Bazar , 19 May 2024
Drone Cameras

Ekstremal vəziyyətdə davranış qaydaları: hər jurnalist bunu bilməlidir

Konflikt jurnalistika məktəbi. Bəlkə də kimsə bu adı ilk dəfə eşidir. Çoxunun belə bir məktəbin olmasından xəbəri hələ də yoxdur. Bizim də olmayacaqdı. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Əlisafa Mehdinin auditoriyada bizi məlumatlandırmasaydı. Əlisəfa müəllimin fakültənin müəllimi olmasından belə xəbərimiz yox idi.

Fakültənin dəhlizində rastlaşanda sərt, əzmkar sima bağışladı. Əvvəl-əvvəl qorxdum. Sonra dərs zamanı otaqlara girdi. Fakültə uşaqlarına belə bir məktəbin olduğunu dedi. Elə danışırdı ki, hər kəs həvəsləndi. Əvvəlcə auditoriya, daha sonra 10 günlük poliqon təlimi. Kim özünə güvənirsə, öyrənmək istəyirsə qoşulsun. Demək olar, çoxunun gözü önünə “survivor həyatı” görünürdü. Qoşulmaq istəyirdilər, adrenalin, macəra üçün. Amma yenə də qorxub geri çəkilənlər yaxud maraqlanmayanlar oldu.


Uşaqlar təlimə qeydiyyatdan keçdilər. Qeydiyyat dediyimizsə şəxsiyyət vəsiqəni və tələbə biletinin şəklini çəkib Əlisəfa müəllimə göndərməkdən ibarət idi. O, özü qeydiyyat prosesini aparacaqdı.


Təlim alanları tanıyaq


Artıq auditoriya təlimləri başlayır. İlk gündən müəllim uşaqlarla qaynayıb- qarışmağımızı istəyirdi. Dəfələrlə də deyirdi. Hər tənəffüsdə bir-bir yaxınlaşıb sən bildin bu kimdi, o kimdi?. Bəlkə də heç birimiz bunu dərk etmirdik. Nə bilərdik ki, bir gün ayrılanda bir-birimiz üçün çox darıxacağıq. Yeri gəlmişkən, bura qoşulanlar yalnız tələbə deyil, həm də müxtəlif redaksiyalarda çalışan jurnalistlər idi. Düşünə bilirsiniz, hər şənbə məhz təlim üçün Şəkidən gələn təlim yoldaşımız Vüqar Cəfərovda var. Bakı Dövlət Universiteti, Dillər Universiteti, Agentlik, sayt, TV işçiləri belə təlim alır. Ən balaca təlim alanın 17 yaşı var. Ən böyüyümüz isə İsmayıl Rafiqoğludur. O, Report İnformasiya Agentliyinin əməkdaşıdır. Özünün də məktəbi var. Report Media Məktəbi. Bu məktəbin məzunlarından da elə 4 nəfər iştirak edir. Biri də mən. Burada müharibə dövründə də cəbhə bölgəsində çalışan müxbirlərimiz də var. Biri İbrahim Kamiloğludur. Əslində özü Türkiyədə belə bir təlimə qoşulub. Lakin Konflikt Jurnalistika Məktəbinin jurnalist fəaliyyəti üçün daha önəmli olduğunu vurğulayıb. Təbii ki, təlimalanlar bunlarla kifayətlənmir. Təxminən əllidən artıq şəxs təlimə başlamışdı. Lakin elə ilk günlərdən KJM-i neçəsi tərk etdi. Bir test var idi, gözübağlı hərəkət etməliydik. O zaman Əlisəfa müəllim birinə “sən düzgün getmirsən” demişdi. Həmin qız da qrupu tərk etmişdi. Beləcə 50 nəfərdən çox olan qrupda poliqon üçün cəmi 27-i iştirak etdi. Lakin onların da hamısı çöl-meşə təliminə qoşula bilmədi.


Əsgər həyatı


Vaxt gəldi. 10 günlük evimizi, yaşayış tərzimizi dəyişdik. Artıq evimiz hərbi hissədə bizim üçün ayrılmış yataqxana idi. Saat 5-də “Qalx komandası” və saat 10-da “yat komandası”. Əsgərlərlə birlikdə yeyirdik, içirdik. Səhər 5-də durub idman et, əsgər yeməyindən ye, sonra dərslərə qoşul. İlk günlər çətin idi. Hər səhər idmana görə əzələlərimiz belə ağrıyırdı. Öyrəşməmişdik axı. Evdə onu yemirəm, bunu yemirəm deyən şəxslər idik ki, önümüzə nə qoysalar yeyirdik. İlk başlarda dadsız görünən yeməklər, daha dadlı olmağa başlamışdı. Düzdür yenə də yeməyənlər var idi. Ya hərbi hissənin mağazasından qidalanır, ya da başlarını şirniyyatla qatırdılar. Artıq biz əsgər yoldaşıydıq. Bir- birimizə elə səslənirdik. Dərs prosesində yorulub artıq evimizə gedək deyəndə öz evimizi nəzərdə tutduğumuzu zənn edirdilər. Amma biz qaldığımız o isti yatağı nəzərdə tuturduq. Beləcə 5 günümüz burada keçdi. Hələ də təlimin ciddiliyini qəbul edə bilmirdik. Çünki daha çətin günlərimiz qarşıda idi. Lakin bizi yenə seçməli oldular. 27 nəfərdən 22-i çöl-meşə təliminə yollandı.


Həyatda qalmaq savaşımız

Bizi çoxlu sınaq gözləyirdi. Bəzən tab gətirməyəcəyik deyə düşünürdüm. Amma çətin də olsa, bacardıq. Müxtəlif pusquya saldılar bizi. Amma hər birinin öhdəsindən gəldik. Yaşananlar reallığı əks etdirirdi. Amma yenə də qorxmurduq. Üzümüzdə gülüş vardı. Hətta “mozaxist” deyirdilər bizə. Pusquya düşdük, əsir götürüldük, dağa çıxdıq, yeri gəldi ac qaldıq, amma hər bir testdən üzüağ çıxa bildik. Biz bu təlimlərdə bir olmağı öyrəndik.

İlk başlarda mən edərəm deyən şəxslər idik ki, sonda bu mən kəlməsi biz kəlməsinə dönüşdü. Neçə dəfə dağa çıxıb düşdük və təbii ki, çıxa bilməyənlər də vardı. Bir-birimizə dəstək olaraq, əlindən tutaraq çıxdıq. Ac qaldıq demişdim. Bəli, səhər yeməyimizi verildi. Lakin günorta və axşam ac qalacaqdıq. Həyatda qalmaq üçün nələr etməliydik onu öyrəndik. Biz qruplara bölünüb, sığınacaqlar düzəltdik. Daha sonra ocaq qaladıq. Bu elə ocaq idi ki, tüstüsünü axan çayda gizlətməli idik. Sonda isə yemək tapmalı idik.

Kimisi, ağacdan dərdikləri ilə yetindi, kimisi qurbağa tutub bişirib yedi, kimisi isə yad həyətdən kartof “oğurladı”. Bəli, belə macəra dolu həyatımız. Bu bizim həyatda qalmaq savaşımız idi. Bəzən hər kəs dildə deyir yastığa başını rahat qoya bilirsənsə bu hərbiçilərimizin sayəsindədir. Bu sözü əvvəl o qədər də dərk etmirdim. Amma yaşadıqca onların bizim üçün nələr etdiyini görüncə çox yaxşı anladım.


Təlim o qədər şey qazandırdı ki, düşüncələrimiz fikirlərimiz dəyişdi. Hətta ən neqativ gördüyüm insan belə bu 10 gündə elə dəyişdi ki, onun üzündəki o pozitivlik, mənə görə nəyə desən dəyərdi. İlk gündən Əlisəfa müəllimin “qaynayıb qarışın” sözünü indi daha yaxşı anlayırıq. Son gecə ocağın başından ayrılmaq istəmirdik. Artıq sonuncu gecəmizdi. Səhər açılsa yenidən öz həyatımıza geri dönəcəkdik.


Bizim üçün bunları planlayan Əlisəfa müəllimə, təlimçilərimiz Vüqar İbadov, Teymur Zahidoğlu, Kardinal Rasim bəy və hərbçilərimizə sonsuz təşəkkür etmək istərdim. Hər bir jurnalist ekstremal vəziyyətdə davranış qaydalarını bilməlidir deyə düşünürəm.


Buradan əliboş qayıtmadıq. Çoxlu dost qazandım. Yox dost deməyim, çünki ailə qazandım. KJM ailəsi. Yadlar gəlib doğma oldu.


Bəyim İsmayıl

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …