“Aylarla çuğulluq elə, sonra ifşa olunanda özün etiraf edirsənmiş kimi davran, adamlar da hələ sənə ürək-dirək versinlər…”
NİDA hərəkatının keçmiş üzvü, siyasi məhbus olmuş Rəşad Həsənov Avropaya mühacirət edib. O, bu barədə feysbukda status yazıb. Amma ictimai sektoru parçalayan olay onun istefasından daha çox istefa səbəbidir. R.Həsənov bu səbəbi sosial şəbəkədəki statusunda açıqlayıb. Musavat.com həmin statusu təqdim edir: “Həbsimin bitməsinə 3 ay qala DTX əməkdaşı cəzaçəkmə müəssisəsinə gələrək məndən iltizam imzalamağı tələb etdi. İltizamın məğzi belə idi ki, azadlıqda olanda xarici dövlətlərin xüsusi xidmət orqan əməkdaşları mənə yaxınlaşsa, bunu onlara bildirməliydim. İmzaladım.
Azadlığa çıxdıqdan sonra hər ay mənimlə görüşüb ictimai şəxslər və beynəlxalq təşkilatlarla keçirdiyim görüşlər, qrantlar haqqında suallar verirdilər. Başlarda, qeyri – səmimi davrandığım təqdirdə özümdən əlavə qardaşım üçün də pis olacağı ilə məni təhdid etdilər. 3 il həbs, xüsusilə 6 saylı CÇM görmüş biri kimi bunun zarafat olmadığını çox gözəl başa düşürdüm və ciddi qorxurdum.
Mən də, əgər soruşulan məlumatlar etibar etmədiyim kimlərsə tərəfindən də bilinirsə (onların demə ehtimalını nəzərə alaraq) deyirdim. Heç kimə zərər verə biləcək nəsə məlumata demək olar ki, sahib deyildim.
Əlimdən gəldiyi qədər ictimai sektordan da uzaqlaşmışdım. Qeyri – rəsmi aktiv olmasam da rəsmi olaraq Nidadan oktyabrın 4-ü çıxdım.
Bunu heç kimə deyə də bilmirdim. Çünki çox riskliydi və belə şeyi deməyə üzüm də gəlmirdi. Düşünürdüm ölkədən bir dəfəlik gedənə kimi dözüm. Bir dəfəlik ABŞ-a getmək istəyirdim amma bunun üçün də maddi imkanım əl vermirdi. Sonunda bir dostumla danışdım və qərar verdim ki, martın sonu gedim.
Yanvarın sonu bir hadisədən sonra artıq dözülməz hal aldı və mən də qaçdım ölkədən. Hazırda Avropadayam”.
Bu statusun yazılmasından sonra gedən müzakirələr isə olduqca qızğın idi. Xüsusən fəal NİDA-çılar çox inandıqları və hörmət bəslədikləri R.Həsənova bu addımını bağışlamadılar. Hadisədən bir neçə saat sonra NİDA hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundov təşkilatdan istefa verdi və feysbuk səhifəsində bəyanat yaydı.
Eks NİDA üzvü Nicat Məmmədbəyli də sosial şəbəkədəki statusunda bu məsələyə münasibətini açıqlayıb. O, bildirib ki, R.Həsənovla yaxın dost olub: “Həbsi müddətində də hüquqlarının müdafiəsindən tutmuş, hər ay cəzaçəkmə müəssisəsinə ziyarətə qədər əlimdən gəlməyəni belə etmişəm. “Cəzasını” çəkdiyi müddətdə də hansı çətinliklərlə üzləşdiyini bilmişəm. Həmin dövrdə digərləri onu bəzi hərəkətlərinə görə qınayanda, çalışmışam anlayışla qarşılayım və ona dost demişəmsə, yanında olum. Çünki 6 saylı cəzaçəkmə müəssisəsinin necə bir yer olduğunu hər dəfə ora Rəşadın yanına gedəndə, orada baş verənləri eşidəndə daha yaxşı anlayırdım.
Hazırkı durumu anlayışla qarşılamaq kimi bir öhdəliyim yoxdur. Hələ də qaranlıq qalan cavabsız suallar var mənim üçün. Səmimi deyil. Səmimi olmaq istəyən insan başqa addım atardı. Mən əfsuslar olsun ki, Qandi deyiləm. Böyük iddia sahibi də. Məsələdə adları keçən insanların təhlükəsizliyinə nəzərə alaraq detallı heç nə yaza bilməyəcəm. Siz də bunu anlayışla qarşılayın.
Ortada çatdırılası taleyüklü bir məsələ də olsaydı heç adamı o qədər düşündürməzdi. Mənə daha da ağır gələn bu əməlini gülərək etməsi və sonda da deqradasiyaya uğramış halını görmək idi. Bu yaşda son illərdə olanları üst-üstə yaşamaq tez idi. “Sən də mi, Brut”, deməkdən keçib artıq.
P.S. Ümid edirəm daha heç kim bu məsələylə bağlı mənə heç nə yazmaz. Heç kimə görə də məsuliyyət daşımıram. Dost, qardaş, qohum, hər kəs öz əməl və hərəkətlərinə görə özü məsuldur”.
Baş vermiş bu etiraf-xəbərə radikal münasibət bildirənlərdən biri də tanınmış jurnalist Xədicə İsmayıldır. O, bu olaydan sonra R.Həsənovun statusunun altında da, öz səhifəsində də bu olayı pisləyən bəyanat yayıb. Onlardan bir neçəsini nəzərə çatdıraq: “Agentlər təkcə xəbər aparmırlar. Həm də yerləşdirildikləri, yaxınlıq etdikləri qruplara təfriqə salırlar. Rəşad Həsənovla yaxın adamlar, məsləhətdir ki, xatırlayasız, onun verdiyi məlumat əsasında hansı qərarlar vermisiz, kimin haqqında pis rəy yürütmüsüz, təşkilatda yerli, yersiz müzakirələr açmısız. Məncə, daşları yığmaq və onlardan ev tikmək vaxtıdır. Getmək heç cür çıxış yolu ola bilməz”.
X.İsmayılın bir başqa statusu da R.Həsənova ittiham tonundadır: “Aylarla çuğulluq elə, sonra ifşa olunanda özün etiraf edirsənmiş kimi davran, adamlar da hələ sənə ürək-dirək versinlər. Ağlınız yerindədi, dostlar?”
Musavat.com xatırladır ki, R.Həsənov artıq sosial şəbəkədəki hesabını dondurub. Onun hansı Avropa ölkəsində olduğu isə bilinmir. Hazırda ictimai sektor fəalları, eləcə də NİDA üzvləri üçün əsas sual R.Həsənovun azadlığa çıxandan sonra kimin həbsinə səbəb olması və hansı məlumatları ötürməsidir.
Mövzunu davam etdirəcəyik.
Musavat.com