Başım üstə üçrəngli bayrağım, ayaqlarım dəyən yerdə əcdadlarımın mədfəni-məzarı, övladımın məskəni Torpağım. Deməli mən varam, mövcudam. Bu dünyanın xəritəsində mənim də dövlətim var! 28 May işığında başımı dik tutub başqa xalqların, millətlərin arasında qürurla gəzirəm. 101 il əvvəl bir dəfə yüksəlməklə, 28 il əvvəl bir daha enməmək üçün qaldırılan Bayrağım, sən vermisən bu şərəfi mənə. Üç rəngdən yaranıb, milyonlarla insanı-vətəndaşını Azərbaycan adlanan bir dövlətdə, hətta onun bugünkü sərhədlərinin coğrafiyasından kənarda belə öz kölgəndə birləşdirə bilmisən.
Qoca Şərqə, bütün dünyaya öz varlığını, keçmişini, tarixini sübut edərək demokratik dövlət yaradan oğulların arzusudur Azərbaycan! Kökü tarixin min illik əski çağlarına dayanan, dəfələrlə neçə-neçə dövlət quran bir millətin halal haqqıdır Azərbaycan!
Qızılgül ətirli bir bahar günü doğulub mənim Ölkəm. Bayrağında Mavi Səma, Al Günəşim, Yamyaşıl Çəmənlərim , Ayım-Ulduzum. Torpağının xəritəsi qanad açan Qartalı xatırladan Vətənim. Dağı, düzü, çayı, dənizi.. Tanrı ondan heç nə əsirgəməyib. Elə bu zənginlik insanlarına yansıyıb, sirayət edib, Sevgi dolu ürəyə sahib vətəndaşı onu qanı, canı bahasına qoruyur. Adı çəkiləndə qürurdan, sevincdən gözləri dolan, kövrələn, həssaslaşan insanı var, oğulları, qızları var bu ölkənin. Azərbaycan təkcə göyün altında, yerin üstündə, günəşin istisində, qışın soyuğunda yaşamır, O həm də hər bir əsl vətəndaşının ürəyində yaşayır. Ona görə də xəritəsi boyda deyil mənim Yurdum, onun sərhədlərini aşıb keçib, dünya dolusu nəfəsə çevrilib. Azərbaycan sevgiyə, hərarətə, qürura, şərəfə çevirilib əbədi olaraq özü ilə dünyanı gəzdirən Azərbaycan insanının qəlbində qərar tutub!
Doğum günün mübarək, Azərbaycanım!
Nə yaxşı Sən mənim Vətənimsən!