paylaşır. Bunun nəticəsində ortaya gülməli mənzərə çıxır.

Amma qeyd edək ki, bəzən mənzərələrin heç də hamısı gülməli olmur. Elələri var ki, orada mənəviyyata aid problemlər də ortaya çıxır. Görürsən ki, hansısa namizəd gedib ucqar bir kənddə qoca nənənin əlini öpür və bu mənzərəni sosial şəbəkədə reklam məqsədilə paylaşır. Hətta həmin adamların sırasında hazırda deputat statusunu hələ də daşıyan adamları görəndə təəccüb hissi daha da artmış olur. Axı niyə Azərbaycanın şərəfli qurumunun təmsilçisi olan bir millət vəkili kiminsə əlini öpməlidir? Hətta həmin adam yaşlı şəxs olsa belə. Məqsəd seçicini ələ almağa hesablanıbsa, onda deputat və ya namizəd bunun üçün başqa taktikanı seçməlidir. Ən doğrusu isə bu olar ki, yaxşı fəaliyyəti, parlamentdəki gözəl çıxışları ilə seçicinin qəlbini fəth etsin. Bunu edə bilmirsə, 5 ildən bir gedib hansısa qoca xanımın əlini öpmək və ya digərini qucaqlayıb şəkil çəkdirmək eks effekt vermiş olur.

  • Samir Adıgözəlli: “Adamdan soruşarlar: sən dünənə kimi niyə bu addımı atmırdın?”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bu sayaq jestləri bəyənmədiyini dedi: “Bunu o adamlar edir ki, seçiciyə deməyə sözü yoxdur. Bizim xalq arasında əl öpmək kimi jestə çox nadir hallarda rast gəlinir. Bunu daha çox filmlərdən seyr edirik və daha çox kiməsə beyət etmək mənasında həmin addımın atıldığını görürük. Namizəd kişidirsə, elə seçiciyə kişi sözü versin və buna əməl etsin. Bir çoxu bu sözü verir, amma əməl etmir. Ona görə də seçicinin üzünə çıxmağa cürəti çatmır. Bir neçə namizədin kəndlərdən qovulduğunu eşitmişəm. Hesab edirəm ki, belə şouların göstərilməsinin ziyanı daha çox elə həmin namizədin özünə dəyir. Bu gülünc gedişləri yığışdırmaq lazımdır.

Bu yaxınlarda bir icra başçısını rüşvət qalmaqalına görə həbs etdilər. Həmin kadrlar açıq translyasiya olundu. Səhəri gün başqa bir rayonun icra başçısı gedib kəndlərdə görüş keçirib, yaşlı adamların əlini öpürdü. Adamdan soruşarlar: sən dünənə kimi niyə bu addımı atmırdın? Bu səbəbdən də səmimi görünmür”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …