Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Diaspor rəhbərinin oğlunun həbsindəki müəmmalar

Samur Sərhəd-Keçid Məntəqəsində Dağıstandakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizovun avtomobilindən tapılan patronlar əslində kimindir

Ümummilli lider Heydər Əliyev bir zamanlar Azərbaycan diasporunu millətin qol-qanadı adlandırırdı. Çox təəssüf, bu gün Azərbaycan sərhədində həmin qanadlara dəstək vermək əvəzinə, onları qırmaqla məşğul olanlar da var.

Rusiyada yaşayan soydaşlarımızın bir çoxu Azərbaycan sərhəd-keçid məntəqəsində onlara süni problemlər yaradıldığından şikayətçidirlər. Bu səbəbdən çoxları quru yolu ilə Azərbaycana getməkdən ehtiyat edir. Soydaşlarımız deyirlər ki, Rusiya sərhəddini rahatlıqla keçsələr də Azərbaycan sərhəddində onlara saysız problemlər yaradılır. Ən dəhşətlisi odur ki, Azərbaycan Gömrük Xidməti bəzən kimlərinsə sifarişini yerinə yetirir və bu sifarişlərə görə günahsız insanlar həyatlarını dəmir barmaqlıqlar arasında keçirməli olurlar. Azərbaycanın giriş qapısında yaradılan bu “şərait” Vətəni onlar üçün cəhənnəmə çevirir, sevincləri göz yaşı ilə əvəz olunur.

Bu yaxınlarda Dağıstandakı Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Rakif Əzizovun oğlu Rauf da belə bir olayın qurbanı olub. Rauf Əzizova qarşı irəli sürülən ittihamlar o qədər gülüncdür ki, obyektiv araşdırma aparılsa, həmin suçlamalar ittimah qaldıran tərəfin üzərinə düşər.

Raufu ötən ilin dekabrında şəxsi avtomobilində öz dostu ilə nənəsinin hüzr mərasiminə gedərkən Azərbaycanın şimaldakı əsas buraxılış-keçid məntəqəsi olan Samur sərhəd qapısında həbs ediblər. İttiham aktında avtomobildən tapanca güllələri tapıldığı yazılıb. Ancaq istintaq faktla bağlı heç bir detallı açıqlama vermir. Aydın görünür ki, Rauf Əzizova qarşı qaldırılan iş quramadır və istintaq kiminsə sifarişini yerinə yetirir.

Əslində bu sifarişin kimdən gəlməsini istintaq müəyyən etməlidir. Ancaq istintaqa yardım üçün biz də bildiyimiz bir neçə faktı səsləndirməyi gərəkli sayırıq.

Birincisi, Raufun avtomobili Rusiya sərhədində yoxlamadan keçəndən sonra neytral zonaya buraxılıb. Rusiya sərhəd və gömrük xidmətləri avtomobildə qanunla qadağan olunan heç nə aşkarlamayıb. Quzey Qafqazda terror təhlükəsi yüksək olduğu üçün Rusiyanın Sərhəd və Gömrük xidmətlərinin əməkdaşları sərhədi keçənləri və onların avtomobilini ən çağdaş texnologiyalar və metodlarla ciddi şəkildə yoxlayır ki, sərhəddən silah-sursat, narkotik maddə keçirilməsin. Əgər Azərbaycan tərəfin iddia etdiyi kimi, Rauf Əzizovun avtomobilində odlu silah patronları olsaydı, Rusiya gömrüyü mütləq onları aşkarlayardı.

İkincisi, qaldırılan iş üzrə heç bir tənqidə davamlı fakt yoxdur.
Dəlil kimi təqdim olunan patronlarda nə Raufun, nə də avtomobildə olan dostunun barmaq izləri yoxdur. Bundan başqa, avtomobilə baxış zamanı videoçəkilş aparılmayıb və patronların hansı şəraitdə “tapıldığı” bəlli deyil. Nəzərə alsaq ki, axtarış zamanı videoçəkiliş müasir yoxlama-baxış tədbirlərinin tərkib hissəsidir, onların ümumiyyətlə Raufun avtomobilindən çıxdığı ciddi şübhə doğurar.

Üçüncüsü, Rauf Əzizova qarşı ifadə verən şəxslər birbaşa, ya da dolayısı ilə Samur Buraxılış-Keçid Məntəqəsinə bağlı olan və bu səbəblə tərəf sayılan şəxslərdir. Üş şahiddən ikisi Samur Sərhəd-Keçid Məntəqəsinin günəmuzd işçiləridir. Şahidlərdən Aslan Seyidxanov sərhəd məntəqəsində yükdaşıyandır, ikinci şahid Rəfael Şükürov isə Sərhəd Xidmətinin kiçik leytenantıdır. Məhz Rəfael Şükürov Rauf Əzizova qarşı əsas şahid, daha dəqiqi cinayət işi üzrə əsas ittihamçıdır. Bu yerdə istintaqa bir daha xatırlatmaq istəyirik ki, həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq Konvensiyalara görə, maraqlı şəxslərin cinayət işlərinə şahid kimi cəlb edilməsi yolverilməzdir.

Üçüncü şahid isə Xaçmaz rayon 1 saylı orta məktəbin rus dili müəlliməsi Naibə Əzizovadır. Protokollarda o, Rauf saxlanan zaman tərcüməçilik etmiş şəxs kimi göstərilir.

Rauf Əzizov həbs ediləndən 7 ay keçməsinə baxmayaraq cinayət işində əsas şahid kimi göstərilən Gömrük Xidməti kiçik leytenantı Rəfael Şükürov məhkəməyə gəlməyib. Onun gözlənilməz səhhət problemlərinə görə, məhkəmə bir neçə dəfə təxirə salınıb. Məhkəmə proseslərində iştirak edən digər iki şahidin ifadələrində isə üst-üstə düşməyən xeyli məqam var.

Məsələn, Naibə Əzizova bildirir ki, avtomobilə baxış keçirilən zaman o, prosesin iştirakçısı olub. Digər şahid Aslan Seyidxanov isə hakimin suallarını cavablandırarkən baxış zamanı orada heç bir qadın olmadığını deyib. İyunun 14-də keçirilən son məhkəmə prosesində Seyidxanov nə avtomobilin rəngini, nə patronların sayını xatırlaya bilməyib.

Məhkəmədə Seyidxanov onu da etiraf edib ki, Azərbaycan Gömrük Xidməti əməkdaşları dəfələrlə onu Samur Buraxılış-Keçid Məntəqəsi ilə bağlı cinayət işlərində şahid kimi cəlb edib. Belə çıxır ki, “sırf təsadüfdən” cinayətlər Aslan Seyidxanovun gözləri qarşısında baş verir. Əldə etdiyimiz bilgiyə görə, Seyidxanovla yanaşı Samur sərhəd məntəqəsində daha bir neçə “ştatlı şahid” çalışır. Bütün bunlar yerli və beynəlxaq hüquq normalarına zidd olmaqla yanaşı ciddi insan haqları pozuntusudur.

Rauf Əzizovu müdafiə edən vəkillər bildirir ki, qaldırılan işlə bağlı sübutlar yetərli olmadığından obyektiv məhkəmə baxışı aparılsaydı, iddia tamamilə əsassız sayılaraq rədd edilməli, ittiham günahsız insanlara qarşı saxta iddia qaldıranlara qarşı çevrilməliydi. Vəkillərin fikrincə, istintaq və məhkəmə prosesləri Rauf Əzizova qarşı qaldırılan cinayət işinin sifarişli olmasına heç bir şübhə yaratmır.

Müdafiə tərəf iddia edir ki, bu məsələdə Gömrük Xidmətinin baş müstəntiqi Rüstəm Hədənovun da əl izi var – o, məhkəmə Rauf Əzizov haqqında həbs qəti imkan tədbiri seçməzdən öncə xanımına deyib ki, “həyat yoldaşına yaxşı-yaxşı bax, onu 3-4 il gömrəyəcəksən”.

Rüstəm Həsənovun bu canfəşanlığı, üstəlik Rauf Əzizova qarşı israrla materiallar toplaması məhz onun sifariş edilən cinayət işini əsas icracısı və bu məsələdə maraqlı şəxs olduğu iddiasının ortaya çıxmasına səbəb olub.

Xüsusi olaraq vurğulamaq istəyirik ki, haqqında danışdığımız cinayət işi Azərbaycan məhkəmə, hüquq-mühafizə və gömrük sistemi ilə yanaşı Rusiyadakı Azərbaycan diasporunun nüfuzuna ağır zərbə vura bilər.

Məsələ burasındadır ki, Dağıstandakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov və oğlu Rauf Əzizov Dağıstanda böyük nüfuza sahibdirlər. Rauf Əzizov Azərbaycan Milli Muxtariyyətində 5 ildir ki, sədr müavini postunu tutur, Rakif Əzizov isə 25 ildir diaspor fəaliyyəti ilə məşğuldur. Onların fəaliyyətini həm Dağıstan Muxtar Vilayətinin rəhbərliyi və ictimaiyyəti dəstəkləyir.

Belə bir şəxsə qarşı saxta iddialarla bu cür ağır ittiham irəli sürülməsi yalnız Dağıstandakı deyil, bütün Rusiya Federasiyasındakı Azərbaycan diasporuna ağır zərbədir və düşmənlərimizi sevindirir. Rauf Əzizov Rusiya vətəndaşıdır, onun həbsi Rusiyanın imicinə ziyan vurmaqla Rusiya-Azərbaycan münasiətlərinə də qara ləkədir.

Baş verənlərə baxmayaraq, vəkillər Əzizovlara qarşı qurulan oyunda heç bir siyasi çalar olmadığını bildirirlər. Həm Rakif Əzizov, həm də Rauf Əzizov ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyiblər, indi də prezidenti İlham Əliyevin siyasi kursuna sayğı göstərirlər.

Rakif Əliyevin Dağıstan administrasiyası ilə sıx münasibətləri var. Onun rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə keçirilən tədbirlər muxtar vilayətdə böyük təntənə ilə qeyd olunur və region rəhbərliyi həmin tədbirlərə qatılır. Buna görə də, Rauf Əzizovun Azərbaycan sərhəddində həbs edilməsi Muxtar Vilayət rəhbərliyi üçün də çox gözlənilməz olub.

Rakif Əliyev bizimlə söhbətdə oğlunun həbsindən şok keçirdiyini deyir:”Dekabrın 1-də evdəydim. Mənə zəng edib anamın yıxılaraq ayağını sındırdığını dedilər. Onu xəstəxanaya aparmışdılar, vəziyyəti ağır idi. Dekabrın 9-da anam vəfat etdi. Sumqayıtdan oğluma zəng etmişdilər ki, nənəsinin dəfninə çatmaq üçün dərhal Azərbaycana gəlsin. Həmin gün gecə 12-də Rauf Mahaçqaladan öz maşınında dostu ilə bərabər Azərbaycana yola çıxıb. Ayın 10-na keçən gecə oğlum Rusiya sərhədini problemsiz keçib, Azərbaycan sərhədində isə həbs olunub. Biz səhər saat 10-da onun məclisə çatacağını gözləyirdik, ancaq həbs xəbərini aldıq və mən anamın dəfnində iştirak etmədən Xaçmaza – onun ardınca getdim. Anamın cənazəsini bizsiz Yardımlı rayonuna apararaq dəfn elədilər. Anam vəsiyət etmişdi ki, onu qəbrə mən qoyum. Oğlum həbs edildiyi üçün anamın son vəsiyyətini yerinə yetirə bilmədim”.

Rakif Əliyevin oğlunun həbs sifarişini kimin verməsi ilə bağlı konkret iddiası yoxdur. Rauf Əliyev isə ona qarşı qaldırılan iddianı qəbul etmir. Ailə Azərbaycan məhkəməsindən ədalətli qərar gözləyir.

Diaspor rəhbərinin oğlunun həbsindəki müəmmalar

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …