Bir şair dostumun çox axıcı formada nəzmə çəkdiyi misraları publisist üslubda davam etdirməyə ona görə ehtiyac gördük ki, hədəfi efirlər və bəzi TV rəhbərləri olan bu fikirlər indi tək şairlərin yox, bütün cəmiyyətin qəbul etdiyi rəyə çevrilib.
Müasir dövlətçilik və millilik konsepsiyaları informasiya, təbliğat və ideologiya rıçaqları arasında nisbətən ən kütləvilərdən sayılan radio-tv efirlərinə xüsusi stavkalar etdiyi bir vaxtda Azərbaycanda efir problemlərinin zorən müzakirəsinə qapılmaq xoş mənzərə olmasa da, bunun alternativi də yoxdur. Kütləvi efir yayımçılığı ən müxtəlif məqsəd və hədəflər üçün düşünüldüyü halda, mənəviyyatın, siyasətin, məişətin, mədəniyyətin və kütləvi axının ən mütərəqqi meylləri ətrafında cəmiyyətimizi toparlamaq onun ümdə vəzifəsi olaraq heç kimdə şübhə doğurmur. Lakin bu gün efirlərimizın cəmiyyətə etik-mənəvi və ya ictimai olaraq hansı hakim tendensiyanı verə bildiyi və ya cəmiyyətdəki hansı mütətəqqi təmayülün hakim cərəyana çevrilməsində həlledici rol oynadığı barədə sualı, əfsuslar olsun ki, müsbət cavablandlrmaq mümkün deyil. Ən yaxşı halda tək-tük nümunələrdən danışmaq olar ki, bu da yetərli deyil. Ən pisi odur ki, radio-tv efirlərimiz cəmiyyətin baxışlarını və ideologiyasını formalaşdırmaq yerinə ən iyrənc və bayağı məişət proseslərini milli həyatımızın guya aparıcı meylləri kimi tirajlayan tribunalara çevrilməkdədir. Həm də bu xüsusiyyət elə bir həddə qədər qabarır ki, bu qabarmış çirkabın aurasında milli, mənəvi, dini və dövlətçilik dəyərlərini efir sisteminin mərkəzinə daşımaq istəyənlər isə nə qədər düz yolda olsalar da, ziyanlı və intellektsiz hay-küyçülüyün içində görünməz olurlar, qədir-qiymətləri itir.
Adını çəkmək istəmədiyim, lakin təəssübünü çəkdiyimiz bir ölkənin kino seriallarında həbsxana həyatları, cinayətkarlıqla mübarizə kimi mürəkkəb və çətin işlər o qədər bayağı, uyğunsuz təqdim olunur ki, insan nəyin bahasına olsa da cinayət törədərək həmin həbsxanalarda yatmaq istəyir, ya da cinayətkarlıqla əsl peşəkarların çətin mübarizəsinin bu qədər bəsit və əttökən üslubda təqdimatına dərindən təəssüf etməli olur.
Bunlardan prinsipcə fərqlənməyən və ya üstün olmayan bizim efirlərimizin isə iyrənc məişət dramlarını, ailə faciələrini, əxlaqsızlıq faktlarını Azərbaycanın sosial-mənəvi sferasının guya ən kütləvi təzahürləri kimi təqdim etmələrinin doğurduğu nəticələr barədə düşünmək belə çox çətindir. Sözü sözə qoşub yazmağı və təhlil etməyi bacarmayanların “axı biz bu deyilik ” deyərək içində haray qoparmaqdan başqa əlindən br şey gəlmir, sazlı-sözlü izləyicilər isə başlığa çıxardığımız yanğı ilə “Ay TV rəhbərləri” deyib fəryad qoparırlar. İllərdi davam edən bu vəziyyət o qənaətə gəlməyə əsas verir ki, müstəqillik dövrünün ictimai münasibətləri də, əxlaq və dünyagörüş sistemi də, ümummilli inkişafı da yeni modelə doğru getməli olan bir ölkədə efirlər cəmiyyətimizə “sən ancaq məişət qalmaqallarından, ucuz şoulardan zövq alacaq qədər dayaz düşüncəli toplumsan” kimi ideologiyanı aşılayır. Bütün ölkələrdə ümumən cəmiyyətlərin, şəhər və kəndlərin, hətta alaçıq toplumlarının özünəməxsus məişəti var. Millətin və cəmiyyətin məişət həyatı düzgün təqdim olunanda həmin toplumun güc və qüdrətinin həm artım mənbəyinə çevrilir, həm də millətin saf məişət özünəxaslığını yad və düşmən təsirlərindən qorumaq olur. Nə qədər doğrudur ki, xalqımızı və cəmiyyətimizi saf və tarixi ənənələrə söykənən milli məişətimizin üstündə daha da böyütməyin əvəzinə bir nadanlıq və ya əxlaqsızlıq faktını ümumi məişət kimi təqdim edəsən və belə demək mümkünsə, böyük dəyərləri olan bir toplumu efirlərdə baş-ayaq çevrilmiş məişət bataqlığında boğasan?!
Olan, olmayan məişət faktları üstündə ucuz şoular düzəltməklə efir reytinqi qırmaq sankı yarışa çevrilib. Bəziləri hətta bir az da irəli gedərək, bu üsulla əldə olunan ziyanlı reytinqi qürur mənbəyi kimi göstərir, işinin öhdəsindən guya yüksək səviyyədə gələ bilən rəhbər pozası da verir… Burada bir daha təkrar etməli olursan ki, “Ay TV rəhbərləri”…
İctimailik milli dəyərlərdən, dövlətçilik prinsiplərindən, real plüralizmdən, əsl toqquşan mövqelərin canlı debatlarından uzaq formatlar üzərində yeni şoular, toy-meyxana musiqilərinin tüğyanı ilə qarışıq salınır, monotonluq və bir-birini bəsitcəsinə təkrarlayan üslublar yeni analitika adlandırılır, prinsipcə dəyişməyən məzmunların üzərində mənasız və ya az təsirli forma müxtəliflikləri icad olunaraq bunun əsasında hesabatlar yazılır.
Çoxlarımızın eşitdiyimiz və şahidi olduğumuz “efiri birtəhər doldurmağa məcburuq” ifadəsi, yumşaq desək, kədərli görüntüdür. Necə yəni mövzu və ideya qıtlığı var?!
Çox mürəkkəb bir regionda özünə çoxlarının qibtə və süngü göstərdiyi inkişaf modeli qurmaq uğrunda çabalar göstərən, buna nail olan bir ölkədə mövzü qıtlığı ola bilərmi? Adət-ənənəsindən tutmuş məişətinə, dininə və siyasətinə qədər düşmənlərə hədəf olmuş bir ölkənin efir bilicilərinin mövzu axtarışlarına baş vurması çox gülməlidir. Hətta bəzilərinin axtarışlar nəticəsəndə bayağı şoulara və sadəcə efir dolduran proqramlara gəlib çıxması isə əsl faciədir. İnanmaq olmur ki, bir müsahibəsində, ya çıxışında, ya da görüşündə tariximizə, diplomatiya və siyasətimizə, inkişaf yollarımıza aid azı onlarla yeni ideya və faktlar təqdim edə bilən liderə malik ölkənin efirlərini doldurmaq və ya ziyanlı materiallarla doldurmaq problemi var…
“Qadinlar, qızlar istədiyi əsl kişini neçənci kişidə tapır?” , “fahişəlik qadına rahat həyat gətirirmi” və sair kimi inanılmaz suallar ətraflnda efir müzakirələri açmağın adı nədir? Normal və ciddi ailə həyatı olmayanları, bu cəhətdən cəmiyyətin az-çox tanıdığı insanları mənəvi və ictimai dəyərlərin təbliğatçı ekspertləri kimi cəlb etmək təkcə efir cinayəti yox, topluma düşmənçilikdır.
Efirlərimizdə oyunbazlıq edən komplekssiz şoumen və abırsız dil pəhləvanları ilə həqiqi intellekt və düşüncə adamları arasında balans rüsvayçı səviyyədə pozulub. Həyat, peşə yolu və ortaya qoyduğu real töhfələrlə nümunə ola biləcək elm, sənət, yaradıcı adamlar barədə sağlığında ikən film və süjet çəkilişlərini tək-tək hallarda görmək olar. Ancaq ömründə bir kitab oxumayan, çal-çağır və əyri-üyrü yollarla sərvət və ” mötəbərlik ” zirvəsinə yüksələnlərin evdəki soyuducusunun razmerinə və içinə qədər reklam edildiyi faktlar ” n” qədərdi. Bəzi TV rəhbərlərinin efir siyasət(sizliy)i sayəsində…